CEYMS DENHAM-STÜART
- Oxunub 457 dəfə
(1712, Edinburq, Şotlandiya - 1780, Lanarkşir, İngiltərə)
Əsərləri: “Alman sikkəsinə tətbiq olunan pul doktrinaları və prinsipləri haqqında dissertasiya” (1758), “Siyasi iqtisadın prinsipləri haqqında tədqiqat” (1767), “Benqal sikkəsinin indiki vəziyyətinə tətbiq olunan pul prinsipləri” (1772), “Taxıl siyasətinə dair dissertasiya” (1783), “İngilis imperiyası sərhədləri daxilində çəki və ölçüdə vahidliyin tətbiqetmə planı” (1790)
Ceyms Denham-Stüartiqtisadi fikir tarixində merkantilizmin son nümayəndələrindən biri kimi tanınır. Ceyms, digər merkantilistlər kimi, xarici ticarətin aktiv tarazlığını ictimai sərvətin mənbəyi hesab edirdi.
Stüart mənfəətin malların satılmasından əldə olunan “mükafat” olduğunu qəbul edir və mübadiləyə mənfəətin yaradılması vasitəsi kimi baxırdı. Bununla belə, o, mübadilə yolu ilə əldə edilən mənfəətin tələbin artması və ya azalması ilə dalğalanacağını qeyd edirdi. O, mənfəətin iki növünü fərqləndirirdi. Ceymsə görə, müsbət mənfəət “əmək, çalışqanlıq və bacarıq artımı”ndan yaranır. Nisbi mənfəət isə satıcının alqı-satqı əməliyyatında alıcıdan “qiyməti şişirdərək” əldə etməsinin, yəni malların dəyərdən yüksək qiymətlərlə satılmasının nəticəsidir.
Ceyms satışdan əvvələ qədər əmtəədə dəyərin olması fikrini qəbul etmirdi. Stüart taxıl qiymətlərinin yüksək olmasının həm əkinçilik, həm də istehsal üçün sərfəli olduğunu sübut etməyə çalışırdı.
Pulun kəmiyyət nəzəriyyəsini tənqid edən Stüart eyni zamanda səhv hesab edilən “ideal pul vahidi” konsepsiyasını irəli sürmüşdür. Burada o, pulun dəyər ölçüsü kimi funksiyasını qiymətlərin miqyası ilə qarışdırır və ideal pulu real pul əmtəəsindən (qızıl və ya gümüş) ayırırdı.
Denham dövlət bankları tərəfindən kağız pulların buraxılması ideyasını müdafiə edirdi. Eləcə də, ixrac subsidiyaları, kənd təsərrüfatı üçün qiymət dəstəkləri və dövlət iş yerləri açma proqramları da daxil olmaqla bir sıra dövlət siyasətlərini dəstəkləyirdi. O, belə proqramların hamısının daha yüksək vergilər tələb edəcəyini başa düşürdü, lakin vergi gəlirlərinin əsasən varlılardan gələcəyi ehtimalını nəzərə alaraq bunu ədalətli kompromis hesab edirdi. Bu proqramların siyasətçilərə fayda gətirəcəyinə inanırdı.
Merkantilist fikirlərinə uyğun olaraq, Denham dövlətin cəmiyyətin iqtisadi inkişafında, xüsusən də əhali və məşğulluğun idarə edilməsində əsas rol oynadığını vurğulayırdı. O, həmçinin dövlət müdaxiləsini bazar tarazlığının təmin edilməsi üçün zəruri hesab edirdi.
Denham sənayeləşmiş ölkənin beynəlxalq bazarlarda tələb itkisinə məruz qalacağını düşünürdü. Onun fikrincə, artan əmək haqları ölkənin məhsullarını daha az rəqabətli edəcəkdir. Buna görə də, iqtisadçı daxili bazarların vacibliyini vurğulayır və yerli sənaye sahələrinin xarici rəqabətdən qorunmasına çağırırdı.
Ceyms ingilislərin Amerika ilə müharibəsi və bunun ingilis iqtisadiyyatına təsirləri ilə əlaqədar maraqlı təkliflər irəli sürmüşdür. O, koloniyalarla hərbi qarşıdurmaya girmək əvəzinə Amerika ilə ticarəti kəsməyi məqsədəuyğun sayırdı. İqtisadçı müharibə başladıqdan sonra belə müstəmləkələrə nəzarət etmək üçün hərbi mənbələrdən deyil, iqtisadi vasitələrdən istifadə etməyi üstün tuturdu.
Denham müharibənin koloniyalardakı kağız pulların dəyərinə iqtisadi təsiri və Britaniya və Amerikanın maliyyə məsuliyyətsizliyi barədə geniş yazılar yazmışdır.
P.S. İngilis iqtisadçıCeyms Denham-Stüart ailədə on iki uşaqdan sağ qalan ən böyük oğul övladı olmuşdur. Onun atası vəkil kimi fəaliyyət göstərmişdir. Ceyms Edinburq Universitetində hüquq təhsili almışdır. Hüquqşünas ixtisasına yiyələndikdən sonra Avropanı gəzməyə başlamışdır.
Şotlandiya şahzadəsi Karl Stüartın tapşırığı ilə 1745-ci ildə Parisə getmişdir. 1746-cı ildə Böyük Britaniyanın taxtını ələ keçirmək məqsədi ilə Şotlandiyada qaldırılmış ikinci Yakobit üsyanına qatılmışdır. Qiyamın yatrılmasından sonra İngiltərədən qaçmış, 18 illik sürgün həyatı yaşamaq məcburiyyətində qalmış, 1763-cü ilə qədər Almaniyada yaşamışdır. Avropada olduğu müddətdə fransız və alman dillərinə yiyələnmiş, siyasi iqtisadı öyrənmiş və bu mövzuda çoxsaylı məqalələr dərc etdirmişdir. Üsyanla əlaqəli iştirakına görə tamamilə bağışlandıqdan sonra Edinburqa qayıtmışdır.
Ceyms özünün 1767-ci ildə yazdığı məşhur “Tədqiqat”ını Adam Smitin “Millətlərin sərvəti” əsərinin çap olunmasından doqquz il əvvəl nəşr etdirmişdir. Onun bu kitabı merkantilizm sahəsində ilk sistematik elmi əsərlərdən biri kimi tanınır. Əsər həmçinin şotlandiyalı iqtisadçı tərəfindən “siyasi iqtisad” başlığı olan ilk traktatdır.
Əsərin yaxşı alındığı görünsə də, Adam Smit Stüartın bu kitabı ilə tanış olmasına baxmayaraq, ona tamamilə məhəl qoymur və qəsdən adını çəkməkdən çəkinirdi. Nəticədə Ceymsin əsəri kölgədə qalaraq unudulmuş və ingilis klassik iqtisadçılarının heç bir yazısında onun kitablarına istinad verilməmişdir. Karl Marksın tənqidi sayəsində Stüartın adı bir əsr sonra Alman tarixi məktəbinin dairələrində tədricən tanınmağa başlamış və müsbət qarşılanmışdır. Alman filosofu Hegel də bu kitab barədə şərh yazmışdır.
Ceyms Frensis Uemiss ilə ailə qurmuş və onların bir qızı və bir oğlu dünyaya gəlmişdir. Qızı körpəlikdə vəfat etmişdir. Oğlu isə onun əsərlərini altı cilddə redaktə etmiş və Vestminster Abbatlığında onun üçün xatirə lövhəsi düzəltdirmişdir.
Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva