Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

EDVARD HASTİNQS ÇEMBERLİN

  • Oxunub 710 dəfə

(1899, Vaşinqton, ABŞ – 1967, Kembric, ABŞ)

 Əsərləri: “İnhisarçı rəqabət nəzəriyyəsi” (1933), “Eksperimental qeyri-təkmil bazar” (1948), “Məhsul iqtisadi dəyişən kimi” (1953), “İnhisar və rəqabət dərəcəsinin ölçülməsi” (1954), “Dəyərin daha ümumi nəzəriyyəsinə doğru” (1957), “Oliqopoliyanın mənşəyi haqqında” (1957), “Əməyin inhisarçı gücü” (1957)

Edvard Çemberlin məşhur amerikalı iqtisadçılardan olmuşdur. Çemberlinin iqtisadiyyat elminə ən böyük töhfəsi inhisarçı rəqabət modelidir. O, inhisarçı rəqabət nəzəriyyəsinin banisidir. Çemberlin inhisarın mahiyyətinin hərtərəfli təsvirini vermiş, inhisar qiymətləri və inhisar mənfəətlərinin formalaşmasının təhlilini aparmışdır. Onun bu nəzəriyyəsi neoklassik nəzəriyyədə mükəmməl rəqabət abstraksiyasından inhisarın hökmranlığı şəraitində rəqabətin təhlilinə doğru ciddi bir dönüş nöqtəsi olmuşdur.

Edvard ənənəvi inhisar və rəqabət ziddiyyətinə qarşı çıxırdı. İnhisarçı rəqabətə bazarın normal tarazlıq vəziyyətinin, rəqabət sisteminin təbii, normal xüsusiyyətlərdən biri kimi baxırdı.

Çemberlin “məhsul fərqliliyi” terminini irəli sürmüşdür. Onun üçün təhlilin ən vacib kateqoriyası məhsul fərqliliyinin mümkünlüyüdür. “Təmiz” rəqabət (inhisar istisna olmaqla) və məhsul fərqliliyinin mümkünlüyünü nəzərə alaraq iqtisadçı belə nəticəyə gəlirdi ki, hər bir istehsalçı həqiqətən bir növ məhsulun inhisar sahibi ola bilər. Bu vəziyyət sayəsində, təmiz rəqabət inhisarçı rəqabətlə əvəzlənir. Məhsulları hər hansı fərdi xüsusiyyətlərə malik olan hər hansı bir firma (marka, qablaşdırma, reklama qədər) bu səbəbdən mallarına inhisar qazandırır və buna əsasən də qiymətləri artıra bilər.

Çemberlin istehsal konsentrasiyasını inhisar gücünün ortaya çıxması və güclənməsi üçün əsas hesab etmirdi. Onun fikrincə, geniş miqyaslı istehsal inhisarçılığı zəiflədən standart istehsaldır. Buna görə də o, belə iddia edirdi ki, məhsulların fərqləndirilməsi ilə müşayiət edilən böyük birliklərin parçalanması istehsalçıların monopoliya gücünü zəiflətməz, yalnız gücləndirə bilər.

Çemberlinin inhisarçı rəqabət nəzəriyyəsində əhəmiyyətli yeri inhisar mənfəəti kateqoriyası tutur. Adi və ya normal mənfəəti sahibkarlıq xidmətləri üçün ödəniş kimi xərclərə daxil edirdi. İnhisar mənfəətinin mənbəyi qiymətin xərclərdən artıq olmasıdır və bunu alıcı ödəyir. Və inhisar mənfəəti firmanın bütün istehsal amilləri arasında bölünür (mənfəət, sahibkarlıq gəliri və əmək haqqı arasında).

O, həmkarlar ittifaqlarını ən vacib inhisarçı qüvvə hesab edirdi. Onun fikrincə, məhz “inhisarçı-həmkarlar ittifaqları” tərəfindən əməyin qiymətinin artırılması əməyə tələbin azalmasının və işsizliyin əsas səbəbidir.

Çemberlinə görə, inhisarçı rəqabətin bazar mexanizmi prinsipcə əhəmiyyətli iqtisadi və sosial deformasiyalara səbəb olmur və dövlət müdaxiləsi tələb etmir.

P.S. Edvard Çemberlin ruhani ailəsində dünyaya gəlmişdir. Tələbəlik illərində Frenk Naytın ona böyük təsiri olmuşdur. O, Miçiqan, Harvard, Kopenhagen universitetlərinin professoru kimi çalışmışdır.

Çemberlinin elmi və yaradıcı fəaliyyətinin ən mühüm mərhələsi Harvard Universitetinin İqtisadi nəzəriyyə şöbəsinin rəhbəri seçildiyi dövr olmuşdur ki (1939-1943), o, burada Vasili Leontyev, Yozef Şumpeter və başqa məşhur iqtisadçılarla işləmişdir. 1948-58-ci illərdə Harvardın “Rüblük iqtisadiyyat jurnalı”nın redaktoru olmuşdur.

Klassik əsər kimi tanınan və müəllifə məşhurluq gətirən “İnhisarçı rəqabət nəzəriyyəsi”  kitabı 1933-62-ci illərdə ABŞ-da 8 dəfə təkrar nəşr edilmişdir.

Çemberlin  XX əsrin ortalarında Amerikanın ən nüfuzlu iqtisadçılarından biri hesab olunur. Qeyd etmək lazımdır ki, 1950-ci illərin sonlarından etibarən oyun nəzəriyyəsinin inkişafı ilə əlaqədar Çemberlinin modeli öz aktuallığını itirmişdir. 1970-ci illərdə Pol Kruqman beynəlxalq ticarətin nəzəri təhlili üçün inhisraçı rəqabət ideyalarını istifadə edərkən bu nəzəriyyə bir daha xatırlanmışdır.

Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva