ÇARLZ DAVENANT
- Oxunub 524 dəfə
(1656, London, Böyük Britaniya - 1714, London, Böyük Britaniya)
Əsərləri: “Müharibəni təmin etməyin yolları və üsulları haqda məqalə” (1695), “İctimai fəzilət haqda” (1696), “Şərqi Hindistan ticarətinə dair məqalə” (1697), “İngiltərənin dövlət gəlirləri və ticarətinə dair iki müzakirə” (1698), “Xalqın ticarət balansından qazanması üçün mümkün vasitələrə dair məqalə” (1699), “Evdə sülh və xaricdə müharibə haqda məqalələr” (1704)
Çarlz Davenant iqtisadi fikir tarixində merkantilizm cərəyanının görkəmli nümayəndələrindən biri olmuşdur. Davenant ölkənin maliyyə sağlamlığının vacib bir hissəsi və siyasi güc mənbəyi kimi ticarət balansı konsepsiyasını müzakirə edən ilk şəxs kimi tanınır. Onun irəli sürdüyü ideyanın təməli ondan ibarətdir ki, ixrac olunan məhsullardan daha çox mal idxal etmək valyutanın xaricə axınına gətirib çıxaracaqdır.
Davenantın fikrincə, yaxşı dəniz limanlarına və müxtəlif məhsullarla zəngin torpağa sahib insanlar məhsullarını ehtiyac duyduqları qədər qızıl və gümüşə asanlıqla dəyişdirə bilmək imkanına malikdir. Pulu “ticarətin xidmətçisi” hesab edən iqtisadçıya görə, pulu olanlar hər zaman və bütün ölkələrdə qanunu diktə edirlər.
Çarlz ticarətlə bağlı baxışlarında eklektik mövqe tuturdu. Belə ki, o, müstəmləkə ticarəti üçün dövlət məhdudiyyətlərini tövsiyə edirdi. Lakin ölkə daxilində mübadilə azadlığının olmasının tərəfdarı idi.
Davenant ticarətin qorunması lazım olduğu fikrini irəli sürürdü. Ancaq Şərqi Hindistanla ticarətin ingilis ticarət balansını yaxşılaşdırdığı səbəbi ilə ingilis tekstilinin Hindistan rəqabətindən qorunmasına qarşı çıxırdı. Çarlza görə, İngiltərə Hindistandan gətirilən malların xalis ixracatçısı olduğu üçün idxal məhdudlaşdırılmamalıdır. Çünki idxalın məhdudlaşdırılması malların Avropanın qalan hissəsinə yenidən ixracının qarşısını alacaq ki, bu da hökumətin ümumi gəlirlərini azaldacaq. O qeyd edirdi ki, əgər İngiltərə Hindistandan idxalı təmin etməsə, belə bir vəziyyətdə Hollandiya onun əvəzinə Avropanı təmin edəcəkdir. Belə yanaşma ilə iqtisadçı əslində istehlakçı tələbi və mükəmməl rəqabətin əsas anlayışlarını ilk dəfə başa düşən şəxs olmuşdur.
Davenant İngiltərə ticarətinin əsl əsası olaraq onun milli sərvətini qiymətləndirməyə çalışmışdır. O, təklifdəki azalmanı ümumi qiymətlə əlaqələndirərək ilk tələb qrafikini çəkmişdir. Dostu Qreqori Kinqdən götürdüyü məlumatları istifadə edərək, buğda qiyməti ilə “məhsul çatışmazlığı” arasındakı əlaqəni izləmiş və beləliklə, tələb əyrisini qurmuşdur. Bu, tarixə “Kinq-Davenant Qanunu”adı ilə daxil olmuşdur.
Davenant İngiltərənin Fransa ilə apardığı müharibəni maliyyələşdirmək üçün istifadə etdiyi metodları tənqid edirdi. O, dövlət xərclərini maliyyələşdirmə yolu olaraq uzunmüddətli borclanmaya qarşı ciddi etirazını bildirir və borca görə yüksək vergitutmanın ticarət, sənaye və torpaq üçün ağır yük və zərərli olduğunu qeyd edirdi. Çarlz müharibə zamanı yaranmış borcun ən qısa müddətdə qaytarılması fikrini müdafiə edirdi. O, ixracat artıqlığının müharibəni, ən yaxşı və ədalətli vergi olaraq qəbul etdiyi aksiz vergilərinin hökuməti maliyyələşdirmək üçün münasib yol olduğunu hesab edirdi. Vergitutma hallarının vergi ödəyicisinin ödəmə qabiliyyəti ilə mütənasib olması lazım olduğunu düşünürdü.
İqtisadçı, həmçinin torpaq vergisinin ölkə daxilində qeyri-bərabər paylandığı üçün ədalətsiz olduğunu da vurğulayırdı. Torpaq vergisində dövlət gəlirlərinin toplanması zamanı ən ağır yük torpaq sahiblərinin üzərinə düşürdü. Onun fikrincə, uzunmüddətli nəticə olaraq, zadəganlar müflis olacaq və vergini ödəmək üçün öz torpaqlarını “pullu adamlara və sələmçilərə” satmaq məcburiyyətində qalacaqlar.
Çarlz İngiltərənin Fransa ilə müharibə zamanı öz üzərinə ağır borc götürdüyü halda Hollandiyanın Fransa ilə ticarətdən faydalandığı qənaətinə gəlmişdir. O, Fransa ilə ticarətin İngiltərə üçün sərfəli ola biləcəyini yazırdı.
Məşğulluqla bağlı fikirlərində Davenant ucuz istehsal üçün vasitə və xarici bazarlara rəhbərlik etmək üçün əmək qabiliyyətli yoxsulların istehsalatda məcburi işlə təmin olunmasını ciddi şəkildə müdafiə edirdi.
P.S. İngilis iqtisadçı, siyasətçi və publisist Çarlz Davenantailənin böyük oğul övladı olmuşdur. Onun atası Uilyam Davenant tanınmış şair, yazıçı və dramaturq idi. Çarlz gimnaziya və sonra Oksford Universiteti nəzdindəki kollecdə təhsil alsa da, oranı dərəcəsiz tərk etmişdir. İki-üç il müddətində atasının teatrında menecer kimi işləmiş, sonra Hollandiyaya səyahət etmişdir. 1675-ci ildə Kembric Universitetində hüquq doktoru dərəcəsi almışdır. Həmin ildə - 19 yaşında olarkən faciə janrında yazdığı “Circe” pyesi uğur qazanmışdır. Teatr sahəsində gəlirləri onu qane etmədiyindən Çarlz hüquq sahəsinə diqqətini yönəltmiş, vəkil olmuş və Mülki İşlər üzrə Vəkillər Kollegiyasının üzvü seçilmişdir. Bu işdə də gəlirinin qeyri-kafi olduğunu hesab edən Davenant sonra digər işlərdə özünü sınamışdır.
Davenant 1678-1689-cu illərdə aksizlər üzrə komissar olmuşdur. Vergilərin “əkinçilik sistemi”nə görə toplanıldığı bu vəzifədə olarkən illik olaraq 500 funt qazanırdı ki, bu məbləğ 2019-cu ildə 78000 funt-sterlinqə bərabər idi. 1683-cü ildə İngiltərə əkinçilik vergi sistemini sona çatdırdıqda, Davenant komissar olaraq ildə 1000 funt alırdı. Carlz 1685-1689 və 1698-1701-ci illərdə İngiltərə Parlamentinin İcmalar Palatasının üzvü olmuşdur.
1701-ci ilin martında Davenantın fransız agentləri ilə əlaqələrinin olması və Fransa hökumətinə kəşfiyyat məlumatı ötürmək üçün ona rüşvətin verilməsinə dair şübhələr yaransa da, bu, sübut edilməmişdir. Fransızlarla əlaqə Davenantın ictimai və siyasi nüfuzuna xələl gətirmişdir.
1703-cü ildən ömrünün sonuna qədər ixrac və idxal işləri üzrə baş müfəttiş kimi fəaliyyət göstərmişdir. Lakin bu işdəki gəliri onu maddi çətinliklərdən çəkindirəcək qədər deyildi və iqtisadçı son illərini əsasən dostlarının xeyriyyəçiliyi hesabına yaşamışdır.
Çarlz iqtisadi və siyasi mövzularda bir çox məqalələrin müəllifi idi. Belə hesab olunur ki, Davenant şəxsi iqtisadi və ya siyasi statusu üçün faydalı olacaq fikirləri və ya siyasətləri təbliğ etmək məqsədilə yazılar yazırdı. Onun demək olar ki, bütün əsərləri həyatı boyu anonim olaraq çap olunmuşdur.
Empirik “Kinq-Davenant Qanunu”nda yer alan hesablamalar “Tələb Qanunu”nun ilk ekonometrik qiymətləndirilməsi hesab olunur. Qreqori Kinqin əsərində bu məlumatlarla bağlı orijinal mənbə heç vaxt tapılmadığından, bir çox iqtisadçı bunu Davenantın öz qiymətləndirməsi kimi qəbul etmişdir.
Çarlz Frensis adlı xanımla ailə həyatı qurmuşdur.
Davenantın adı “Keynsdən əvvəl 100 böyük iqtisadçı” siyahısına daxildir.
Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva