Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

CEYMS MEYTLEND LODERDEYL

  • Oxunub 329 dəfə

(1759, Hatton Haus, Şotlandiya - 1839, Tirlsteyn, Şotlandiya)

 Əsərləri: “Şotlandiyanın müasirlərinə məktublar” (1794), “Maliyyə haqqında düşüncələr” (1797), “Cari maliyyə tədbirləri barədə məktub” (1798), “İctimai sərvətin təbiəti və mənşəyi, onun artma vasitələri və səbəbləri haqqında araşdırma” (1804), “Pul dövriyyəsinin həyəcanverici vəziyyəti haqqında düşüncələr” (1805), “Taxıl qanunları haqqında məktub” (1814)

Ceyms Meytlend Loderdeyl XVIII əsrin sonu, XIX əsrin əvvəllərində fəaliyyət göstərmiş iqtisadçılardan olmuşdur.

İqtisadçının “Loderdeyl paradoksu” adlanan konsepsiyasına görə, ictimai sərvət ilə xüsusi sərvət arasında tərs bir əlaqə vardır, belə ki, bunların birində artım yalnız digərində azalma bahasına ola bilər. Məsələn, ictimai sərvət azaldıqca özəl sərvət artır, çünki daha çox mal xüsusi mülkiyyətə keçir və onlar üçün bazar qiymətləri yüksəlir. O, xüsusi sərvəti ictimai sərvətin bir hissəsi kimi qəbul edirdi.

Loderdeyl Adam Smitin əmək-dəyər nəzəriyyəsinin qətiliklə səhv olduğunu bildirirdi. Onun sözlərinə görə, əmək dəyər ölçüsü deyildir, çünki onun öz dəyəri dəyişir. O iddia edirdi ki, məhsulların “həqiqi, daxili və ya sabit dəyəri” yoxdur. Ceyms hesab edirdi ki, dəyər əlavə etmək üçün iki şey lazımlıdır: 1. insan üçün faydalı və ya xoş olan məhsul onun arzusunun obyekti olmalıdır; 2. həmin məhsul çatışmazlıq dərəcəsində mövcud olmalıdır.

Loderdeyl məhsuldar və qeyri-məhsuldar əmək arasındakı fərqi rədd edirdi. Onun fikrincə, faydalılıq yaradan istənilən əmək məhsuldardır.

Pul məsələləri ilə əlaqədar olaraq, Loderdeyl konvertasiya imkanlarını dərhal bərpa etməyə çağırırdı. Lakin eyni zamanda dövlət xərclərini artırmağa səsləyən funksional maliyyə tərəfdarı idi.

Meytlend uzunmüddətli qiyməti müəyyənləşdirmək üçün tələb və təklif mexanizmindən istifadə olunmasını təklif etmişdir. Bu zaman məhsulun dəyər dərəcəsi onların miqdarı ilə onlara olan tələb arasındakı nisbətə görə dəyişəcəkdir. Bu ideyası ilə Loderdeyl marjinalist inqilabının öncüllərindən hesab edilə bilər.

İqtisadçı natamam istehlak nəzəriyyəsinin erkən tərəfdarlarından olmuşdur. O, həddən artıq qənaətin böhrana səbəb ola biləcəyi fikrini irəli sürmüşdür.

Loderdeyl kapitalın əməyin tamamlayıcısı deyil, əvəzedicisi olduğunu təklif edən ilk iqtisadçılardan idi.

Ceyms texnoloji işsizlik ehtimalını gündəmə gətirən şəxslərdən biri olmuşdur.

P.S. Şotlandiyalı zadəgan, mülkədar, hüquqşünas, siyasətçi, yazıçı, iqtisadçı Ceyms Meytlend Loderdeyl ailənin on iki övladından beşincisi olmuşdur. Edinburq və Qlazqo universitetlərində oxumuş, təhsilini Parisdə başa vurmuşdur. Hüquq təhsili alan Ceyms dərhal siyasi karyerasına başlamışdır. 1780-ci ildə, hələ atası Lordlar Palatasında oturan bir vaxtda, İcmalar Palatasına seçilmişdir. Bir müddət sonra Lordlar Palatasında xidmət etmişdir.

Deyilənə görə, aristokratik köklərinə baxmayaraq, məhz Paris şəhərində o radikallaşmışdı. Bir neçə dəfə bu şəhərə səfər edən Ceyms Fransız inqilabının qızğın tərədarlarından idi. Ekstremist olaraq, o, inqilab dövründə Parisdə olmuş və inqilabın liderlərindən olan Jan-Pol Maratın yaxın dostu kimi tanınırdı. Fransanın respublikaya çevrilməsinin çətinliklərinə şahid olan Loderdeyl oradan qayıtdıqdan sonra parlamentdə fransız maraqlarını qorumağa davam etmiş, Fransa ilə barışıq üçün səy göstərmiş və İngiltərədəki vətəndaş azadlıqlarına qarşı təzyiqlərə etiraz etmişdir. “Vətəndaş Meytlend” ləqəbi ilə tanınan, prinsipial, açıqsözlü, dəyişkən və kəskin xasiyyətli Ceyms çoxsaylı siyasi düşmənlər qazanmışdı. Nəticədə, o, növbəti dəfə parlamentə üzv seçilməmişdir. Parlamentdən xaric edildikdən sonra broşüralar yazmağa başlamışdır. Burada Loderdeyl baş nazirin iqtisadi siyasətini (gəlir vergisi və büdcə ilə bağlı) tənqid edirdi. Məhz bu tədqiqatları çərçivəsində o, iqtisadiyyatı oxumağa başlamışdır. Dövrün tanınmış iqtisadçısı Adam Smitin və Con Lonun əsərlərini oxuduqdan sonra onların nəzəriyyələrinin bir-birinə zidd olduğunu düşünmüş və Lonun haqlı, Smitin isə səhv olduğu qənaətinə gəlmişdir. Meytlend Adam Smitə dərin rəğbət bəsləsə də, onun bəzi iqtisadi fikirlərinə qarşı çıxırdı.

Ceymsin sərvət haqda yazdığı əsər büdcə profisiti və ya kəsirinin iqtisadi nəticələrinə və onun iqtisadiyyatın genişlənməsinə və ya daralmasına təsirinə diqqət çəkən ilk iş hesab olunur.

O, demokratiyanı dəstəkləyən radikal, islahatçı siyasi qrup olan Şotlandiya Xalqının Dostları Cəmiyyətinin qurucularından idi. Sonradan radikal əqidəsindən imtina etsə də, müstəqil düşüncəsi və sərhədsiz kapitalist iqtisadiyyatını kəskin tənqid etməsi ilə diqqət çəkməyə davam edirdi.

O, Loderdeyl qraflığının 8-ci qrafı olmuşdur. Ceyms Eleanor Todd adlı xanımla ailə qurmuş və onların bu evlilikdən on övladı dünyaya gəlmişdir. Onun yeddi oğlundan heç biri evlənməmişdi. Ceyms Böyük Britaniyanın baş naziri Artur Balfurun ulu babası idi.

Loderdeylin adı “Keynsdən əvvəl yüz böyük iqtisadçı” siyahısına daxildir.

Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva