VİKTOR RİKETİ DE MİRABO
- Oxunub 525 dəfə
(1715, Pertyui, Fransa – 1789, Arjantey, Fransa)
Əsərləri: “Siyasi vəsiyyət” (1747),“İnsanın dostu və ya əhali haqqında traktat” (1756),“Vergi nəzəriyyəsi” (1760), “Kənd təsərrüfatının ümumi və xüsusi iqtisadiyyatı” (1764), “Taxıl ticarətinə dair məktublar” (1768), “İqtisadiyyat” (1769), “İqtisadi məktublar” (1770), “Qanunvericilik məktubları” (1775)
Fransız iqtisadçısı Viktor Riketi de Mirabo fiziokratlar məktəbinin görkəmli nümayəndələrindən biri olmuşdur.
Mirabo, dövlətin rifahının yeganə mənbəyi kimi əkinçiliyə böyük əhəmiyyət verir və əkinçiliyin ticarətdən üstün olduğunu vurğulayırdı. O, dini tolerantlıq, sərbəst ticarət tələb edirdi. İqtisadiyyatın sektorları arasında gəlir tarazlığı kimi “təbii vəziyyət” olduğunu müdafiə edirdi. Təbiət qanunlarının işləməsini asanlaşdırmaq xaricində dövlət müdaxiləsinə ehtiyac olmadığını qeyd edirdi. Təbii qanunları isə Tanrı tərəfindən verilən qanunlar kimi qəbul edirdi.
Mirabo ticarətin özünə qarşı deyildi. Onun fikrincə, ticarət fəaliyyəti, təbii olaraq hamı üçün firavanlığı təmin edəcək əxlaqi cəmiyyət qurmaq məqsədilə xristianlıq fəziləti çərçivəsində inkişaf etdirilməlidir.
İqtisadçı torpaq mülkiyyətinə “vahid vergi” tətbiq edilməsinin tərəfdarı idi. O, vergi fermerlərinə - dolayı vergilər alma hüququ alan maliyyəçilərə qarşı çıxır və onların torpaq və şəxsi gəlirlərə birbaşa vergilər sistemi ilə əvəz edilməsini təklif edirdi. Bu sistemə görə, iqtisadiyyat boyu alınan bütün vergilər xalis məhsulun üzərinə düşənə qədər sadəcə sektordan sektora keçirdi. Ancaq torpaq tək sərvət mənbəyi olduğundan, bütün vergilərin yükü nəticədə torpaq sahibinin üzərinə düşür. Beləliklə, Mirabo, idarə edilməsi çətin olan və müvəqqəti təhriflərə səbəb ola bilən dağınıq vergilərin kompleks toplanılması əvəzinə, bu prosesin kökünə getmək və birbaşa torpaq üçün icarə vergisinin verilməsinin səmərəli olduğunu təklif edirdi.
Mirabo millətin əsl sərvətinin onun əhalisi olduğuna inanır, bu səbəbdən də xalis məhsulun nə qədər çox olarsa, əhalinin də daha xoşbəxt olduğunu söyləyirdi.
Mirabo kənd təsərrüfatını əsas sektor kimi qəbul etməsinə baxmayaraq, fransız sərvətlərinin böyük bir siyasi təlatüm olmadan bərpa edilə biləcəyinə inandığı üçün monarxiyanın islahatını müdafiə edirdi. O, Fransanın çiçəklənməsi naminə fransız zadəganlarının orta əsrlərdəki köhnə mövqelərinə qayıtmasını tələb edirdi.
P.S. Markiz, fransız fiziokrat iqtisadçı və filosof Viktor de Mirabo qədim Provans ailəsində dünyaya göz açmışdır. Uşaqlıqda atası tərəfindən çox sərt tərbiyə almışdır ki, bu da onun əzmkar, inadkar, qürurlu xarakterinin formalaşmasına kömək etmişdir. 14 yaşında hərbi xidmətə təyin edilmiş, lakin heç vaxt kapitan rütbəsindən yuxarı qalxa bilməmişdir. Atasının ölümündən sonra o, demək olar ki, bütün varidatı miras almış və bir neçə xoş ilini dostlarının əhatəsində şeir və nəsr, komediya və faciə yazmaqla keçirmişdir.
İlk əsərlərində merkantilizm ilə bağlı fikirlərini bölüşsə də, sonradan fiziokratlara qatılmışdır. Fransua Kenenin yaxın çevrəsinin ilk üzvlərindən biri olan Mirabo, “vahid vergi” doktrinasının əsas memarı kimi, fiziokratların faktiki olaraq aparıcı siyasi və iqtisadi strateqi idi. O, məqsədlərinin insanlığı “əsas təbiət və instinkt anlayışlarına” qaytarmaq olduğunu bildirir və mövqelərini və niyyətlərini filosof Jan Jak Russoya göndərdiyi məktubda izah etmişdi. Mirabo Riçard Kantilyon ilə də yaxından tanış idi.
Məşhur Fransa inqilabının liderlərindən olan Onore de Mirabonun və hərbçi Andre de Mirabonun atası olmuşdur. Mirabonun qismən uğursuz evliliyi, qismən də cilovsuz xarakteri sayəsində həm yazıçı, eyni zamanda bir şəxs kimi nüfuzu aşağı düşür. O, mülklərinə görə evlənməyə qərar verdiyi dul qadınla xoşbəxt evlilik həyatı yaşamamışdır, onların hər ikisi xaraktercə çılğın idilər və bir-birinə uyğunlaşa bilmirdilər. Uzun müddət ailəsindəki çəkişmələri gizlətməyə çalışsa da, həyat yoldaşı tərəfindən qalmaqallar hər şeyi aşkara çıxarmış oldu. Uşaqlar atanın, sonra ananın tərəfini tutaraq bu mübarizədə iştirak etmişdilər. Boşandıqdan sonra həyat yoldaşı tərəfindən irəli sürülən çoxsaylı iddialar və məhkəmə prosesləri markizin sağlamlığına mənfi təsir göstərmişdir.
İqtisadçı vergi yığanlara qarşı tənqidi fikirlərinə görə bir həftə həbsxanada yatmalı olmuşdur.
Miraboya “Bəşəriyyətin dostu” və “Böyük Mirabo” ləqəbləri verilmişdi.
Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva