Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

RİÇARD TEODOR ELİ

  • Oxunub 337 dəfə

(1854, Nyu-York, ABŞ - 1943, Old-Laym, ABŞ)

 Əsərləri:“Siyasi iqtisadın keçmişi və bu günü” (1884), “Günümüzün problemləri: tariflər, vergilər, inhisarlar” (1888), “Siyasi iqtisada giriş” (1889), “Xristianlığın sosial aspektləri” (1889), “Sosializm: təbiətinin, gücünün və zəifliyinin araşdırılması” (1894), “Xidmətin sosial qanunu” (1897), “Sərvətin paylanmasına münasibətdə əmlak və müqavilə” (1914)

Riçard Teodor Eli dövrünün ən nüfuzlu amerikalı iqtisadçılarından biri olmuşdur. Elinin iqtisadçı kimi böyük töhfəsi dövlət müdaxiləsinin olmamasını və klassik iqtisadiyyatın iqtisadi determinizmini qəbul etməməsində idi. O, iqtisadi həqiqətin nisbi xarakterini vurğulayırdı.

Riçard iqtisadçıların köməyi ilə hökumətin sosial problemlərin həllinə kömək edə biləcəyinə inanırdı. Tarixi və statistik yanaşmanı və iqtisadi islahatlara ehtiyac olduğunu qeyd edirdi. İqtisadçı iş şəraitini yaxşılaşdırmaq, məcburi təhsil, uşaq əməyini ləğv etmək, həmkarlar ittifaqlarının qurulması və onların hüquqlarını təmin etmək, iş günündə saat sayının azaldılması, immiqrasiya məhdudiyyəti və ümumiyyətlə kapitalizmin çatışmazlıqlarını aradan qaldırmaq üçün sosial islahatlar və hökumətin iqtisadiyyata daha çox müdaxiləsi üçün mübarizə aparırdı.

Riçard təkamül iqtisadiyyatının tərəfdarı idi. Əvvəlcə o, iqtisadiyyatın kooperativ birliyə doğru tədricən inkişafına ümid edirdi, lakin sonradan bu fikrindən geri çəkilmişdir. Bunun əvəzinə, diqqətini kommunal xidmətlər, telefonlar, dəmir yolları və faydalı qazıntı yataqları da daxil olmaqla milli inhisarlara dövlət mülkiyyəti kimi konkret məsələlərə yönəltmişdir.

Eli eyni zamanda sosializmi tənqid edirdi. Sosializmin lazım olmadığını iddia edən iqtisadçının fikrincə, sosializmin alternativi əsasən özəl mülkiyyətə əsaslanan mürəkkəb sosial-iqtisadi qaydadır. Eli özəl və dövlət müəssisələri arasındakı tarazlığın bir tərəfdən sosializm, digər tərəfdən plutokratiya tərəfindən təhdid edildiyini qeyd edirdi.

Eli işsizlik, kənd təsərrüfatının iqtisadiyyatı və kənd yoxsulluğu problemləri kimi məsələləri araşdırmışdır.

P.S. Amerikalı iqtisadçı, sosial islahatçı Riçard Eli ailədə üç uşaqdan böyüyü olmuşdur. O, 16 yaşınadək fermada yaşamışdır. Təsərrüfat həyatı ona bir çox dəyərli keyfiyyətlər aşılamışdır. Belə ki, Eli ferma ilə bağlı işlərdə ailəsinə kömək edirdi. O, taxta daşımaq, kərə yağı qarışdırmaq, tarlanın daşlardan təmizlənməsi və inək sağmaq kimi bir sıra vəzifələri yerinə yetirirdi.

Riçard Kolumbiya Universitetində bakalavr və magistr dərəcəsini oxumuşdur. Heydelberq Universitetində iqtisadiyyat üzrə fəlsəfə doktoru dərəcəsi almışdır. Burada tarixi iqtisadiyyat məktəbinə mənsub olan Karl Knis onun elmi məsləhətçisi olmuşdur. Eli daha sonra hüquq doktoru elmi dərəcəsini də əldə etmişdir.

Riçard Con Hopkins, Baltimor və Viskonsin Universitetlərində siyasi iqtisaddan dərs demişdir. 1894-cü ildə təlimlərində sosialist məzmunlu mətnlərə yer verdiyinə görə Elinin kafedradan uzaqlaşdırılmasına cəhd edilmiş, lakin bu, uğursuz olmuşdur. O, Con Rocers Kommons və Uesli Kler Mitçell, eləcə də ABŞ-ın 28-ci prezidenti Vudro Vilsonun müəllimi idi.

Eli bəziləri tərəfindən Amerikan institusionalist məktəbinin atası olaraq qəbul edilirdi. Bəziləri isə onu Amerika geyimli alman tarixçisi hesab edirdi.

Bir neçə qurumun yaradılmasında iştirak edən Eli Amerika İqtisadi Birliyinin həmtəsisçisi, birinci katibi, 1899-1901-ci illərdə isə altıncı prezidenti olmuşdur. O, həmçinin xristian prinsiplərinin dünyanın sosial problemlərinə tətbiq olunmasını müdafiə edən təşkilat - Xristian Sosial Birliyinin qurucusu və katibi idi. ABŞ-da klassik kapitalizmin islahına yönəlmiş “Proqressivizm dövrü” adlanan mütərəqqi hərəkatın aparıcı simalarından biri kimi xidmət etmişdir. I Dünya Müharibəsi dövründə Eli sülh uğrunda Liqanın fəaliyyətində iştirak edərək Amerikanın müharibə səylərinə xalq dəstəyi yaratmağı hədəfləyən siyasi hərəkatın fəal iştirakçısı olmuşdur.

Riçard işçi hərəkatı, sosializm və digər sosial məsələlərə dair geniş oxunan bir sıra kitabların müəllifidir. Əsərlərinin siyahısında 60-dan çox kitab və yüzlərlə məqalə vardır. Onun zəngin kitabxanasının əksəriyyəti Luiziana Universitetinə verilmişdir.

Eli ilk olaraq Anna Anderson adlı xanımla ailə həyatı qurmuş və onların bu evlilikdən dörd övladı dünyaya gəlmişdir. İqtisadçı 77 yaşında olarkən 33 yaşlı keçmiş tələbəsi Marqaret Hale Han ilə evlənmiş və iki övlad sahibi olmuşdur. Riçard Elinin yaşadığı ev 1974-cü ildən bəri tarixi yerlərin milli reyestrində siyahıya alınmışdır.

Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva