Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

CİNİ KORRADO

  • Oxunub 790 dəfə

 (1884,Motta-di-Livenza, İtaliya - 1965, Roma, İtaliya)

 Əsərləri: “Əhalinin variativliyi və dəyişkənliyi” (1912), “Xarakterlərin konsentrasiyası və dəyişkənliyi ölçüsü” (1914), “Siyasi iqtisada dair mühazirələr” (1926), “Faşizmin elmi əsasları” (1927), “Statistik metodikanın xatirələri: dəyişkənlik və konsentrasiya” (1955), “Statistik metodikanın xatirələri: tərəqqi” (1960), “Statistikada məntiq” (1962)

Cini Korrado məşhur italyan iqtisadçısı olmuşdur. Korrado onun adını daşıyan və cəmiyyətdə gəlir bərabərsizliyi ölçüsü olan “Cini əmsalı”nı hazırlamışdır. Ona böyük populyarlıq gətirən, gəlirin bölgüsündə qeyri-bərabərlik dərəcəsini miqdarca qiymətləndirməyə imkan verən statistik göstərici olan bu əmsal Lorens əyrisinin cəbri şərhidir. Bu, müəyyən bir ölkənin və ya bölgənin əhalisinin təbəqələşmə dərəcəsini ifadə edən statistik göstəricidir. Burada əsas əlamət kimi xüsusilə müasir iqtisadi hesablamalarda ən çox istifadə edilən illik gəlir səviyyəsi götürülür. Cini əmsalının qiyməti 0 ilə 1 arasında dəyişir. Əmsalın 0 qiyməti gəlirlərin bölgüsündə mütləq (ideal) bərabərliyi göstərir. Əmsalın gəlirləri 1-ə yaxınlaşdıqda, cüzi gəlirləri olan mütləq əksəriyyətlə, çox böyük gəlirləri olan əhali azlığı arasında dərin uçurum əmələ gəlir, yəni, mütləq qeyri-bərabərlik yaranır. Real həyatda Cini əmsalı heç vaxt belə gəlir həddinə çatmır, əks halda bu cəmiyyətin məhvi demək olardı. Bərabər bölgü zamanı hər bir qrup öz sayına mütənasib olaraq gəlir əldə edir. Cini indeksi yalnız əhalinin gəlirlərini yox, həm də müxtəlif qrup işçilərin (cins əlamətinə görə, məşğulluq xarakterinə görə və s.) əmək haqlarının qeyri-bərabər bölgüsü dərəcəsini müəyyən etmək üçün istifadə oluna bilər.

Cini demoqrafik fenomeni ətraf mühitlə, eləcə də bioloji, iqtisadi və sosial aspektlərlə əlaqədar olaraq qiymətləndirilmişdir. O, sosial metabolizm anlayışını irəli sürmüşdür. Bu konsepsiyaya görə, cəmiyyətin yüksək təbəqələri aşağı təbəqənin yüksək səviyyəli bərpası hesabına yenilənməzsə, onda bu yüksək təbəqələrin təbii bərpasının aşağı səviyyədə olması onların tükənməsinə səbəb ola bilər.

Cini əhalinin tsiklik artım nəzəriyyəsini irəli sürmüşdür. Bu nəzəriyyəyə əsasən əhali iqtisadiyyatın inkişafı ilə əlaqədar olaraq artımın üç fazasını keçir: yüksək artım, stasionar vəziyyətə qədər ləngidici artım, əhalinin azalması. Üçüncü faza zamanı Korrado xarici iqtisadi amillərdən istifadə etməyi təklif edirdi. Onun fikrincə, belə yanaşma iqtisadiyyatın normal inkişafını patoloji inkişafdan fərqləndirməyə imkan verir.

Cininin əhalinin tsiklik nəzəriyyəsi mədəni millətlərin  genetik yaşlanması baxımından “demoqrafik azalma”sı ilə bağlı bioloji izahat verirdi. Yalnız “gənc” irqlərə qarışmaqla yenilənmə onlara yeni qüvvə verə bilər. Onun bu nəzəriyyədə gəldiyi əsas nəticə bu idi ki, beynəlxalq səviyyədə gənc xalqlar yaşlı xalqların hesabına genişlənməli idi. Əgər emiqrasiyanın sülh yolu baş tutması mümkün deyilsə, onda bu demoqrafik problemin lazımi həlli genişlənən müharibə ola bilər.

P.S. İtalyan iqtisadçısı, statistik, sosioloq, demoqraf Cini Korradonun valideynləri zəngin torpaq sahibləri olmuşlar. O, Bolonya universitetinin hüquq fakültəsinə daxil olmuş, burada əlavə olaraq statistika, riyaziyyat, iqtisadiyyat və biologiya üzrə də təhsil almışdır. 1920-ci ildə “Metron” statistik jurnalını, 1928-ci ildə Statistika Məktəbini, 1929-cu ildə əhalinin problemlərinin tədqiqi üçün İtaliya Komitəsini, 1934-cü ildə ilk beynəlxalq demoqrafik jurnal olan “Genus” jurnalını təsis etmişdir. Avropa, ABŞ, Yaponiya, Hindistan və Latın Amerikasının ən yaxşı universitetlərində dərs demişdir.

Korrado 1920-ci illərdə faşizmin tərəfdarı və aparıcı ideoloqlarından biri, Mussolininin yaxın adamlarından və demoqrafik məsələlər üzrə məsləhətçisi olmuş və nasist Almaniyası və faşist İtaliyasının II Dünya Müharibəsində qalib gələcəyinə ümid etmişdir. Lakin o, yəhudilərə qarşı yönələn tədbirləri heç vaxt dəstəkləməmişdir. 1932-ci ildə faşist hökuməti tərəfindən onun işinə müdaxilə edilməsinə etiraz olaraq istefa vermişdir.

Cini Valentina Poggioli ilə ailə qurmuş və onların bu evlilikdən iki qızı dünyaya gəlmişdir.

Cininin karyerası boyunca elmi işlərinin nəticəsi zəngin olmuşdur; təxminən 1000 elmi əsərin müəllifidir. O, günün əksər hissəsini, çox vaxt gecə yarısına qədər işləyirdi.

Korrado öz dövrünün avtomobil almış gənclərinə nifrət edirdi. Çünki Cini özü həyatının həmin mərhələsində cəmi bir kalkulyator ala bilmişdi. O, həmçinin onunla birgə namizədlik işini işləmək istəyən hazırlıqsız tələbələri pərt edərmiş.

Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva