Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Samuel Montifor Lonqfild

  • Oxunub 382 dəfə

 (1802, Kork, İrlandiya - 1884, Dublin, İrlandiya)

 Əsərləri: “Siyasi iqtisadiyyat üzrə mühazirələr” (1834), “Ticarət haqqında üç mühazirə və absenteizm haqqında bir mühazirə” (1835), “Sıralar haqqında elementar traktat” (1872), “Əhaliyə kömək etmək üçün vergi tətbiqindədövlətin sərvət bölgüsünə müdaxiləsinin hədləri”(1872)

Samuel Montifor Lonqfild XIX əsr irlandiyalı iqtisadçılardan biri olmuşdur. O, Avstriya məktəbinin, eyni zamanda marjinalizmin nümayəndəsi hesab edilir.

Lonqfild dəyər nəzəriyyəsinin inkişafına öz töhfəsini vermişdir. O, dəyərin əmək nəzəriyyəsinə qarşı çıxırdı, əmək və kapitalın son gəlir məhsuldarlığı nəzəriyyəsini inkişaf etdirmişdir. Lonqfild son məhsuldarlığın azalması prinsipinin ümumiyyətlə istehsal amillərinə tətbiq olunmasını qəbul edən ilk iqtisadçılardan olmuşdur.

Dəyərin determinantlarını təyin edərkən, o, istehsal xərcini bir determinant, tələbin son faydalılığının azalmasını isə digər determinant kimi qeyd etmişdir. Bununla da, o, tələbi və təklifi dəyərin birgə müəyyənediciləri kimi irəli sürmüşdür.

Lonqfild qeyd edirdi ki, tələbin intensivliyi insanlara görə dəyişir. Qiymətin mövcud səviyyədən yuxarı qaldırılmasına cəhd göstərildikdə, bu, onların bazar qiymətləri ilə alışlarına təsir edəcəkdir. Yəni, tələb intensivliyi əvvəlki qiymətlə ölçülən alıcılar artıq alıcı olmayacaqlar. Beləliklə, o, qiymətdən, ən aşağı intensivliyi olan, lakin bununla belə yenə də real alış-verişə gətirib çıxaran tələb kimi bəhs edirdi. Mənfəət dərəcəsinə isə faktiki olaraq ən az səmərəliliklə istifadə olunan kapitalın mənfəəti kimi baxırdı.

Samuel paylanma nəzəriyyəsini də işləmişdir. O, yalnız son xərc prinsipinə deyil, son məhsuldarlıq prinsipinə əsaslanan tam və əsaslı şəkildə paylanma nəzəriyyəsini təqdim etmişdir. Gəlir bölgüsü, azalan son faydalılıq kimi, Lonqfild üçün məhsuldarlıq problemi idi.

İqtisadi tərəqqi ilə bağlı fikirlərində nikbin olan iqtisadçı kənd təsərrüfatındakı texnoloji inkişafın və innovasiyaların əhali artımının təsirlərini daha çox kompensasiya edə biləcəyinə inanırdı. O hesab edirdi ki, texnologiyanın, maşınların istifadəsi işçinin yerinə yetirdiyi əməliyyatları asanlaşdırır. Beləliklə, maşınların istifadəsi üçün ödənilən məbləğ olan mənfəət, maşınların məhsuldar fəaliyyəti asanlaşdırdığı səmərəliliklə, yəni kapitalın səmərəliliyi ilə tənzimlənməlidir.

Samuel İrlandiyanın sənayeləşməsinin tərəfdarı idi. O, eyni zamanda sənayeləşmənin zaman keçdikcə kapitalın artmasına gətirib çıxaracağını, mənfəət dərəcəsinin düşəcəyini və əmək məhsuldarlığının və beləliklə real əmək haqqının artacağını proqnozlaşdırırdı.

Lonqfild beynəlxalq ticarətdə müqayisəli üstünlük prinsipini “iki əmtəə” üzrə olan tipik haldan daha geniş şəkildə izah etmişdir. N saydaəmtəənin ticarəti məsələsinə müraciət edən iqtisadçı müqayisəli üstünlük miqyasında hansı malların ixrac ediləcəyi və hansının idxal ediləcəyi məsələsini araşdırmışdır. O belə qərara gəlmişdir ki, iki ölkədə nisbi əmək məhsuldarlığından asılı olan nisbi əmək haqları hansı malların satılacağını təyin edəcəkdir. Ticarətin yalnız əməyin miqdarından deyil, həm də əmək haqqı xərclərindən asılı olacağını göstərirdi.

Lonqfild dövlətin iqtisadi məsələlərə müdaxiləsi fikrini dəstəkləyirdi. Belə ki, o, gözdən əlillər və yaşlılar üçün pensiya təminatı, dövlət təhsili, ehtiyacından asılı olmayaraq tibbi yardımın təmini, mənzil tikintisinin tənzimlənməsi, işçilər üçün klubların yaradılmasının dövlət tərəfindən təmin edilməsinin tərəfdarı idi.

 P.S. İrlandiyalı iqtisadçı, riyaziyyatçı, hüquqşünas və akademikSamuel Montifor Lonqfildin atası ruhani olmuşdur. Təhsilini qızıl medalçı kimi başa vuran Samuel Dublindəki Triniti kollecin siyasi iqtisadiyyat kafedrasının ilk professoru seçilmişdir. Lakin peşəkar iqtisadçı kimi karyerası uzun sürməmişdir. Cəmi dörd il bu vəzifədə qaldıqdan sonra vəkil kimi xidmət etmiş, eləcə də məhkəmə hakimi kimi fəaliyyət göstərmişdir.

O, 1845-ci ildə Elizabet Penelope ilə evlənmişdir.

Siyasətdə liberal mövqe tutan Samuel 1853-cü ildə İrlandiya Milli Təhsil Komissarı təyin edilmiş, 1867-ci ildə İrlandiyanın Məxfi Şurasının üzvü seçilmişdir. Bir neçə dəfə İrlandiya kilsəsinin ümumi kollegiyasının qiymətləndiricisi kimi çıxış edən Samuel kilsə maliyyəsi məsələlərinin memarlarından biri idi. Lonqfild Sosial Elmlər Konqresinin və Dublin Statistika Cəmiyyətinin fəal üzvü olmuşdur.

Lonqfildin iqtisadi düşüncələri öz dövrü üçün qeyri-adi idi. İqtisadi fikrin əsas hissəsinə daxil edilməyən ideyaları yalnız 1900-cü ildən sonra yenidən kəşf edilmişdir. Səbəb isə işlərinin bəzi məqamlarında zamanından otuz, hətta altmış il qabaqda olması idi. Unudulmuş iqtisadçılardan hesab edilən alimin əsərləri o vaxta qədər İrlandiyanın xaricində demək olar ki, oxunmamışdı.

Yozef Şumpeter Lonqfildin paylanma nəzəriyyəsi ilə bağlı fikirlərini yüksək qiymətləndirmişdir. Samuel Maltusun əhali nəzəriyyəsinə qarşı çıxırdı.

Alim, onun ideyalarını inkişaf etdirən davamçılarından ibarət məktəb yarada bilməmişdir.

Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva