CON ATKİNSON HOBSON
- Oxunub 399 dəfə
(1858, Derbi, Böyük Britaniya – 1940, London, Böyük Britaniya)
Əsərləri: “Qiymətlərdə inhisar elementi” (1891), “Maşınların məşğulluğa təsiri” (1893), “Sənayedə kollektivizm” (1896), “Azad ticarət və xarici siyasət” (1898), “Bölgü iqtisadiyyatı” (1900), “Sosial problem: həyat və iş” (1901), “İmperializm” (1902), “Sənaye sistemi” (1909), “Son məhsuldarlıq,” (1910), “Sərvət elmi” (1911), “İşsizlik iqtisadiyyatı” (1922), “Kapitalizmdən sosializmə” (1932), “Natamam istehlak” (1933)
Con Atkinson Hobson məşhur ingilis iqtisadçısı olmuşdur. Klassik iqtisadiyyatı tənqid edən Hobson iqtisadi nəzəriyyənin sosial rifahın etik problemləri ilə əlaqəli olduğunu bildirirdi.
Con natamam istehlak nəzəriyyəsini inkişaf etdirmişdir. İqtisadçı yığımın investisiyaya çevrildiyini, lakin investisiya xərclərinin özlüyündə gələcəkdə ifrat istehsala kömək etdiyini, beləliklə kapitalizmin xroniki ifrat istehsalın içində qalacağını qəbul edirdi.
Alim hesab edirdi ki, iqtisadiyyat elminin əsas vəzifəsi gəlirlərin daha bərabər bölüşdürülmə yollarını tapmaqdır. Hobson gəlirlərin düzgün bölüşdürülməməsinin həddindən artıq yığım və natamam istehlak yolu ilə işsizliyə səbəb olduğunu iddia edirdi. Bunun çıxış yolunu isə vergiyə cəlb edilmə və inhisarların milliləşdirilməsi yolu ilə gəlirlərin yenidən bölüşdürülməsi ilə “izafiliyin” aradan qaldırılmasında görürdü.
Hobson iqtisadi tənəzzülləri natamam istehlak ilə əlaqələndirirdi. Belə olduğu təqdirdə, inkişaf etmiş ölkələrin qeyri-sabitlikdən və böhrandan yalnız artıq kapitalın az inkişaf etmiş bölgələrə ixracı ilə xilas ola biləcəyinə inanırdı.
Con azad ticarətin sosial problemlərin həllində qüsurlarını tanıyan “yeni liberallar” nəslinin bir üzvü idi. O, sərbəst bazarlar, azad ticarətin müdafiəçisi olsa da, bazarların yoxsulluq, təhsil və ifrat istehsal kimi problemləri həll edə bilməyəcəyini qəbul edirdi.
Hobson əsərlərində bazar dəyərlərinə qarşı insan dəyərlərinin əhəmiyyətini vurğulayırdı. O, inhisarçılara qarşı mübarizə aparılmasının, həmçinin dövlətin pensiya və yoxsulluq kimi sahələrə aktiv müdaxiləsinin tərəfdarı idi.
İmperializmlə beynəlxalq qarşıdurma arasındakı əlaqələri araşdıran Conun fikrincə, imperial genişlənmə xaricdə yeni bazarlar və investisiya imkanlarının axtarılması ilə əlaqəlidir. Apardığı təhlillər nəticəsində imperializmin daha az siyasi ideologiya olduğu, əslində isə kapitalizmin məhsulu olduğu qənaətinə gəlmişdir. İqtisadçı çatışmazlıqların parlament demokratiyasının köməyi ilə aradan qaldırılacağına inandığı klassik kapitalizm modelinə qayıtmağa çağırırdı.
P.S. İngilis tarixçi, sosioloq, iqtisadçı Con Atkinson Hobsonun atası uğurlu qəzet naşiri kimi çalışmış, iki dəfə Derbi şəhərinin meri seçilmişdir. Con ailənin ikinci oğul övladı olmuşdur. Oksforddakı Linkoln kollecində təhsil aldıqdan sonra məktəb müəllimi olaraq fəaliyyət göstərmişdir. Lakin tezliklə diqqətini iqtisadiyyat elminə yönəltmişdir. Bir müddət universitetdə siyasi iqtisad mövzusunda mühazirələr oxumuşdur. Bu sahə üzrə akademik mövqeyini təmin edə bilmədiyi üçün jurnalistikaya üz tutmuşdur.
Hobson xaraktercə ümumi fikirlərə qarşı mübarizə aparan və kütləyə qarşı üsyan edən insan idi. Bacarıqlı müəllif olan yazar həm klassik, həm də neoklassik iqtisadiyyatın materialist metodologiyasının tənqidçisi kimi tanınır.
Siyasi fəal olaraq Con I Dünya Müharibəsinə və eləcə də İngiltərənin bu müharibədəki iştirakına qarşı çıxırdı, eyni zamanda həm Versal Müqaviləsinə, həm də Millətlər Birliyinə tənqidi yanaşırdı. O, müharibədən sonra islahatçı sosialist olmuşdur. “Yeni liberal” hərəkatın həvarisi sayılan Hobson Liberalları tərk etmiş və 1919-cu ildə İşçi Partiyasına qatılmışdır. Bundan sonra onun nüfuzu yüksəlmişdir. Müharibədən sonrakı illərdə əsərləri əvvəlkindən daha müsbət qiymətləndirilmişdir. Con faşizmə qarşı mübarizə aparan demokratik qüvvələrlə həmrəy olmuşdur.
Hobson, Maltusdan sonra ticarət dövriyyəsində natamam istehlak nəzəriyyəsini formalaşdıran və müdafiə edən ilk iqtisadçılardan biri idi. Con Meynard Keyns Hobsonu öz sələfi olaraq görürdü.
Sosialist olaraq Hobson, Karl Marksın nəzəriyyələrini rədd edirdi və kommunist inqilabının deyil, kapitalizmin islahatının tərəfdarı idi. Onun imperializm haqqında yazıları Vladimir İliç Leninə böyük təsir etmişdir. Leninin fikrincə, Hobson burjua sosial islahatçı və pasifist olmasına baxmayaraq, imperializmə mükəmməl və hərtərəfli tərif verə bilmişdir.
Uzun və məhsuldar ömür sürən iqtisadçı qırx doqquz il ərzində əlli üç kitab nəşr etdirmişdir. Hobsonun əsərləri ingilis leyboristləri və Amerika islahatçılarının baxışlarının formalaşmasına əhəmiyyətli təsir göstərmişdir.
Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva