Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

HENRİ CORC

  • Oxunub 465 dəfə

 (1839, Filadelfiya, ABŞ – 1897, Nyu-York, ABŞ)

  Əsərləri: “Bizim torpaq və torpaq siyasəti”(1871),“Tərəqqi və yoxsulluq” (1879), “Sosial problemlər” (1883), “Qoruma və ya azad ticarət” (1886), “Əmək şəraiti” (1891), “Çaşqın filosof” (1892), “Vahid vergiyə ən qısa yol” (1893), “Siyasi iqtisad elmi” (1897)

Henri Corc XIX əsrdə ABŞ-ın tanınmış siyasi iqtisadçılarından biri olmuşdur.

İqtisadi tənəzzül və yoxsulluğun səbəblərini araşdıran Corc cəmiyyət varlandıqca iqtisadi əzabların da artdığını görmüşdür. O, aşağı məvaciblər və işsizliyin torpaq mülkiyyətinə əlçatanlığın olmamasından qaynaqlandığına inanırdı.

Corc “vahid vergi” ideyasının tərəfdarı kimi tanınır. Onun fikrincə, hökumət bütün layihələrini yalnız bir vergidən əldə olunan gəlirlə maliyyələşdirməlidir. Torpağın dəyəri iki komponentdən ibarətdir: təbii dəyəri və onu yaxşılaşdırmaqla yaranan dəyər. Bu vahid vergi də məhz torpağın yaxşılaşdırılmamış dəyərinə – torpağın təbii (heç bir tikili olmayan, abadlaşdırılmamış və s.) vəziyyətindəki dəyərinə tətbiq olunacaqdı. İqtisadçının fikrincə, vergilərin çoxu məhsuldar davranış, o cümlədən ticarət, məşğulluq və kapital formalaşdırılması üçün əngəl törədir. Məsələn, gəlir vergisi insanların gəlir qazanma təşviqini, buğda vergisi buğda istehsalını azaldır və s. Lakin torpağın yaxşılaşdırılmamış dəyərindən vergi fərqli bir məsələdir. Buna görə də, bütün vergilər vahid torpaq vergisi ilə əvəz edilməlidir. Əslində, Corc, torpaqların yaxşılaşdırılmasından əldə olunan gəlirləri vergidən çıxmaq şərtilə, yalnız torpağın keyfiyyəti ilə əlaqəli renta vergisini təklif edirdi. O, torpaqdan vahid verginin daha məhsuldar, daha ədalətli bir cəmiyyət yaradacağını iddia edirdi.

Corc  həm də azad ticarətin qatı müdafiəçisi və proteksionizmin əleyhdarı idi. O, həm proteksionist ticarət siyasətinin əsas metodu, həm də federal gəlir mənbəyi olan tariflərə qarşı çıxırdı. Tariflərin istehlakçılar üçün qiymətləri yüksək saxladığını, eyni zamanda ümumi əmək haqqlarında hər hansı bir artım yaratmadığını iddia edirdi. Həmçinin tariflərin inhisarçı şirkətləri rəqabətdən qoruduğuna və bununla da onların güclərini artırdığına inanırdı.

Henri Corcun siyasət və iqtisadiyyata dair fikirləri öz dövründə çox böyük təsirə malik idi.

P.S. Amerikalı iqtisadçı, publisist, yazıçı, siyasətçi Henri Corc yoxsul ailədə dünyaya gəlmiş və on uşaqdan ikincisi olmuşdur. Dindar olan atası naşir kimi fəaliyyət göstərmiş və övladlarına sərt tərbiyə vermişdir. Böyük ailəni dolandırmaq üçün hələ 14 yaşına çatmamış Henri orta məktəbi tərk edib iş tapmaq qərarına gəlir. Bir müddət çini qab və şüşə idxal edən müəssisədə çalışır. 15 yaşında olarkən gəmi ilə Hindistana səfər edir. Rəsmi təhsilini yarımçıq buraxması onun bilik axtarışını dayandırmamışdı, İncil və digər dini kitabları, tarix, səyahət, macəra, bədii janrda əsərlər və şeirlər oxumağı sevirdi. Oxumaqla yanaşı, idmanın konki sürmə və üzgüçük növləri ilə də məşğul olurdu.  Çapçı kimi çalışdıqdan sonra jurnalist kimi fəaliyyət göstərmişdir. 21 yaşında olarkən tanış olduğu 17 yaşlı yetim qız - Enni Kozima Foksa aşiq olmuş, bir il sonra qızın ailə üzvlərinin narazılığına baxmayaraq, ailə qurmuşlar. Onların bu xoşbəxt evlilikdən dörd övladı olmuşdur.

Henri Corcizm adlanan iqtisadi və fəlsəfi təlimin banisidir. Bu təlimə görə, hər kəs yaratdığı dəyərə sahibdir, lakin torpaqdan əldə olunan iqtisadi dəyər (təbii sərvətlər daxil olmaqla) cəmiyyətin bütün üzvlərinə eyni dərəcədə məxsus olmalıdır.

 Demək olar ki, bütün Avropa dillərinə tərcümə edilmiş və müəllifə dünya şöhrəti qazandırmış “Tərəqqi və yoxsulluq” adlı ən məşhur əsərinin dünyada 3 milyondan artıq nüsxəsi satılmışdır ki, bu da o zamana qədərki digər Amerika kitablarından daha çox idi.

Corc ABŞ-da gizli səsvermənin qəbul edilməsinin ilk və ən məşhur müdafiəçilərindən biri idi. O, qızıl və ya gümüş kimi metal pulların istifadəsinə qarşı çıxırdı. Qadınların siyasi hüquqlarının aktiv müdafiəçisi olan Henri qadınlara seçki hüququ verilməsini müdafiə edirdi. Həmçinin pulsuz ictimai nəqliyyat və kitabxanaların yaradılması və istifadəyə verilməsini də təklif etmişdir.

1880-1881-ci illərdə Böyük Britaniya, İrlandiya, Avstraliyaya səyahət  edərək vahid torpaq vergisi ideyasını təşviq etmiş və bu hərəkat ABŞ-da və dünyada tez bir zamanda populyarlıq qazanmışdır.

Uzun illər ərzində əsərlərinin və çıxışlarının populyarlığı onun Nyu-York meri vəzifəsinə namizədliyini irəli sürməsinə şərait yaratmışdır. Lakin seçki yarışı zamanı seçkilərə dörd gün qalmış vəfat etmişdir. Onun dəfnində minlərlə insan iştirak etmişdir. Bu, Nyu-York tarixindəki ən böyük cənazə mərasimlərindən biri hesab olunur.

Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva