KARL QUSTAV KASSEL
- Oxunub 419 dəfə
(1866, Stokholm, İsveç – 1945, Yönköpinq, İsveç)
Əsərləri: “Proqressiv vergi nəzəriyyəsi” (1901), “Sosial siyasət” (1902), “Faizin təbiəti və zəruriliyi” (1903), “Almaniyanın müqavimətinin iqtisadi gücü” (1916), “Sosial iqtisadiyyat nəzəriyyəsi” (1918), “1914-cü ildən sonra pul və xarici valyuta” (1922), “İqtisadiyyatda əsas düşüncələr” (1925), “Faiz dərəcəsi, bank dərəcəsi və qiymətlərin sabitləşməsi” (1927), “Sosializm və ya tərəqqi” (1928), “Qızıl standartının süqutu” (1936)
Neoklassik iqtisadçı Karl Qustav Kassel Stokholm məktəbinin nümayəndəsi olmuşdur. Karl “Kassel qanunu”nun müəllifidir. 1850-1910-cu illər üçün topdansatış qiymətlərini qızıl ehtiyatının ölçüsü ilə müqayisə edərək, uzunmüddətli perspektivdə iqtisadi sabitliyin 3% həcmində illik kapital artımı ilə (bu, milli gəlirin böyüməsi ilə mütənasibdir) təmin olunduğunu müəyyən etmişdir. İqtisadçı bu qanunauyğunluq əsasında iqtisadi dövrün pul nəzəriyyəsini formalaşdırmışdır.
Kassel dəyər və faydalılıq anlayışlarını tamamilə rədd edirdi. Onun fikrincə, dəyərin yeganə ölçüsü puldur və faydalılıq anlayışı pul üçün belə bir rolu istisna etdiyinə görə faydalılıq anlayışı atılmalıdır. Pul iqtisadi fəaliyyətin mərkəzindədir və insan fəaliyyətinin istənilən nəzəriyyəsi tamamilə bu həqiqətə söykənməlidir. Xüsusi bir dəyər nəzəriyyəsinə ehtiyac yoxdur. Həqiqətən lazım olan yalnız qiymətdir. Buna görə də, iqtisadiyyat əslində dəyər nəzəriyyəsinə deyil, ümumi qiymət nəzəriyyəsinə əsaslanır.
İqtisadçıya görə, faydalılığı təyin etmək mümkün deyil. Tələb, ümumi bir qiymət sistemi qurmağın mümkün olduğu zaman müəyyən edilir. O vurğulayırdı ki, belə bir nəzəri sistem fayda və dəyər tələb etmir (xüsusən də məhsulun son faydalılığı mütləq qiymətə bərabər olmadığı üçün).
Kasselin qiymət nəzəriyyəsinin tərkib hissəsi olan “nadirlik prinsipi”nə görə,
malların çatışmazlığı və qarşılanmamış ehtiyac olduqda, tələbi necəsə məhdudlaşdırmaq vacibdir. Qiymət burada mərkəzi rol oynayır, çünki əsas funksiyası tələb və təklif arasındakı tarazlığa nail olunacaq şəkildə tələbi məhdudlaşdırmaqdır. O, qiyməti bazar qüvvələrinin nəticələrindən çox təşkilatçılıq prinsipi, aktiv qüvvə olaraq görürdü.
Karlın ən mühüm töhfəsi alıcılıq qabiliyyəti pariteti konsepsiyası idi. Məsələn, ABŞ-da bir barel neft 25 dollara satılırsa və bir dollar 105 Yaponiya yeninə alınırsa, Yaponiyada bir barel neft 2625 yenə satılmalıdır (25×105). Yəni ABŞ-dakı dollarların alıcılıq qabiliyyəti ilə Yaponiyadakı mübadilə dəyəri arasında bərabərlik olmalıdır. Kassel mübadilə məzənnəsi bərabər olmadığı təqdirdə tarazlığın pozulduğuna inanırdı; ya qiymətlər, ya da məzənnə yenidən paritet əldə olunana qədər tənzimlənəcəkdir. Paritet arbitraj - beynəlxalq bazarlar arasındakı qiymət fərqliliyinə əsaslanan ticarət növü ilə təmin ediləcəkdir. Valyuta məzənnələrinin alıcılıq qabiliyyəti paritetinə uyğun səviyyədə olmasının ticarət ölkələri arasında ticarət tarazsızlığının qarşısını alacağına inanırdı.
“Sosial” iqtisadiyyat dedikdə, Kassel istehsalın davamlı bir proses kimi qəbul edilə biləcəyi bütün iqtisadi sistemi nəzərdə tuturdu. O, ictimai həyatı dəyişdirmək üçün siyasi hakimiyyətdən vasitə kimi istifadə edilməsini qəbuledilməz hesab edirdi. İqtisadi inkişafın tədricən təkamül nəticəsində həyata keçirildiyinə inanırdı.
Kassel qızıl standartını bərpa etmək üçün mübarizə aparırdı. O, sərbəst bazarların və sərbəst ticarətin tərəfdarı idi. Karl hər hansı bir ölkədə əhali artımının azalma meyli göstərdiyi təqdirdə qonşu dövlətlər tərəfindən geridə qalacağını iddia edirdi. Kassel ictimai işlər, işsizlik müavinətləri və kəsirin maliyyələşdirilməsinin bütün formaları kimi bütün keynesian təklifləri tənqid edirdi.
P.S. İsveçli iqtisadçı Karl Qustav Kassel varlı ailədə dünyaya gəlmişdir. Texniki elmlərə meyli olan Karl əvvəlcə mühəndislik ixtisasına yiyələnsə də, qısa müddət sonra Uppsala Universitetində riyaziyyat üzrə təhsil almışdır. Kassel məktəbdə riyaziyyat və fizika müəllimi kimi fəaliyyət göstərmiş, lakin çox keçmədən bu sahədən də yorulmuş, riyazi alətlərini iqtisadiyyata tətbiq etmək qərarına gəlmiş və Tübingen Universitetində iqtisadiyyat üzrə oxumuşdur.
Kassel iti ağıla malik idi və tez-tez faktiki materiallarla işləməkdə qibtə ediləcək bacarıq nümayiş etdirirdi. Bir müddət xarici səyahətlər etdikdən və alman, ingilis və isveç jurnallarında çoxsaylı məqalələr nəşr etdirdikdən sonra Karl iqtisadçı, xüsusilə pul iqtisadiyyatı üzrə mütəxəssis kimi ad qazanmağa başlamışdır.
Kassel 1904-1919-cu illərdə İsveç Maliyyə Nazirliyinin baş vergi mütəxəssisi vəzifəsində çalışmışdır. Birinci Dünya Müharibəsindən sonra pul dövriyyəsi məsələləri üzrə nəzəriyyəçi və mütəxəssis idi. Dünya pul probleminə dair Kasselin Memorandumu Millətlər Birliyi tərəfindən çap edilmiş və 1920-ci ildə Brüsseldə keçirilən beynəlxalq maliyyə konfransında təqdim edilmişdir. O, memorandumda alıcılıq qabiliyyəti pariteti nəzəriyyəsini əsaslandırmışdır. Onun təklifləri valyutalarını sabitləşdirmək üçün bir sıra Avropa ölkələri tərəfindən qəbul olunmuşdur.
Kassel Oksford universitetinin fəxri müəllimi seçilmişdir. İqtisadiyyat üzrə Nobel Mükafatı laureatları Qunnar Myurdal və Bertil Olin onun ən görkəmli tələbələri idi. Karl İngeborq Möller adlı xanımla ailə həyatı qurmuşdur.
Kassel əksəriyyətin bəyənmədiyi xüsusi nüfuzlu iqtisadçılar qrupuna aiddir. Uzun illər müəllimlik etdiyi Stokholm məktəbi Kasselin onların sevimli müəllimləri olan Knut Viksell ilə kəskin rəqabəti səbəbindən özünü ondan uzaqlaşdırmaq üçün əlindən gələni edirdi. Valrasın ardıcılları Qustavın ümumi tarazlıq işini bəyənsə də, onun fayda nəzəriyyəsinə etdiyi hücumlardan çəkinirdilər. Marşallın ardıcılları isə onu tam əks səbəbdən bəyənmirdi. Bem-Baverkin kapital və faiz nəzəriyyəsini ört-basdır etdiyinə görə avstriyalılar ondan narazı idilər. Keynesian məktəbi Keyns inqilabının ən səs-küylü müxaliflərindən olan Karla sevgi bəsləmirdi. Bütün bunlara səbəb isə Kasselin özündən razılığı, sərt şəxsiyyəti və başqalarının işini qəbul etməməsi idi.
İqtisadçı Hans Brems Kassel haqqında yazmışdır: “Kasseldən daha az səxavətli yazıçı tapmaq çətindir. Karl Marks ən azından Fransua Kene və David Rikardoya hörmət göstərirdi. Kassel isə heç kimə istinad verməmişdir. Qustav, Valras və Paretonun yolunu davam etdirsə də, onların heç birinin adını çəkməmişdir. Biz Kasselə onun başqaları ilə davrandığı kimi davranmamalıyıq. Ona bir pioner kimi hörmət etməliyik”. Bütün bu antipatiyaya baxmayaraq, Qustav Kassel 20-ci əsr iqtisadiyyatında nəhəng şəxslərdən biri olmuşdur.
Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva