ALBERT AFTALİON
- Oxunub 423 dəfə
(1874, Ruse, Bolqarıstan - 1956, Cenevrə, İsveçrə)
Əsərləri: “Dövri böhranlar nəzəriyyəsinin sınağı” (1909), “İfrat istehsalın dövrü böhranları” (1913), “Müharibə dövründə Fransada toxuculuq sənayesi” (1924), “Son pul təcrübələri və gəlir nəzəriyyəsi” (1925), “Çağdaş iqtisadiyyatda pulun dəyəri” (1927), “Kapitalist istehsal texnikasına əsaslanan iqtisadi dövrlər nəzəriyyəsi” (1927), “Qızıl və onun dünya miqyasında paylanması” (1932), “Beynəlxalq iqtisadi münasibətlərdə tarazlıq” (1937)
Albert Aftalion XX əsrin ilk yarısında ən nüfuzlu fransız iqtisadçılarından biri olmuşdur.
Aftalion, daha çox mahiyyətcə dövrlər nəzəriyyəsi olan böhran nəzəriyyəsi ilə məşhurdur. Onun fikrincə, istehsal prosesi zaman aldığı üçün dövrlər meydana gəlir. Əsas məhsul istehsalı istehlak mallarına olan tələbdəki dəyişikliklərə yalnız müəyyən bir gecikmədən sonra cavab verir. İqtisadiyyatda yüksəliş və enmə mərhələləri bir-birini əvəzləyir.
Alim çoxlu sayda faktiki materialdan istifadə edərək əsas kapital elementlərinin istehsalının dövri dinamikasının istehlak mallarının istehsalına son asılılığını göstərmişdir. Bunun üçün iqtisadçı iqtisadi dövrün müxtəlif mərhələlərində qiymətlər, nominal və real əmək haqqı, məcmu əmək haqqı, faiz və mənfəət, işsizlik, tətil mübarizəsi, istehsal səmərəliliyinin artırılması və s. tendensiyaları izləmişdir. O, böhranların əsas səbəbini kapitalist sisteminin ziddiyyətlərində deyil, insanın psixoloji təbiətində və maşın texnologiyasının istifadəsində görürdü.
İqtisadçı akselerator effektinin müəllifi kimi tanınır. Onun 1909-cu ildə ilk dəfə irəli sürdüyü makroiqtisadi akselerator prinsipinə görə, istehlak mallarına olan tələbdəki dəyişikliklər investisiya mallarına olan tələbdəki dəyişikliklərin sürətlənməsinə səbəb olur.
Albert sosializmin əleyhinə çıxırdı. Sosializmə dair nəzəri tənqidində o, sərvətin bərabər paylanmasının işə olan təşviqi zəiflədəcəyini və xüsusi mülkiyyətin boğulmasının yığımın tükənməsinə və kapital formalaşmasının məhv olmasına səbəb olacağını iddia edirdi.
P.S. Bolqar əsilli fransız iqtisadçı Albert Aftalion yəhudi ailəsində dünyaya gəlmişdir. Ailəsi 1876-cı ildə Fransanın Nansi şəhərinə köçmüşdür. Albert Paris Universitetində hüquq doktoru, daha sonra iqtisadiyyat doktoru dərəcəsi almışdır. Universitetin siyasi iqtisad kafedrasının professoru olan iqtisadçı 1940-1944-cü illərdə yəhudi statusuna görə buradakı işindən uzaqlaşdırılmışdır.
1950-ci ildə “İqtisadi icmal” akademik jurnalının həmtəsisçilərindən olmuş və onun direktorlar şurasına rəhbərlik etmişdir. Aftalion 1950-1951-ci illərdə Fransa İqtisadi Elmlər Birliyinin ilk prezidenti olmuşdur.
Aftalion həm də statistik idi və ədədi məlumatları praktik olaraq orijinal şəkildə şərh etməyi çox sevirdi. Korrelyasiya əmsallarını, standart sapmaları hesablayır, çağdaş hadisələri təsvir etmək üçün həm nəzəriyyədən, həm də statistikadan istifadə edilməsinə üstünlük verirdi. O, pulun kəmiyyət nəzəriyyəsini tənqid edirdi.
Bütün ömrünü işə, elmi fəaliyyətə həsr edən alim I və II dünya müharibəsi arasındakı dövrdə karyeralarına başlayan fransız iqtisadçı nəslində dərin iz buraxmışdır.
Digər tərəfdən isə belə hesab olunur ki, Aftalion, iqtisad elminə verdiyi töhfələrə görə layiqincə tanınmamışdır. Bu isə iki səbəblə əsaslandırılır. Birincisi, onun müasir analitik vasitələrdən istifadə etməsi, o dövrdə, xüsusən də 1914-cü ildən əvvəl Fransada üstünlük verilən tarixçi yanaşmaya uyğun gəlmirdi. İkincisi, əsərlərinin yalnız fransız dilində olması onun fikirlərinin doğma ölkəsindən kənarda geniş yayılmaması ilə nəticələnmişdir.
Aftalion “Keynsdən əvvəl 100 böyük iqtisadçı”dan biri hesab olunur.
Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva