Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

RİÇARD CONS

  • Oxunub 396 dəfə

 1790, Royal-Tanbric Uels, Böyük Britaniya - 1855, Heyliberi, Böyük Britaniya)

  Əsərləri:“Sərvətin bölgüsü və vergi mənbələri haqqında esse” (1831), “Kəndli rentası” (1831), “Siyasi iqtisad üzrə giriş mühazirəsi” (1833), “Əmək və kapital haqqında mühazirələr” (1833),  “İngiltərənin ibtidai siyasi iqtisadı” (1847), “Millətlərin siyasi iqtisadiyyatı” (1852)

Riçard Cons XIX əsr ingilis iqtisadçılarından olmuşdur.

Riçard iqtisadi tarixdəki mövcud tədqiqatları tənqid edirdi. Tarixi və faktiki araşdırmalara vurğu etməsi səbəbilə o, iqtisadiyyat elmində ingilis tarixi məktəbinin qurucusu hesab edilir. Siyasi iqtisadda tarixi nisbiçiliyə üstünlük verən Riçard iqtisadi nəzəriyyələrin əsl empirik həqiqətlərə söykənməsinin lazım olduğuna inanırdı. Siyasi iqtisadın ictimai sərvətlərin istehsalı və bölüşdürülməsi qanunlarını öyrənən elm olduğunu qeyd edirdi.

Cons induktiv metodu iqtisadiyyata tətbiq etməyə çalışırdı. Onun gəldiyi qənaətlər tarixin öyrənilməsinə kömək edən müasir həqiqətlərin geniş müşahidəsinə əsaslanırdı. Araşdırdığını iddia etdiyi dünya mücərrəd “iqtisadi adamlar”ın yaşadığı xəyali bir dünya deyildi, torpaq mülkiyyəti və əkinçilik işlərinin və ümumiyyətlə, müxtəlif dövrlərdə və fərqli yerlərdə istehsal və bölgü şərtlərinin fərqli formaları olan real bir dünya idi. Sivilizasiyanın inkişafında fərqli mərhələləri tutan icmalarda bu cür fərqli həyat sistemlərini tanıması, onun “ölkələrin siyasi iqtisadiyyatı” adlandırdığı təklifinə səbəb olmuşdu.

Siyasi iqtisadda Cons ilk dəfə olaraq kapitalı həm “toplanmış ehtiyat”, həm də ictimai münasibət kimi nəzərdən keçirmişdir. O, kapital yığımının mənfəət normasından deyil, onun kütləsindən asılı olduğunu göstərmişdir.

Cons renta nəzəriyyəsini torpaqların azalan məhsuldarlıq qanunundan ayırmış və hesab etmişdir ki, rentanın mütləq kəmiyyəti (onun milli gəlirdəki payı istisna olmaqla) digər gəlirlərin kütləsi azalmadan da arta bilər. İqtisadçı göstərirdi ki, renta artımları əkinçiliyin daha yararsız torpaqlarda yayılması ilə əlaqəli deyildir. Onun fikrincə, rentanın yüksəlməsinin əsas səbəbi, ilk növbədə mövcud ərazilərə tətbiq olunan xalis kapital artımı və təkmilləşdirilmiş istehsal metodları ilə əlaqədardır.

Riçard yaşayış vasitələrinin artmasının mütləq olaraq əhalinin artması ilə nəticələndiyini qəbul etməkdən imtina edirdi. Bütün yaxşı idarə olunan və firavan dövlətlərdə əhali artımı ilə birlikdə qida üzərində gücün azalmadığını, əksinə artdığını iddia edirdi.

İctimai istehsalın inkişafında kapitalizmə keçid fazası kimi baxan Consun fikrincə, “yığılmış sərvət mülkiyyətçiləri” ilə “əsl fəhlələr” arasında antaqonizm yaratdığı üçün belə bir cəmiyyət mütləq məhvə məhkumdur.

P.S. Tarixi düşüncəli ingilis iqtisadçı və din xadimi Riçard Cons vəkil ailəsində dünyaya gəlmişdir. Kembric Universitetində hüquq üzrə bakalavr və magistr dərəcəsi almışdır. Səhhətinə görə bu sahədən imtina etmişdir. Bir müddət kahin kimi xidmət etmiş, daha sonra  iqtisadiyyat elminə gəlmiş və siyasi iqtisad professoru olaraq fəaliyyət göstərmişdir. Riçard, Frensis Bekonun induktivizmindən təsirlənmişdir ki, bu da onun iqtisadi fikirlərinin inkişafında əsas rol oynamışdır.

1833-cü ildə qalmaqallı Nassau Uilyam Seniordan sonra Londonun Kral Kollecində siyasi iqtisad professoru vəzifəsinə təyin edilən Riçard 1835-ci ildə Tomas Maltusun ölümündən sonra Heyliberidəki kollecdə onun siyasi iqtisad kafedrasına rəhbərlik etmişdir. Həmçinin bir müddət xeyriyyəçilik üzrə müvəkkil olmuşdur.

Özünü bütün iqtisadi elmlərin tarixi və təkamül xətləri boyunca yenidən qurucusu kimi görən Cons David Rikardonun təliminin ilk institusional tənqidçisi kimi tanınır. O, Rikardonun renta nəzəriyyəsinin və istifadə etdiyi analitik metodlarının (deduktiv metod və iqtisadiyyat qanunlarını ümumiləşdirilməsi), çox hörmət etdiyi Maltusun əhali haqqında nəzəri fikirlərinin əleyhinə olmuşdur. Cons və Maltus sonradan Kral Statistika Cəmiyyətinə çevrilən London Statistika Cəmiyyətinin qurulmasında böyük rol oynamışlar.

Con Stüart Mill “Siyasi iqtisadın prinsipləri”əsərində Consdan bir neçə dəfə sitat gətirmişdir. Karl Marks da Riçardın tarixlə bağlı özünəməxsus şərhlərinə görə onu öz əsərlərində tərifləmişdir.

Uzun müddət kitabları unudulan Consun işləri yalnız indiki dövrdə gecikmiş də olsa, tanınmağa başlamışdır. O, mühafizəkar siyasi baxışlara sahib bir adam idi.

Consun adı “Keynsdən əvvəl 100 böyük iqtisadçı” siyahısına daxildir.

Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva