BERNAND DE MANDEVİL
- Oxunub 515 dəfə
(1670, Rotterdam, Niderland – 1733, London, İngiltərə)
Əsərləri: “Arılar haqda təmsil və ya xüsusi eyiblər, ictimai faydaları” (1714), “Din, kilsə və milli xoşbəxtlik haqqında sərbəst düşüncələr” (1720), “Xeyriyyəçilik və xeyriyyə məktəbləri haqqında” (1723), “Cəmiyyətin təbiətinin öyrənilməsi” (1723), “Şərəfin mənşəyi və xristianlığın müharibədəki faydaları haqqında araşdırma” (1732)
Bernand de Mandevil XVIII əsrin əvvəllərində əxlaq və iqtisadi nəzəriyyə ilə bağlı fikirləri ilə tanınan görkəmli ingilis mütəfəkkirlərindən olmuşdur. Mandevil hər bir sosial sistemin öz əxlaqına sahib olduğuna inanırdı. Kapitalist cəmiyyəti üçün isə eqoistlik xarakterikdir.
Mandevilə görə, insan hərəkətləri aşağı və ali səviyyələrə bölünə bilməz. İnsanların dəbdəbəli həyatı yalnız mütəfəkkirlər və hökmdarların cəmiyyətdəki və hökumətdəki münasibətləri sadələşdirmək üçün təqdim etdikləri bir uydurmadır. Əslində yaxşılıq dövlətin ticari və intellektual tərəqqisinə zərərlidir. Dövlətin inkişafı yalnız ixtiralar və kapitalın dövriyyəsi ilə cəmiyyəti hərəkətə gətirən və tərəqqiyə təkan verən “böyük prinsip”dən - pisliklərdən, yəni insanın eqoist hərəkətlərindən qaynaqlanır. Bununla da, Mandevil yaxşı idarəetmə yolu ilə ən pis davranışların müsbət iqtisadi təsirlər yaratdığı və eyiblərin sənaye, məşğulluq və iqtisadi inkişaf üçün zəruri bir şərt olduğu qənaətinə gəlir. Məsələn, qürur bir qəbahətdir və qürur olmadan moda sənayesi olmazdı, çünki fərdlər ətrafındakıları təəccübləndirmək üçün yeni və bahalı paltar almaq motivasiyasından məhrum olardı. Əgər qürur ortadan qaldırılsa, nəticədə yüzlərlə şirkət iflas edər, kütləvi işsizliyə sürüklənər, sənaye çökər və öz növbəsində, həm də iqtisadi təhlükəsizlik məhv edilmiş olar. Eynilə, oğrular olmadan çilingər, mülk mübahisəsi olmadan vəkil olmazdı və s. Başqa bir nümunədə o qeyd edirdi ki, pis xarakterli əxlaqsız adam öz xərcləri ilə dərzilər, qulluqçular, ətriyyatçılar, aşpazları işlə təmin edir. Bu şəxslər öz növbəsində çörəkçilər, dülgərlər və digərlərini işə götürürlər. Nəticədə, əxlaqsızın israfçılığı və acgözlüyü bütövlükdə cəmiyyətə fayda gətirir. O həmçinin iddia edirdi ki, insanların kollektiv fəaliyyətləri ictimai rifaha gətirib çıxarır.
Mandevilin fikrincə, israfçılıq ticarət üçün əlverişlidir, xəsislik isə əksinə, ticarətə zərər verir. O, alleqorik bir şəkildə sübut etməyə çalışırdı ki, qənaət xatirinə dəbdəbədən uzaqlaşmağa və silahları azaltmağa qərar verən cəmiyyəti kədərli bir tale gözləyir. Özünə sevginin, şəxsi marağın olmamasını tərəqqinin ölümü kimi qəbul edirdi.
İqtisadçı qeyd edirdi ki, millətin burjua cəmiyyətindəki sərvəti zəhmətkeş insanların yoxsulluğuna əsaslanır. Bernand yoxsulları maarifləndirən və bununla da onlara fəzilət aşılayan xeyriyyə məktəblərini tənqid edirdi. Pis istəklərin yalnız kasıblarda mövcud olduğuna inanmadığına görə təhsilin fəzilət artırdığı fikri ilə razılaşmırdı, əksinə o, hesab edirdi ki, savadlı və varlılar daha hiyləgər olur. Eyni zamanda yoxsulların maarifləndirilməsinin onların maddi şeylər üçün istəklərini artırdığına və bununla da məktəbin məqsədini dəyişdirdiyinə inanırdı.
Mandevil əmək bölgüsünün ilk müəlliflərindən biri olmuşdur.
P.S. İngilis filosofu, satirik yazıçı, həkim və iqtisadçı Bernand de Mandevil fransız mühacir nəslindən olan bir ailədə dünyaya gəlmişdir. Bernand həkimlər sülaləsinin nümayəndəsi idi, belə ki, onun ulu babası tanınmış həkim, şəhər hökumətinin üzvü və Latın məktəbinin rektoru olmuşdur. Onun babası və atası da həkim idilər. Tələbəlik dövründə tibb təhsili almaqla yanaşı, fəlsəfə ilə də məşğul olurdu. 1689-cu ildə Dekartın fikirlərinin təsiri ilə yazdığı “Ağılsız varlıqların hərəkətləri haqqında fəlsəfi düşüncə” mövzusunda dissertasiyanı müdafiə etmişdir. Universiteti tibb elmləri doktoru dərəcəsi ilə bitirdikdən sonra bir müddət Fransa və İtaliyaya səyahət etmişdir. Vergiyə qarşı etirazlarda iştirak etdiyi üçün ailəsi Rotterdamı tərk etmək məcburiyyətində qalmış və İngiltərəyə köçmüşdür. Bernard burada ingilis dili öyrənməyə o dərəcədə müvəffəq olmuşdu ki, çoxları onun əcnəbi olduğuna inanmaqdan imtina edirdilər. O, sinir və zehni xəstəliklər üzrə həkim kimi fəaliyyət göstərmiş və bu peşəsində böyük hörmət sahibi olmuşdu. Eyni zamanda ədəbi işə də çox vaxt ayırmağa başlamışdı və əsərləri də uğurlu idi. Gözəl danışıq qabiliyyəti ona mühüm və tanınmış insanların dostluğunu qazandırmışdı.
O, ingilis xanımla ailə qurmuş və bu evlilikdən iki övladı olmuşdur.
Bernard mübahisəli müəllif və eyni dərəcədə maraqlı bir obraz idi. Mandevilin fəlsəfəsi öz dövründə böyük tənqidlərə məruz qalmışdır. Onun insan təbiətinə dair baxışları kinayəli, alçaldıcı yalan və sinizm kimi qəbul edilirdi. Həyatı boyunca, əksəriyyəti sərt sosial tənqiddən ibarət çoxsaylı kiçik əsərlər nəşr etdirmişdir. Əsərlərini əsasən öz əyləncəsi üçün yazdığını iddia edirdi. 1723-cü ildə İngiltərənin Midlseks əyalətindəki məhkəmənin münsiflər heyətinin qərarı ilə, Bernandın ona Avropada şöhrət qazandıran, şeir şəklində yazdığı və altı dəfə nəşr olunan Arılar haqqında olan təmsilində zərərli fikirlərin olduğu təsbit edilmişdir. Kitab və müəllif heç vaxt senzuraya məruz qalmasa da, birdən-birə nüfuzdan düşmüş və təmsil ruhanilər, jurnalistlər və filosoflar arasında müzakirə mövzusuna çevrilmişdir.
Alimin mübahisə doğuran yanaşmalarından biri fahişəliyin leqallaşdırılması və hökumətin ciddi nəzarəti altında tənzimlənməsi və eləcə də bu fəaliyyət növü üçün ictimai yerlərin yaradılmasını təklif etməsi idi. O, dünyəvi dövlətin tərəfdarı idi və ruhanilərin dövlət işlərinə müdaxiləsini qəbul etmirdi.
İngiltərəyə ilk səfəri zamanı Mandevil ilə Londonun meyxanalarından birində tanış olan amerikalı siyasətçi, diplomat və filosof Benjamin Franklin onu çox hazırcavab, şən bir yoldaş kimi xatırlayırdı. Karl Marks “Kapital” əsərinin dördüncü cildində cəsarətli və dürüst insan kimi qələmə verdiyi Mandevilin fikirlərini yüksək qiymətləndirmişdir. İqtisadçının cəmiyyət və siyasət haqqında düşüncələri Fridrix Hayek tərəfindən müsbət dəyərləndirilmişdir. Onun fəlsəfi baxışlarının sonrakı filosoflara və iqtisadçılara, o cümlədən David Yum, Klod Adrian Helvetsi, Jan Jak Russo və Adam Smitə xüsusi təsiri olmuşdur.
Mandevil qripdən vəfat etmişdir. O, “Keynesdən əvvəl yüz böyük iqtisadçı”dan biri hesab edilir.
Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva