Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

DADLİ NORT

  • Oxunub 311 dəfə

(1641, Vestminster, Böyük Britaniya - 1691, London, Böyük Britaniya)

Əsərləri: “Xüsusilə faiz, sikkə, pulun kəsilməsi və artması ilə əlaqədar ticarət haqqında müzakirələr” (1691)

Dadli Nort iqtisadiyyatda merkantilist istiqamətin görkəmli nümayəndəsi olmuşdur. O, merkantilizmin “liberal” mövqeyinə aid idi.

Nort qeyd edirdi ki, sərvət qızıldan və ya gümüşdən asılı olmayaraq mövcud ola bilər. Onun fikrincə, sərvətin mənbəyi ya torpağın becərilməsinə, ya da istehsalına tətbiq olunan insan sənayesidir. Əslində xalqın sərvəti istehlakçı ehtiyaclarını ödəməkdən ibarətdir.

Dadli sərbəst ticarətin erkən tərəfdarlarından biri kimi tanınır. O, inqilabla güclənmiş qadağalar sisteminə qarşı sərbəst ticarət doktrinasını irəli sürürdü. Sərbəst ticarət mövzusunda bir maraqdan digərinə verilən hər hansı bir üstünlüyün cəmiyyət üçün zərərli olduğu fikrini müdafiə edirdi. Heç bir ticarət xalq üçün faydasız deyildir; elə olsaydı, ondan imtina edilərdi. Ticarət sürətlə inkişaf etdikcə, cəmiyyət də tərəqqi edir. Nort sələflərindən daha çox daxili ticarətin dəyərini vurğulayırdı.

Ticarəti təşviq etmək pərdəsi altında məhdudlaşdıran ticarət inhisarlarını pisləyən iqtisadçı iddia edirdi ki, bu, heç bir fayda gətirmir, ancaq qazancı bir tacirdən digərinə köçürür.

İqtisadçı hesab edirdi ki, ticarətin durğunluğunun pul çatışmazlığından yarandığını düşünmək səhvdir; bu, ya daxili bazarın həddindən artıq doymasından (ifrat istehsal), ya xarici ticarətin pozulmasından, ya da yoxsulluğun səbəb olduğu istehlakın azalmasından (burada natamam istehlak tezisinə işarə edir) yarana bilər. Hərəkətdə olarkən pulun ixracı azalmaq əvəzinə milli sərvəti artırır, çünki ticarət yalnız artıqlıq mübadiləsidir.

O, pulun metal əmtəə kimi real dəyərə, həmçinin əməliyyatlardakı əlverişli xidmətləri üçün əlavə dəyərə malik olduğunu qəbul edirdi. Dövriyyədə olan pulun həcmi müvəqqəti olaraq çox az və ya çox artıq ola bilər, amma nəticədə pulun miqdarı ticarət ehtiyaclarına uyğunlaşır.

Dadlinin fikrincə, kapital faizi, hər hansı bir əmtəənin qiyməti kimi, tələb və təklif nisbətindən asılıdır. Aşağı dərəcə kapitalın nisbi artımının nəticəsidir və başqalarının təklif etdiyi kimi, təsadüfi qayda və ya tənzimləmələrdən qaynaqlana bilməz. O vurğulayırdı ki, qiymətlər özü-özünü müəyyən etməlidir və qanunla müəyyən edilə bilməz. Onlara edilən bütün zorakı müdaxilələr fayda əvəzinə zərər gətirir.

Dadli ticarət məhdudiyyətlərinin və qiymət nəzarətinin aradan qaldırılmasının və ticarətin inkişaf etdirilməsi üçün aşağı faiz siyasətinin tərəfdarı idi. O düşünürdü ki, ticarət artan kimi “valyuta böhranı” da öz həllini tapacaq.

Norta görə, heç bir xalq dövlətin qaydaları ilə zəngin ola bilməz, buna yalnız sülh, sənaye, azadlıq və maneəsiz iqtisadi fəaliyyət vasitəsilə nail olmaq mümkündür. Onun yanaşmasına görə, şəhərlər dövlətə, ailələr də şəhərə bağlı olduğu kimi millətlər də dünyaya bağlıdır.

P.S. İngilis iqtisadçısı, tacir, siyasətçi Dadli Nort qədim və məşhur tacir və dövlət məmurları nəslindəndir. O, Nortun 4-cü baronunun beş oğlundan dördüncüsü olmuşdur. Kiçik yaşlarında olarkən qaraçılar tərəfindən qaçırılmış, lakin ailəsi onu geri qaytarmışdır. O, Gilfordun 1-ci baronu Frensis Nort və hüquqşünas, həvəskar musiqiçi Rocer Nortun qardaşı idi.

Dadli təhsilə xüsusi meyl göstərməmişdir. 17 yaşında olarkən atasının göstərişi ilə xarici ticarət sahəsinə baş vurmuş, Rusiya və Osmanlı imperiyası ilə ticarətlə məşğul olan xarici tacirin köməkçisi olmuşdur. Aralıq dənizi ticarəti ilə bağlı bir neçə il Konstantinopol və Smirnada (indiki İstanbul  və İzmir) yaşamışdır. Lakin sonradan işəgötürən ortağı ilə mübahisə etmiş və özü müstəqil şəkildə ticarət etməyə başlamışdır. Onun biznesi çiçəklənmiş və qısa müddətdə topladığı kifayət qədər böyük sərvətlə Londona qayıtdıqdan sonra ticarət işini davam etdirmiş, burada digər ticarət layihələrini maliyyələşdirmişdir. Bura Hindistanda ticarət edən Şərqi Hindistan Şirkətinə və Atlantik okeanı boyunca əsarətdə olan afrikalıları satan Royal Afrika Şirkətinə investisiyalar daxil idi. Onun ticarət haqqında bilikləri hökumətin diqqətini cəlb etmiş və qardaşı Frensis Nortun nüfuzu və təsiri ilə irəli çəkilmişdir.

1683-cü ildə Londonda şerif kimi çalışmışdır. Həmin ildə cəngavər tituluna layiq görülmüş və gömrük, daha sonra xəzinə komissarı təyin edilmişdir. Sonra yenidən gömrük rüsumlarının toplanılması üzrə komissiyanın üzvü olmuşdur. 1685-ci ildə Parlamentə üzv seçilmişdir. Bu dövrdə o, kral hakimiyyəti gəlirləri ilə bağlı bütün məsələlərə rəhbərlik edirdi. İngiltərədə 1688-ci il çevrilişindən sonra Dadli, digər yakobitlər ilə birlikdə İngiltərədən qaçmamış, Londonda qalmışdır. Lakin şerifin ofisində konstitusiyaya zidd hərəkətlərə yol verməsi (xüsusən 1683-cü ildə kenquru sınaqlarını təşkil etməsi) iddiası ilə mühakimə olunmuşdur. Buna baxmayaraq, Nort ittihamları rədd etmişdir.

O, ömrünün qalan illərini ticarət işinə, özünün və yaxınlarının sərvətini idarə etməyə sərf etmişdir. Dadli, özündən daha böyük sərvəti olan varlı dul və varis Anna Kann Qanninq adlı xanımla evlənmiş və onların bu izdivacdan bir oğlu olmuşdur.

İqtisadçının yeganə əsəri 1691-ci ildə ölümündən bir neçə həftə əvvəl az tirajla (qardaşının fikrincə, bu, kralın əmri ilə məhdudlaşdırılmışdır) anonim olaraq nəşr olunmuşdur. Qardaşı Rocer Nort 1744-cü ildə onun iqtisadi fikirlərini əks etdirən tərcümeyi-halını nəşr etdirmiş və bu ideyaların əhəmiyyəti Ceyms Mill tərəfindən aşkar edildikdən sonra yüksək qiymətləndirilmişdir. Halbuki Dadlinin əsəri 1822-ci ildə yenidən çap olunana qədər az diqqət çəkmiş və hətta müasirləri kitabın mövcudluğu barədə geniş məlumatlı olmamışlar. Əsər 1856-cı ildə London Siyasi İqtisadiyyat Klubu tərəfindən nəşr olunan Ticarətə dair Erkən İngilis Traktlarının Seçilmiş Kolleksiyasında Con Ramsey Mak-Kullox tərəfindən redaktə edilmişdir. Qısa və aforizm formasında yazılmış Nortun bu töfhəsi 17-ci əsrdə sərbəst ticarət nəzəriyyəsinin ən dolğun ifadəsidir.

Nort, alman iqtisadçısı, tarixi siyasi iqtisad məktəbinin banisi Vilhelm Georq Fridrix Roşer tərəfindən Con Lokk və Uilyam Petti ilə yanaşı 17-ci əsrin ingilis iqtisadçılar məktəbinin Avropada lider mövqe tutan üçlüyündən biri olaraq adlandırılmışdır. Bəziləri, onu bir əsr sonra Adam Smit tərəfindən irəli sürülmüş bir çox arqumentləri əvvəlcədən görən şəxs kimi qəbul edirdi. Çox adam iddia edir ki, Nort kapitalı ayrı bir istehsal amili olaraq fərqləndirən ilklərdən biri olmuşdur.

Lakin, iqtisadçı və onun əsəri ilə bağlı fərqli düşünənlər də var idi. Məsələn, Şumpeter bu broşuraya qarışıq bir traktat kimi baxır və Dadlinin liberal meylli digər müasir merkantilist yazıçılardan daha çox diqqət çəkmədiyini qeyd edirdi.

Nortun adı Mark Blauq tərəfindən hazırlanmış “Keynsdən əvvəl yüz böyük iqtisadçı” siyahısına daxil edilmişdir.

Hazırladı: böyük elmi işçi Gülnarə Fətəliyeva