Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

KLEMAN JUQLYAR

  • Oxunub 397 dəfə

(1819, Paris, Fransa – 1905, Paris, Fransa)

Əsərləri: “Ticarət böhranları” (1856), “Ticarət böhranları və onların Fransa, İngiltərə və ABŞ-a dövrü qayıdışı” (1862), “Depozit, diskont və emissiya bankları” (1884). 

Kleman JuqlyarXIX əsrin görkəmli fransız iqtisadçılarından olmuşdur. Juqlyar işgüzar fəaliyyət dövrlərinin iqtisadi nəzəriyyəsini işləmişdir. Bu dövrləri təsvir edən ilk şəxslərdən biri kimi tanınan alim öz tədqiqatı ilə iqtisadiyyat elminə əhəmiyyətli töhfə vermişdir. O, mövcud zaman seriyası məlumatlarına əsaslanaraq, proqnozlaşdırmada statistikadan dəqiqliklə istifadə edərək tam təhlillər aparmışdır. Xarakterik dövrü 7-11 ili əhatə edən orta müddətliiqtisadi dövrlər onun adını daşıyır və “Juqlyar dövrləri” adlandırılır.

İqtisadçı əsas fondlara investisiya müddətini müəyyənləşdirmişdir. Juqlyar dövrü daxilində yalnız əsas kapitaldan istifadə səviyyəsindəki dəyişiklikləri deyil, əsas kapitala qoyulan investisiyalardakı dəyişiklikləri müşahidə etmək olar. Əsas kapitala sərmayə qoyuluşları dərhal baş vermir, əksinə investisiya qərarı vermək, istehsal müəssisələri tikib istifadəyə vermək üçün müəyyən bir vaxt tələb olunur. Odur ki, buraya investisiya qərarlarının qəbulu ilə müvafiq istehsal sahələrinin inşası arasında vaxt gecikmələri də əlavə edilir. Tələbin azalması və müvafiq istehsal gücünün ləğvi arasında əlavə bir gecikmə də meydana gəlir.

Juqlyar dövründə dörd mərhələ və buna uyğun olaraq hər mərhələdə alt fazalar fərqləndirilir: canlanma mərhələsi - istehsal gücü artımının başlanğıcı ilə xarakterizə olunur (başlanğıc və sürətlənmə alt fazaları); bum mərhələsi və ya firavanlıq - investisiyalar tam güc qazanır, istehsal artımı davam edir (böyümə və qızınma alt fazaları); tənəzzül mərhələsi - istehsal gücünün artırılması üçün yönəldilən investisiyalar artıq özünü doğrultmur, tələb kəskin şəkildə azalır (kəskin böhran və enmə alt fazaları); depressiya və ya durğunluq mərhələsi - hər şey sakitləşir və tarazlıq halına gəlir. Artıq istehsal səviyyəsi azalıb, anbar ehtiyatları tükənir, istehsalda praktik olaraq heç bir investisiya yoxdur (sabitləşmə və keçid alt fazaları).

Juqlyar müşahidələri nəticəsində belə qənaətə gəlmişdir ki, fərdi məhsullar üçün satış bazarlarındakı məlumatları müqayisə etdikdə fərqli göstəricilər görünəcək. Lakin məlumatları müqayisə etdikdə, iqtisadi dövr deyilən dövrü hadisəni görmək mümkündür ki, bu da bazar konyukturasındakı sonsuz dalğalanmalardır.

Juqlyar dövrləri istehsal bazarlarında aydın şəkildə özünü büruzə verir. Tələb artır, istehsala qoyulan investisiyalar malların istehsalında və satışında artımı təmin edir, bir neçə il davam edən böyümə bazarı zirvəyə çatdırır, daha sonra qaçılmaz olaraq tənəzzül gəlir. Dövr yenidən təkrarlanır. Kleman ticarət böhranlarını səhvlərin və ya qəzaların nəticəsi kimi deyil, iqtisadi rifahın qaçılmaz nəticəsi olaraq görürdü. O, diqqəti konkret böhranların fərdi izahatlarından bütün böhranların ümumi səbəblərinin müəyyənləşdirilməsinə yönəltmişdi.

Juqlyar Fransa, İngiltərə və ABŞ-dakı iqtisadi böhranları pul baxımından təhlil etmişdir. Onun fikrincə, inflyasiya və ekspansiya dövrləri mərkəzi bank sistemi pul kütləsini azaltdıqda sona çatır.

P.S. Fransız iqtisadçısı, həkim və statistik Kleman Juqlyar həkim ailəsində dünyaya gəlmişdir. O, atasının yolunu davam etdirmiş və tibb üzrə təhsil almışdır. Tibb elmləri doktoru dərəcəsi aldıqdan sonra həkim kimi çalışmışdır. Eyni zamanda demoqrafiya və iqtisadiyyatla, eləcə də statistika ilə maraqlanmışdır. 1848-ci ildən iqtisadi böhranlarla məşğul olmağa başlamış, bir neçə əsərlər nəşr etdirmişdir. Belə hesab olunur ki, onu iqtisadi dalğalanmalar və böhranlar mövzusuna cəlb edən həmin ildə baş verən iqtisadi iğtişaşlar olmuşdur.

Kleman bir sıra nüfuzlu cəmiyyət və institutların üzvü kimi fəaliyyət göstərmişdir. O, 1885-ci ildə yaratdığı Paris Statistika Cəmiyyətinin və Fransa Sosial İqtisadiyyat Cəmiyyətinin üzvü və prezidenti seçilmişdir. Eləcə də Kral Statistika Cəmiyyətinin, Beynəlxalq Statistika İnstitutunun, Tarix və Elmi İşlər Komitəsinin, Ali Statistika Şurasının üzvü olmuşdur.

Juqlyar “İqtisadçı jurnalı”nın redaktoru olmuş, “Statistika Cəmiyyəti Jurnalı” ilə əməkdaşlıq etmişdir.

Kleman insanları dövri böhranların mövcudluğuna inandırsa da, sonrakı iqtisadçılar tez-tez onun nəzəriyyəsini tənqid etmişdi. 2005-ci ildə, Juqlyarın ölümünün 100-cü ildönümündə, böhranların və dövrlərin analizinə verdiyi töhfəni yenidən qiymətləndirmək üçün Parisdə Juqlyar mövzusunda konfrans keçirilmişdir.

Yozef Şumpeter Juqlyarı “bütün zamanların ən böyük iqtisadçılarından biri” adlandırmışdır. Juqlyarın adı “Keynsdən əvvəl 100 böyük iqtisadçı” siyahısına daxil edilmişdir.

Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva