UİLYAM KANNİNQEM
- Oxunub 498 dəfə
(1849, Edinburq, Böyük Britaniya – 1919, Kembric, Böyük Britaniya)
Əsərləri: “Müasir dövrdə ingilis sənayesinin və ticarətinin inkişafı: ticarət sistemi” (1882), “Siyasət və iqtisadiyyat” (1885), “İngiltərədəki xarici mühacirlər” (1897), “Qərb sivilizasiyası iqtisadi baxımdan” (1898), “Pulun istifadəsi və istismarı” (1891), “Azad ticarət hərəkatının yüksəlişi və enişi” (1905), “Xristianlıq və siyasət” (1915), “Tərəqqinin sirri” (1918)
İngilis tarixçisi Uilyam Kanninqem müstəqil fənn kimi iqtisadi tarixin banisi hesab olunur. O, iqtisadiyyatda tarixi metodu təbliğ etməyə çalışırdı ki, bu da onu ingilis tarixi məktəbinin aparıcı müdafiəçilərindən birinə çevirmişdi. Uilyam iqtisadi tarixin mövzusunu və ən azı növbəti yarım əsr üçün problemlərini müəyyənləşdirmiş, tədqiqat metodlarını yaratmışdır.
Kanninqem, alman tarixi məktəbinin nümayəndələri kimi, “iqtisadi təlimlərin nisbiliyini” müdafiə edirdi. İqtisadiyyatın praktik faydalılığını bərpa etməsini təmin etmək və sosial fəlsəfənin mücərrəd bir qoluna çevrilməsinin qarşısını almaq üçün iqtisadi nəzəriyyə ilə tarixçilik arasında uzlaşma yaratmağa çalışırdı. O hesab edirdi ki, iqtisadi tarixin öyrənilməsi iqtisadi elmlərə ən yaxşı giriş olan iqtisadi faktları bilmək üçün zəruridir. İqtisadi qanunların etibarlılığının tarixi, sosial və mədəni kontekstlə şərtləndiyini iddia edirdi. İqtisadiyyatın xristian prinsiplərinə uyğun daha praktik, sosial baxımdan mənalı bir formaya çevrilə biləcəyinə ümid bəsləyirdi.
İqtisadçıları, iş adamlarını və həmkarlar ittifaqı liderlərini bir araya gətirən Londonda keçirilmiş bir konfransda gəlir bölgüsü mövzusunda müzakirələrdə çıxış edən Uilyamın fikrinə görə, kəmiyyət iqtisadi arqumentləri, “orta sinif zəkaları” üçün inandırıcı olsa da, “işçi sinfinin şüurunda heç bir təsir yaratmamışdır”. Onun fikrincə, burada problem iqtisadiyyata aiddir. Xüsusən də iqtisadçıların əməyi aktiv deyil, passiv istehsal amili kimi görmə meyli və buna məhəl qoymaması, iş yerlərinin sabitliyi və iş vaxtı kimi iqtisadi cəhətdən həll olunmayan narahatlıqlara səbəb olur.
Kanninqem utilitarizmin həddindən artıq doqmatik təsirində olması səbəbilə ittiham etdiyi azad ticarət siyasətinə qarşı çıxırdı. O, həmkarlar ittifaqlarını və proteksionizmi müdafiə edirdi. Ticarət maneələrinin güclü milli dövlət və ingilis imperializminə müsbət təsir edəcəyinə inanırdı.
İqtisadçı millətin maraqlarını həm fərdi, həm də sinfi mənafelərdən üstün tuturdu. Mövcud iqtisadi siyasəti dar çərçivədə mənafelərə xidmət etdiyi üçün tənqid edirdi. “Milli mənafeyi” geniş ideoloji baxımdan müəyyənləşdirən alim “millətimizin gələcəyini bacardığımız qədər böyük və nəcib etməliyik” şüarı ilə çıxış edirdi. Milli güc, məqsəd olaraq vətəndaşların sərvətini və ya xoşbəxtliyini incəliklə əvəz edir. O, bu məsələdə məsələn, milli inhisarlar vasitəsilə dövlətin aktiv rolunu görürdü. Eyni zamanda qeyd edirdi ki, bu iş düzgün düşünülməli və həyata keçirilməlidir. Bunun üçün dəqiq prinsiplərdən daha çox tarixi və sosial kontekstə həssaslıq tələb olunduğunu bildirirdi. O, keçmiş iqtisadi siyasəti nəzərdən keçirir və demək olar ki, hamısını qınayırdı.
P.S. İngilis alimi, din xadimi, iqtisadi tarixçi və statistik Uilyam Kanninqem görkəmli şotlandiyalı vəkilin ailəsində dünyaya gəlmiş və üç uşaqdan sonuncusu olmuşdur. Universitetdə etika üzrə təhsil almış və fərqlənmə ilə başa vurmuşdur.
Kanninqem tarix müəllimi kimi fəaliyyət göstərmiş, eyni zamanda siyasi iqtisad, ədəbiyyat və dini mövzularda mühazirələr oxumuşdur. Həmçinin jurnalistika ilə də məşğul olmuş və “The Guardian” qəzetində müxbir vəzifəsində çalışmışdır. 1881-ci ildə Kembricin Triniti Kollecinin keşişi təyin edilmiş və həmin ilin uzun qış tətilini Hindistanda keçirmişdir. Bu müxtəlif vəzifələrə əlavə olaraq o, konqreslərdə, iclaslarda və ictimai işlərdə də fəal iştirak etmişdir. Onu “Kembricdə qadın təhsilinin müdafiəçisi” kimi xarakterizə edirdilər.
Uilyam Alfred Marşallın tələbəsi olmuşdur. O, karyerası boyunca iqtisadi nəzəriyyəyə getdikcə daha da şübhə ilə yanaşırdı, XIX əsrin sonlarında aparıcı iqtisadçı və həmçinin onun həmkarı olan Marşall və yeni yaranmaqda olan neoklassik iqtisadiyyatın rəqibi idi. Səbəbi isə Marşallın iqtisadi tarixdə empirik məlumatlara deyil, ümumi prinsiplərə əsaslanması ilə izah edirdi.
1884-cü ildə Kembric Universitetində boş qalan siyasi iqtisad professorluğu vakansiyasına namizədliyi irəli sürülən, yeni nəşr etdirdiyi kitabları müsbət qarşılanan Kanninqem bu xəbəri şadyanalıqla qarşılamış, belə bir şansı yüksək dəyərləndirmiş və hətta sevincindən papağını göyə atmışdır. Lakin Uilyamın əvəzinə bu vəzifəyə təyinatı Alfred Marşall almışdır. Səbəb isə, Kanninqemdən daha az əsəri olmasına baxmayaraq, Marşallın müəllim olaraq daha yaxşı təcrübəyə sahib olması idi.
Kanninqem Britaniya Akademiyasının qurucularından və ilk üzvlərindən biri idi. Onun İngiltərə sənaye və ticarətinin inkişafı ilə bağlı yazdığı kitab bu ölkədəki universitetlərdə tədris və tədqiqat işlərinə çox böyük təsir göstərmişdir.
Kanninqem illər sonra qızına iqtisadi tarixin onun çox da maraqlandığı sahə olmadığını etiraf etmişdir. Əslində onun əsas marağı fəlsəfəyə idi və sonunda Dekart mövzusunda bir dissertasiya da yazmışdı. O, təsadüfən iqtisadiyyata, sonra da iqtisadi tarix elminə gəlmişdir.
Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva