Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

HENRİ TORNTON

  • Oxunub 317 dəfə

(1760, London, Böyük Britaniya – 1815, London, Böyük Britaniya)

Əsərləri: “İngiltərədə kağız kredtinin mahiyyəti və təsirlərinin tədqiqi” (1802), “İngiltərənin kommersiya maraqlarına görə sülhün ehtimal olunan təsirləri haqqında” (1802)

Henri Tornton XVIII əsrin sonu, XIX əsrin əvvəllərində yaşayıb-yaratmış məşhur ingilis iqtisadçılarından olmuşdur. Tornton pul nəzəriyyəçisi olduğu üçün əsasən faiz, pul dövriyyəsi, qiymətlər və bankçılığın valyutaya təsiri ilə əlaqədar fikirlər irəli sürmüşdür.

Henri pul nəzəriyyəsinə əhəmiyyətli töhfə vermişdir. Onun əsas uğuru pul təklifinin qiymət səviyyəsinə təsirinin dolayı mexanizminin təsviridir. Dolayı mexanizmin məntiqi aşağıdakı əsas məqamlara bağlıdır: kağız pulların əlavə buraxılışı faizlərin uçot dərəcəsini aşağı salır və kredit götürməyi asanlaşdırır; uçot dərəcəsi normal mənfəət səviyyəsindən aşağı olduqda, praktiki olaraq heç bir məhdudiyyət olmadan kredit götürmək və biznesi genişləndirmək üçün sərfəli olan şərait yaranır. Bu cür kredit genişlənməsinin qısa müddətli təsiri iqtisadi aktivliyin artmasıdır (“real” təsir). Kredit genişlənməsinin uzunmüddətli təsiri - nominal qiymət artımlarıdır; qiymətlərin artması, faizlərin uçot dərəcəsi ilə bərabərləşənə qədər normal mənfəətin real səviyyəsinin azalmasına və qiymətlərin artan səviyyəsi ilə tarazlığın bərpasına səbəb olur. Bu cür təsirin birbaşa mexanizmi metal pula söykənirdi və dövriyyə kanallarının onunla dolması halında pulun dəyərdən düşməsinə qədər enirdi.

Tornton təhlillərində uçot dərəcəsi ilə normal mənfəət arasındakı fərqin əhəmiyyətini ilk dəfə göstərmişdir. O, pulun yaranmasının İngiltərə Bankının uçot dərəcəsi ilə iqtisadiyyatın təbii faiz dərəcəsi arasındakı fərqdən asılı olduğunu qeyd edirdi. Henriyə görə, nominal pul təklifi bazar dərəcəsi ilə təbii dərəcə arasındakı fərqdən, pula olan tələb isə əksinə, bazar faiz dərəcəsindən asılıdır. Bazar faiz dərəcəsini təyin edən bank uçot dərəcəsi nəzərə alınmaqla, real şoklar pul təklifi və tələbində fərqli hərəkətlər yaradır. “Dövriyyənin sürətini” və onda baş verən dəyişkənliklərin etimad vəziyyətindən və biznes şəraitindən necə asılı olduğunu təhlil edən iqtisadçı “yüksək etimad dərəcəsi”nin pul dövriyyəsini sürətləndirdiyi qənaətinə gəlmişdir.

Henri nominal və real faiz dərəcələri arasındakı fərqi təyin edən ilk iqtisadçı olmuşdur. Məsələn, real faiz dərəcəsi 4 faiz olarsa və insanlar inflyasiyanı 3 faiz həddində gözləyərsə, nominal faiz dərəcəsi 7 faiz olacaq.

Pul bazasına nəzarət edə biləcək mərkəzi bank ideyasını irəli sürən Torntona görə, bazaya nəzarət etməklə mərkəzi bank bütün ölkənin pul ehtiyatını idarə edə, nəhayət, bununla da qiymət səviyyəsinə nəzarət edə bilərdi.

Henrinin nailiyyətlərindən biri sikkələr və banknotlarla yanaşı, veksel və depozitlər kimi kredit alətlərinin olduğu çoxsaylı ödəniş vasitələri ideyasını inkişaf etdirməsi idi. İqtisadçı kağız pul artımının dövrün iqtisadi fəlakətlərinin əsas səbəbi olduğunu bildirirdi. O, deflyasiyanın iqtisadiyyata ziyan vurduğunu qeyd edir, ani deflyasiya tədbirlərinin istehsalın azalmasına və işsizliyə (və ya “istehsal işində fasilə”yə) səbəb ola biləcəyi təhlükəsini vurğulayırdı.

Tornton kredit genişlənməsinin istehsal, məşğulluq və yığım səviyyəsinə təsirini təhlil etmişdir. O göstərirdi ki, əgər qiymət artımı davam edərsə, maaşlar isə əvvəlki kimi qalarsa, nəticədə ehtiyatlarda müəyyən artım olacaq, çünki işçilər, bu fərziyyəyə görə, daha az məhsul istehlak etmək məcburiyyətində qala bilər.

Henri beynəlxalq iqtisadi əlaqələrin pul aspektləri ilə bağlı fikirlər söyləmiş, qızılın ölkələr arasında tarazlığa doğru necə hərəkət edəcəyini göstərmişdir. O, tarazlığı bərpa etmək üçün nisbi qiymətlərin dəyişməsi ilə tənzimləmə mexanizminin necə işlədiyini araşdırmışdır (məsələn, tarazlıq, məhsulun zəif olması səbəbindən, sonra idxalın genişlənməsi ilə pozularsa).

Tornton proqressiv gəlir vergisini dəstəkləyirdi.

P.S. İngilis iqtisadçı, bankir, ictimai xadim, xeyriyyəçi və abolisionist Henri Torntonun atası Con Tornton Böyük Britaniyadakı evangelist hərəkatının ilk himayədarlarından biri, həmçinin tanınmış tacir və xeyriyyəçi olmuşdur. Ailənin dörd övladından kiçiyi olan Henri beş yaşında məktəbə getmişdir.

1778-ci ildən əmisi oğlu Qodfrey Torntonun Hesablama Palatasında çalışmışdır. İki il sonra atasının şirkətində işə düzəlmiş, bir müddət sonra ticarət praktikasını olduqca mənasız hesab etdiyindən, valideynlərinin etirazına baxmayaraq bank karyerasına başlamışdır.  “Down, Thornton & Free” bankının tərəfdaşı olmuş, sonralar bu müəssisə onun rəhbərliyi altında Britaniyanın digər şəhərlərində regional ofisləri olan Londonun ən böyük bank firmalarından birinə çevrilmişdir.

1782-ci ildən ömrünün sonuna qədər Britaniya Parlamentinin İcmalar Palatasının üzvü idi. Zəif natiq olan və parlamentdə nadir hallarda çıxış edən Henri burada hörmətli və dürüst insan kimi tanınırdı və həmyaşıdları onu bütün maliyyə məsələlərində səlahiyyət sahibi hesab edirdilər. Müstəqil millət vəkili olaraq Tornton 1783-cü ildə Amerika ilə barışa səs vermişdir.

Henri Dövlət Borcunun Auditi (1798), İrlandiya Birjası (1804), Dövlət Xərcləri Komitələrində (1807), eləcə də qızılın yüksək qiymətləri, xarici valyuta və ingilis valyutasının vəziyyətini diqqətlə öyrənən Külçə Komitəsində (1810) işləmişdir.

1797-1810-cu illər ingilis bank sistemində böyük dəyişiklik və qarışıqlıq dövrü idi və 1797-ci ildəki valyuta böhranı Torntonun iqtisadçı olaraq ən böyük töhfəsinə səbəb oldu. Henri, ingilis pul sistemini ətraflı şəkildə izah edən və İngiltərə Bankının funt dəyərindəki dalğalanmalara qarşı necə davranacağını detallı araşdıran çox əhəmiyyətli əsərini bu dövrdə ərsəyə gətirmişdir. Onun kitabı 100 ildən çox müddətə unudulsa da, 1930-cu illərdə yenidən tanınmışdır.

Tornton hazırladığı komitə hesabatında İngiltərə Bankının (direktoru onun böyük qardaşı Samuel Tornton idi) 1797-ci ildə dayandırdığı banknotlar və depozitlər müqabilində qızıl ödənişlərinin bərpa olunmasını müdafiə edirdi. Lakin təklif o vaxt yaxşı qarşılanmadı və istək əsasında qızılın geri alınması 1821-ci ilə qədər bərpa edilmədi. O, növbəti bir neçə ildə də bu tədbirlərin həyata keçirilməsində təkid etməyə davam etmiş və 1811-ci ildə bununla bağlı iki hesabat nəşr etdirmişdir.

Tornton, İngiltərə Bankını, həddindən artıq kağız pul buraxılışının ümumi qiymət artımından məsul olduğu iddialarına qarşı müdafiə edir və bankların yüksək qiymətlərə səbəb olmaq əvəzinə onu əks etdirdiyini qəbul edirdi. Lakin zaman keçdikcə İngiltərə Bankını daha çox tənqid etmiş və qızıl külçənin yüksək qiymətinin səbəbini araşdırdıqdan sonra kağız pul emissiyasında azalmanın tərəfdarı olmuşdur.

Henri kölə ticarətinin ləğvi üçün ən fəal təşəbbüskarlardan biri idi. O, həmçinin eşitmə əlilliyi olan insanların təhsilinin pionerləridən biri olmuşdur.

İqtisadçı 1796-cı ildə tacir qızı Marianna Sayks ilə ailə həyatı qurmuş və onların doqquz övladı dünyaya gəlmişdir. Henri və həyat yoldaşı 1815-ci ildə vərəm xəstəliyindən dünyasını dəyişmişdir. Cəmiyyət arasında soyuq və utancaq xarakterli görünsə də, qızı onu mehriban ata kimi təsvir edirdi. O, uşaqlarının təhsilinə və dini tərbiyəsinə çox əhəmiyyət verir, onların kiçik yaşlarından ictimai işlərdə faydalı olmalarına çalışırdı. Səxavətliliyi ilə tanınan Henri gəlirlərinin böyük hissəsini (subay olarkən gəlirinin yeddidə altı hissəsini, evləndikdən sonra isə üçdə birini) xeyriyyəçiliyə bağışlayıdı. Məsələn, gəlir vergisi tətbiq olunanda, verginin ədalətli şəkildə bölüşdürülmədiyini düşünərək, tələb olunduğundan artıq ödəniş edirdi. Tornton həyatı boyu aşırı işin yaratdığı simptomlar (yuxusuzluq, baş ağrısı və həzm şikayətləri) səbəbilə sağlamlıqdan əziyyət çəkirdi.

Uğurlu bankir, pul siyasəti nəzəriyyəçisi Tornton müasir mərkəzi bankın atası adlandırılır. O, 19-cu əsrin pul nəzəriyyəsi ilə bağlı işləri, uzaqgörən fikirləri ilə Fridrix Hayek, Con Meynard Keyns də daxil olmaqla müasir iqtisadçıların tərifini qazanmışdır. Con Stüart Mill Henrinin kitabını “ingilis dilində, ticarət icmasında kredit vermə və qəbul etmə rejimləri ilə tanış olduğum ən açıq sərgi” olaraq xarakterizə etmişdir. Karl Marksın da Torntonun əsərlərindən təsirləndiyi iddia edilir.

Torntonun adı Mark Blauq tərəfindən hazırlanmış “Keynsdən əvvəl yüz böyük iqtisadçı” siyahısına daxil edilmişdir.

Hazırladı: böyük elmi işçi Gülnarə Fətəliyeva