ENRİKO BARONE
- Oxunub 449 dəfə
(1859, Neapol, İtaliya – 1924, Roma, İtaliya)
Əsərləri: “İstehlak rentası haqqında” (1894),“Vergilərin riyazi nəzəriyyəsinin bəzi fundamental teoremləri haqqında” (1894), “Bölgü barədə araşdırmalar” (1896), “Siyasi iqtisadın əsasları” (1908), “Kollektiv dövlətdə sənaye nazirliyi” (1908), “Maliyyə iqtisadiyyatı üzrə tədqiqatlar” (1912), “Müstəmləkə iqtisadiyyatı” (1912), “Pul və yığım” (1920)
Enriko Barone İtaliyanın görkəmli iqtisadçılarından olmuşdur. Baronenin iqtisadiyyat elmi üzrə maraq dairəsi genişliyi ilə xarakterizə olunur. O, neoklasik iqtisadi nəzəriyyə sahəsində bir sıra yeniliklərə imza atmışdır.
Barone son hədd istehsalı nəzəriyyəsinin inkişafında mühüm rol oynamış və bunun ümumi tarazlıq nəzəriyyəsinə daxil edilməsi ideyasını irəli sürmüşdür. İqtisadçı hesab edirdi ki, gəlirin maksimallaşdırılması xərclərin minimallaşdırılmasını nəzərdə tutur. Daha dəqiq, amillərin proporsiyaları əvəz oluna biləndə marjinal istehsalda istehsal amillərinə çəkilən xərclər firmalar tərəfindən onlara olan tələb funksiyasını və öz növbəsində, firmaların tarazlıq həddi istehsalının müəyyən olunması üçün xərclər funksiyasını formalaşdırır.
Baronenin iqtisadi nəzəriyyəyə verdiyi ən əhəmiyyətli töhfələrdən biri kollektivist iqtisadiyyatla bağlı fərziyyəsi idi. Onun fikrincə, mərkəzi planlayıcıların lazımi bütün məlumatları əldə edə biləcəyi belə bir iqtisadiyyatda planlaşdırıcılar istehsalı rasional olaraq planlaya və bununla da iqtisadi tarazlığa nail ola bilər. Başqa sözlə, o, kollektivist bir dövlətdə planlaşdırma təşkilatının maksimum səmərəlilik əldə etmək üçün qiymətləri hesablamasının həqiqətən də mümkünlüyünə inanırdı. Bununla da Barone antisosialist ideyalarına baxmayaraq, sosialist iqtisadiyyatının ən azı, prinsipcə ideyalaşdırılmış kapitalist iqtisadiyyatının əldə etdiyi nəticələrə nail ola bilməsinin mümkünlüyünü göstərməyə çalışırdı. Lakin o, belə bir dövlətin kapitalist iqtisadiyyatdan daha yaxşı işləyə biləcəyini düşünmürdü.
Alim, Pareto səmərəliliyini araşdıraraq, mükəmməl rəqabət üçün şərtləri ilk olaraq formalaşdırmışdır. O yazırdı ki, “Kollektivist dövlətdə sənaye nazirliyi” “kölgə qiymətləri”indən istifadə edərək mükəmməl rəqabət tarazlığı qura və bununla da maksimum kollektiv rifahı təmin edə bilər. Mükəmməl rəqabət tarazlığı üçün minimum istehsal xərcləri və istehsal xərclərinə bərabər qiymətlərin olması vacib şərtdir.
Beynəlxalq ticarət nəzəriyyəsində Barone qoruyucu tariflərin hər zaman istehlakçı rifahını azaltdığını bildirirdi. Lakin o, həmçinin əlavə edirdi ki, bu cür tariflərin tətbiq edilməsi, rifahı daha da korlayan siyasətlərin tətbiq olunmasının qarşısını ala bilər.
P.S. İtalyan zabit, hərbi tarixçi və erkən riyazi iqtisadçı Enriko Barone hərbi karyerasına başlamazdan əvvəl riyaziyyat, klassik ədəbiyyat və qədim dilləri fəal şəkildə öyrənmişdir. 1894-cü ildən başlayaraq səkkiz il ərzində vaxtını hərbi tarixin öyrənilməsinə və tədrisinə həsr etmiş, bu sahədə bir sıra əlamətdar əsərlər yazmışdır. O, orduda zabit, hərb kollecində hərb elmləri professoru kimi çalışmışdır. 1902-ci ildə Baş Qərargahın tarix şöbəsinin müdiri təyin edilmişdir. 1906-cı ildə təqaüdə çıxdıqdan sonra bir müddət maddi çətinliklərin təzyiqi altında və tarixi və hərbi biliyi sayəsində ilk çiçəklənmə dövründə olan italyan film sənayesi üçün ssenari yazmışdır. Bundan sonra iqtisadiyyat elmi sahəsində araşdırmalarla məşğul olmağa başlamışdır. Romanın iqtisadiyyat institutunda siyasi iqtisad kafedrasında professor vəzifəsində işləmişdir.
Barone Vilfredo Pareto və Leon Valrasın tələbəsi və dostu olmuşdur. O, Lozanna məktəbinin fəxri üzvü idi. Enriko “İndeks rəqəmləri” nəzəriyyəsinin yaradıcısıdır. Ona həmçinin xalis sosializm nəzəriyyəsinin banisi də deyilir. Alim 1908-ci ildə müəyyən şərtlər üçün kollektiv iqtisadiyyatın riyazi modelini təqdim etmişdir.
İqtisadçı eləcə də bölgünün marjinal məhsuldarlıq nəzəriyyəsi üzərində də işləmişdir. Lakin italyan iqtisadçı və sosioloq Vilfredo Pareto Enrikonu onun bölgü yanaşmasının etibarsız olduğuna inandırmışdır. Barone eyni zamanda dövlət maliyyəsi sahəsində bacarıqlı iqtisadçı idi. İlk dəfə olaraq gəlir vergisi və aksiz vergisinin nisbi yüklərini müqayisə etmək üçün fərqsizlik əyrisi analizini tətbiq etmişdir. O, son dərəcə şübhəli faydalı hesablamalara söykəndiyinə görə “mütərəqqi” vergi sistemlərinin qatı əleyhdarı idi.
Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva