Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

FRANKO MODİLYANİ

  • Oxunub 470 dəfə

 (1918, Roma, İtaliya - 2003, Kembric, ABŞ)

 Əsərləri: “Milli gəlir və beynəlxalq ticarət” (1953), “Kapitalın dəyəri, korporativ maliyyə və investisiya nəzəriyyəsi” (1958), “Beynəlxalq ödəniş sisteminin islahatı” (1971), “Franko Modilyaninin toplanmış əsərləri” (1980), “Kapital bazarı: institutlar və alətləri” (1996), “Maliyyə bazarları və institutların əsasları” (1998), “İqtisadçının sərgüzəştləri” (2001), “Pensiya islahatının yenidən qiymətləndirilməsi” (2004)

 Franko Modilyani XX əsrin məşhur amerikalı iqtisadçılarından biri kimi tanınır. Modilyani iqtisadiyyata iki yeni töhfəsi ilə məşhurlaşmışdır. O, iqtisadiyyatın ümumi qənaət həcmini açıqlamaqla bağlı “həyat dövrləri” hipotezini irəli sürmüşdür. Hipotezə görə, iqtisadiyyatda fərdlər həyatları boyunca sabit səviyyəli istehlak və layiqli həyat səviyyəsini qorumaq məqsədi güdürlər. Bu baxımdan qənaət arzu edilən stabil istehlak səviyyəsi ilə dəyişən gəlir səviyyəsi arasındakı fərqi əks etdirir. Bu gəlirlər isə insanın iş həyatı boyunca sistematik olaraq minimumdan maksimuma qədər artır, sonra təqaüdə çıxdıqda isə çox aşağı düşür. İnsanlar öz varislərinə ötürməkdən çox, özlərinin yaşlı vaxtları üçün yığım edirlər. Gəlirlərdəki dəyişikliyə baxmayaraq insanın istehlak səviyyəsini sabit saxlamaq istəyi ilə bağlı Modilyani belə bir fikir demişdir: “gənclər yığır, yaşlılar israf edir”. Bu iddia daha uyğun və effektiv milli pensiya proqramlarının inkişafına yardım etmişdir.

İqtisadçı qeyd edirdi ki, qənaət dərəcələri demoqrafik proseslər, əhalinin artımı ilə sıx bağlıdır. Qənaətlərin səviyyəsi həmçinin ümumi rifah səviyyəsindən də asılıdır. Yüksək iqtisadi artım tempi işləyənlərin gəlirlərini artırmaqla qənaət nisbətini artırır. Çünki bu gəlirlər hesabına qənaətlər reallaşdırılır.

O, ABŞ iqtisadçısı Merton Millerlə birlikdə korporativ maliyyə haqqında Modilyani-Miller hipotezini meydana gətirmişdir. Bu teoremə görə, müəyyən xüsusi və realistik bir sıra ehtimallarda firmanın dəyəri öz kapitalından (səhmlərin satışı) və ya borcundan (əlavə pul cəlb edilməsi) asılı deyildir. Yəni, özəl firmalar üçün borcun kapitala nisbəti əhəmiyyətsizdir. Çünki rasional investor şirkətin borcunun ölçüsü və strukturunu deyil, yalnız gələcək gəlirliliyi nəzərə alır. Əvvəlcə teorem bir çoxları tərəfindən qəbul edilməsə də, hazırda maliyyə qurumlarının müasir nəzəriyyəsinin təməl daşlarından biri kimi xidmət edir.

Modilyani və Miller qeyd edirdilər ki, mümkün riskləri və müxtəlif səviyyəli şirkətlərdən gözlənilən gəlirləri tarazlaşdırmaq üçün fərdi investor həmişə portfelində bərabər miqdarda müxtəlif qiymətli kağızlar saxlamalıdır. Onların qiymətli kağızlardan gələcək mənfəətin hesablanması ilə bağlı yaratdığı metodologiya indi norma halına gəlmişdir. İqtisadçıların bu nəzəriyyəsi kapitalın ümumi dəyəri sahəsində yeni fikirlər ortaya qoymuş oldu. Modilyani 1990-cı illərdə Dünya Bankı və 2000-ci illərin əvvəllərində Prezident Buş tərəfindən təklif edilən sosial təminat islahatını tənqid etmiş və bütün dünyada sosial təhlükəsizlik sisteminin islahatı kimi daha yaxşı bir alternativ irəli sürmüşdür.

Modilyani 1990-cı illərdə yeni kredit kartının yaradılması ilə bağlı işə başlamaq üçün Frensis Vitalyano ilə səylərini birləşdirmişdir. O, həmçinin ixtiraçılara qətiliklə zərər verən patent qanunvericiliyindəki dəyişikliklərə müqavimət göstərməyə kömək etmişdi.

P.S. Yəhudi-italyan əsilli, ABŞ vətəndaşı Franko Modilyaninin atası pediatr, anası isə könüllü olaraq sosial yardımla məşğul olmuşdur. Roma Universitetinin tibb fakültəsində təhsil alan Frankonun ailəsi onun atasının yolu ilə gedəcəyinə ümid etsə də, qan və əzaba dözə bilməməsi səbəbindən və eləcə də həmin dövrdə İtaliyada hüquq diplomunun professional karyera üçün geniş imkanlar açdığını nəzərə alaraq hüquq təhsili almağa başlamışdır.

Tələbəlik vaxtı qiymət nəzarətinin effektivliyi haqqında universitet tələbələrinin ümummilli müsabiqəsində iştirak edən Modilyani birincilik mükafatını qazanmış və ona bu mükafatı Benito Mussolini təqdim etmişdir. Sonradan ilk iqtisadi fəaliyyətini tənqidi şəkildə qiymətləndirməsinə baxmayaraq müsabiqədəki qalibiyyəti onda iqtisadiyyata daimi maraq oyatmışdır.

Yəhudi mənşəli olduğuna və antifaşist fikirlərinə görə 1939-cu ildə İtaliyanı tərk etmiş və həmin vaxt sevgilisi, sonradan isə həyat yoldaşı olan Serena adlı xanımın ailəsi ilə birlikdə Fransada məskunlaşmışdır. II dünya müharibəsinin əvvəlində ABŞ-a köçmüş, 1946-cı ildə ABŞ vətəndaşlığını almışdır. Nyu-Yorkda aspiranturada oxuyarkən gecələr iqtisadiyyat üzrə təhsilini təkmilləşdirmiş, gündüzlər isə dolanmaq üçün kitab satışı ilə məşğul olmuşdur.

Maliyyə bazarları və qənaətlərlə bağlı insanların davranışlarının analizinə görə 1985-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.

1962-ci ildə Ekonometrika Cəmiyyətinin, 1976-cı ildə Amerika İqtisadi Assosiasiyasının prezidenti olmuşdur. İqtisadçı “rasional gözləmələr” məktəbinin banisi hesab olunur.

Modilyani ömrünün son aylarına qədər dərs demişdir. O, istirahət vaxtları tennis oynamağı, xizək sürməyi, üzgüçülüklə məşğul olmağı sevirdi.

Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva