Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

TOMAS TUK

  • Oxunub 372 dəfə

(1774, Kronştadt, Rusiya – 1858, London, İngiltərə)

Əsərləri: “Yüksək və aşağı qiymətlər barədə düşüncələr və detalları” (1823), “Valyutanın vəziyyətinə dair mülahizələr” (1826), “Taxıl ticarəti ilə əlaqəli valyuta haqqında” (1829), “1793-1856-cı illərdə qiymətlərin və kağız pul dövriyyəsinin tarixi”  (1838-1857), “Valyuta prinsipinə dair araşdırma” (1844), “Valyuta və bankçılıq haqqında broşuralar” (1856)

Tomas Tuk XIX əsrin tanınmış iqtisadçılarından olmuşdur.

Tomas pulun kəmiyyət nəzəriyyəsinin əleyhinə idi. O, İngiltərə Bankının emissiya fəaliyyətini tənzimləyən bank aktına qarşı çıxırdı. Alim qiymətlərə təsir edə biləcək səbəbləri ətraflı araşdırmış, həm məhdudlaşdırma müddəti ərzində, həm də genişlənlənmədən (ekspansiya) sonra dəyişikliklərin pulun miqdarında olan dəyişikliklərlə deyil, malların özləri ilə birbaşa əlaqəli hallar nəticəsində baş verdiyi qənaətinə gəlmişdir.

Tuk nəzəriyyəsinin mahiyyəti ondan ibarətdir ki, banknotların dəyişdirilməsi müşahidə olunarsa, bank onlara tələb olunduğundan daha çox banknot buraxa bilməz, bu səbəbdən buraxılan banknotların sayı əmtəə qiymətlərinə heç bir təsir göstərmir. Banknot sayındakı artım qiymətləri qaldırmır və məzənnədə enişə və qiymətli metalların xaricə axmasına səbəb olmur. Bununla da, o, pul siyasətinin qiymətlərə təsir etmək baxımından gücsüz olduğu fikrini ilk dəfə ifadə etmişdir.

Tomas, tələbə görə asanlıqla çevrilə bilən kağız valyutanın mütləq xalis metal pul vahidinin dəyərinə uyğun gəlməsi lazım olduğu və bu məqsədlə hazır konvertasiya imkanından kənar başqa bir tənzimləmənin tələb olunmadığı fikrini müdafiə edirdi. Onun fikrincə, bu şərtlər altında banklar buraxılışlarını özbaşına artırmaq gücünə sahib deyillər və qiymətlərin səviyyəsinə bu kimi məsələlər birbaşa təsir etmir. İqtisadçının bu ideyası, pulun kəmiyyət nəzəriyyəsi ilə ziddiyyət təşkil etsə də, banknot doktrinası ilə uyğundur.

Bu baxımdan, pul buraxan bankın aktivlərinin dəyərinin düşməsi bankın banknotlarının dəyərinin düşməsinə səbəb olacaqdır. Bundan sonra insanlar biznesini aparmaq üçün daha çox banknot tələb edəcək və bank, bu banknotları qarşılığında adekvat dəyəri olan aktivləri təklif edən müştərilərə həvəslə verəcəkdir. Beləliklə, qiymət səviyyəsi artdıqdan sonra banknotların miqdarı artacaqdır.

Tukun qiymətlər barədə işlərinin əhəmiyyəti İngiltərədəki 6 onillikdə (1793-1856) əmtəə qiymətlərinin hərəkəti və onların milli iqtisadiyyatın müxtəlif aspektlərinə (yerli və dünya ticarəti, kredit, renta, faiz, əmək haqqı və s.) təsiri barədə araşdırmalarındadır.

1793-1837-ci illər aralığında qiymətlərə təsir edən halları tədqiq edən iqtisadçıya görə, 1793-1814-cü illər arasında hökm sürən yüksək qiymətlər nisbətən çox sayda əlverişsiz fəsillər və Napoleon müharibələri tərəfindən meydana gələn ticarət maneələri ilə əlaqəli idi. Sonrakı illərdə qiymətlərin daha aşağı olmasını isə  daha münbit fəsillər, müharibə vəziyyətinin aradan qalxması və istehsal və sənaye proseslərindəki yaxşılaşma ilə əlaqələndirmişdir.

Tuk sərbəst ticarət hərəkatının ilk dəstəkçilərindən biri olmuşdur. İngilis sənayesi üçün zərərli olduğunu vurğuluyaraq, taxıl haqqında qanun və digər proteksionist məhdudiyyətlərin ləğvi tələbi ilə çıxış etmişdir.

P.S. İngilis maliyyəçi və iqtisadçı, statistik Tomas Tuk Rusiyada, Sankt-Peterburqda anadan olmuşdur. Ailənin ən böyük oğul övladı olan Tomasın atası keşiş kimi çalışırdı. O, evdə təhsil almış, təxminən otuz yaşında olarkən ticarət sahəsinə gəlmişdir.

Tuk Rusiya ilə ticarətlə məşğul olan böyük bir London ticarət evinin üzvü idi. Uğurlu iş adamı olan Tomas, eləcə də bir çox iri sənaye müəssisəsinə rəhbərlik etmişdir. O, XIX əsrdə İngiltərənin siyasət müzakirələrinin görkəmli iştirakçılarından biri sayılır. 1820-ci ildə sərbəst ticarətlə bağlı hazırladığı vəsatəti London tacirləri adından İngiltərə Parlamentinə təqdim etmişdir. Bu vəsatət İngiltərədə sərbəst ticarət hərəkatının başlanğıcı hesab olunur. Həmçinin fabrik işçilərinin vəziyyətinin statistik öyrənilməsi və fabrik qanunvericiliyinin inkişafı üzrə hökumət komissiyalarının işində də fəal iştirak etmişdir.

Tuk yalnız 45 yaşından sonra (1819-cu ildən) iqtisadi məsələlərlə ciddi şəkildə maraqlanmağa başlamış və əsərlər yazmışdır. Tomas 1821-ci ilin aprelində o dövrün tanınmış iqtisadçıları olan David Rikardo, Tomas Robert Maltus, Ceyms Mill və başqaları ilə birlikdə Siyasi İqtisad Klubunu qurmuşdur. Burada əsas məqsəd tacirlərin vəsatətinin əsaslarını dəstəkləmək idi. Tuk ilk vaxtlardan klubda baş tutan müzakirələrə qatılmış və ömrünün sonuna qədər iclaslarda iştirak etməyə davam etmişdir.

Hörmətli ictimai xadim olan Tuk 1821-ci ildə Kral Cəmiyyətinin üzvü və 1853-cü ildə Fransa Əxlaq və Siyasi Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Tomas, həmçinin London və Birminhem dəmir yolunun direktoru olmuşdur.

Tomas Prissilla Komb adlı xanımla ailə həyatı qurmuş və onların bu evlilikdən üç oğlu dünyaya gəlmişdir.

Tomas Tuk “Keynsdən əvvəl 100 böyük iqtisadçı”dan biri hesab edilir.

Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva