CON ELLİOT KERNS
- Oxunub 347 dəfə
(1823, Kaslbellinham, İrlandiya - 1875, London, Böyük Britaniya)
Əsərləri: “Müharibənin qiymətlərə təsiri” (1856), “Siyasi iqtisadın xarakteri və məntiqi metodu” (1857), “Qul gücü” (1862), “İrlandiya keçid dövründə” (1865), “Tələb və təklif qanunu” (1866), “Siyasi iqtisad və torpaq” (1870), “Siyasi iqtisadın yeni nəzəriyyələri” (1872), “Siyasi oçerklər” (1873)
Con Elliot Kerns köhnə klassik iqtisadçılar məktəbinin son nümayəndələrindən biri olmuşdur. İqtisadçı bütün əsas məsələlərdə klassik məktəblə həmrəy olduğunu bildirirdi. Con tarixin gedişatına ən çox iqtisadi səbəblərin təsir etdiyini iddia edirdi.
Kerns siyasi iqtisadın sahəsini və metodunu müəyyənləşdirməyə çalışmışdır. Con siyasi iqtisad elmini həm sosial fəlsəfənin ayrılmaz hissəsi kimi qəbul edənlərə, həm də iqtisadi faktları kəmiyyət düsturlarında ifadə etməyə və iqtisadiyyatı tətbiqi riyaziyyatın bir qolu halına gətirməyə çalışanlara qarşı çıxırdı. Onun fikrincə, siyasi iqtisad qarışıq elmdir. O, elmi tədqiqat metodu kimi deduktiv metodun tətbiqinin tərəfdarı idi.
Mənəvi zəmində quldarlığa qarşı çıxan iqtisadçı köləliyin əmək sistemi olaraq səmərəsizliyini tənqid edirdi. Kerns köləliyin iqtisadi inkişaf üçün mənfi nəticələrini geniş şəkildə təhlil etmişdir. O, yazılarında qul əməyinin torpaq eroziyasını necə sürətləndirdiyini, texniki yeniliklərin tətbiq olunmasına mane olduğunu, ticarət və sahibkarlığı daha da boğduğunu vurğulamışdır.
Elliot pul və kredit dövriyyəsi məsələlərini də araşdırmışdır. O, Avstraliya və Kaliforniyada qızıl kəşfinin nəticələri ilə bağlı apardığı araşdırmalarında pulun kəmiyyət nəzəriyyəsinə dəstəyini ifadə etmişdir.
Con həmçinin əmək haqqı nəzəriyyəsini müdafiə etməyə çalışırdı. Onun fikrincə, mükafat olduğu üçün əmək haqqı heç bir şəkildə xərc kimi qəbul edilə bilməz. Bu, yalnız kapitalistin mövqeyindən baxdıqda xərc hesab edilə bilər.
Kerns rəqabətsiz qruplar konsepsiyası (xüsusən əmək bazarında) ilə də tanınır. Bu nəzəriyyə qeyri-mükəmməl rəqabətli və kvazi-inhisarçı şərtlərə daha sistematik müasir yanaşmanı ön plana çıxarırdı. Con əmək bazarının seqmentləşdirilməsinin təhlilini hazırlamışdır. Onun rəqib olmayan qrup konsepsiyası üzvləri, təhsili və ya sosial mövqeyinə görə əmək bazarında digər qrupların üzvləri ilə deyil, bir-biri ilə rəqabət aparan qrup olaraq təyin edilir. O, rəqabətsiz qruplar terminini geniş peşə kateqoriyalarına - sənətkarlara və kiçik pərakəndə satıcılara, yüksək ixtisaslı istehsalçılara və mütəxəssislərə tətbiq edirdi. Con bu qruplara daxil olmanın qanun və adət, ötürülə bilməyən bacarıq və yoxsulluğun məhdudiyyətləri ilə məhdudlaşdığını bildirirdi.
Elliot İrlandiya torpaq məsələsinə dair məqalələrində radikal fikirləri ilə diqqəti cəlb edirdi. O, əməyin torpaq mülkiyyətinin əsasını təşkil etdiyini iddia edirdi. Kerns İrlandiyada torpaq üçün ingilis tərzində sərbəst bazarın tətbiqi cəhdinin əleyhinə çıxırdı. İqtisadçı bunun əvəzinə dövlət tərəfindən idarə olunan torpaq rentası ilə kəndli mülkiyyətçiliyini təşviq etməyin tərəfdarı idi.
P.S. İngilis iqtisadçı Con Elliot Kerns Dublin Triniti Kollecində oxumuşdur. Hüquq üzrə təhsil alsa da, vəkillik peşəsi ilə məşğul olmaq istəyi olmamışdır. O, əvvəlcə ailəsinin pivə istehsalı sənətini davam etdirmişdir. Bir neçə il jurnalist kimi işləmiş və özünü İrlandiya ilə əlaqəli sosial və iqtisadi məsələlər haqqında məqalələr yazmağa həsr etmişdir. Bu dövrdə daha çox diqqətini hərtərəfli öyrəndiyi siyasi iqtisada yönəltmişdir. Bir müddət keçdikdən sonra elə təhsil aldığı kollecdə siyasi iqtisad kafedrasında işləməyə başlamışdır. Sonralar Qalvey və Londonda siyasi iqtisad professoru vəzifəsində çalışmışdır.
Sağlamlığı daima zəif olan Elliot 1865-ci ildə atdan yıxıldıqdan sonra daha da zəifləmiş və artıq aktiv fəaliyyət göstərə bilməmişdir. O, 1872-ci ildə səhhəti ilə əlaqədar, daha dəqiq desək, ölümündən əvvəl onu demək olar ki, tamamilə iflic vəziyyətinə salan revmatik xəstəliyin irəliləməsi səbəbi ilə təqaüdə çıxmaq məcburiyyətində qalmışdır.
Kernsin köləliyə qarşı düşüncələrini ifadə etdiyi kitab Amerika Vətəndaş Müharibəsi dövründə nəşr olunduğu üçün ingilislərin Şimala dəstəkləyici fikrinə böyük təsir etmişdir.
Con azad bazar doqmatizminə qarşı çıxaraq mübarizə aparır, onun “elmi əsası”nın olmadığını iddia edirdi. İqtisadçı liberal qəhrəmanlar Frederik Bastia və Herbert Spenseri xüsusi olaraq hədəfə alır və onları siyasi iqtisadı qarışıq ilahiyyata çevirməkdə günahlandırırdı. Kernsin sərbəst bazar əleyhinə olan radikal fikirləri İngiltərədəki klassik liberallar tərəfindən tənqid atəşinə məruz qalmışdır.
Kerns Con Stüart Millin tələbəsi və dostu olmuşdur. O, eləcə də David Rikardonun davamçısı idi.
Elliotun özünəməxsus düşüncə və ifadə tərzi əsərlərində ən yaxşı şəkildə özünü göstərmişdir. Məntiqi düzgünlük, dilin dəqiqliyi və iqtisadi faktların əsl mahiyyətini möhkəm qavramaq bütün əsərləri üçün səciyyəvidir.
Con Elizabet Şarlot Aleksandr adlı xanımla evlənmiş və onların bu izdivacdan dörd övladı dünyaya gəlmişdir. Kerns 52 yaşında dünyasını dəyişmişdir.
Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva