Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

CON REY

  • Oxunub 320 dəfə

(1796, Aberdin, Şotlandiya - 1872, Nyu York, ABŞ)

 Əsərləri: “Siyasi iqtisad mövzusunda bəzi yeni prinsiplərin xülasəsi” (1834)

Con Rey XIX əsrin tanınmış siyasi iqtisadçılarından olmuşdur. Con kapital nəzəriyyəsinin iki prinsipini ortaya qoymuşdur: əlavə kapital yalnız istehsal müddətini “uzatmaqla” istehsal həcmini artırır və müəyyən istehsal həcmi, gələcəkdə, vaxt üstünlükləri (seçimləri) səbəbindən cari eyni istehsal həcmindən həmişə daha az qiymətləndirilir. Bu iki prinsip, müvafiq olaraq təklif tərəfində və tələb tərəfində faiz dərəcəsinin müəyyənedicilərinə işarə edirdi. Rey bu iki elementin təhlilini “səmərəli yığım”ı texniki proses və zaman üstünlükləri arasındakı rəqabət olaraq təyin edən sosial və mədəni qüvvələrin araşdırılmasına əlavə etmişdir.

O, ümumilikdə sərvətin təbiəti və onun artmasını və azalmasını təyin edən qanunların fəlsəfi araşdırmaların əsl obyekti, yəni iqtisadçılar tərəfindən aparılan tədqiqatların mövzusu hesab edilməli olduğunu bildirirdi.

Rey, millətlərin sərvətini artırmağın iki prinsipin nəticəsi ola biləcəyini qeyd etmişdir: kapital yığılmasına səbəb olan yığım prinsipi və kapitalın artmasına səbəb olan ixtiraçılıq prinsipi. Bununla da o, yalnız kapital yığımını deyil, həmçinin texnoloji yeniliyi, ixtiranı iqtisadi inkişafın açarı kimi müəyyən etmişdir. İqtisadçı dahi insanların zəkası, müəyyən materialların çatışmazlığı, sosial dəyişikliklər, ehtiyacdan qaynaqlanan stimul və elm kimi elementləri ixtiraların inkişafının səbəblərinə daxil edirdi. Eləcə də Avropa və Amerikadakı xalqların zənginliyi və məşğulluğu üçün həyati əhəmiyyətli texnologiyaların təkamülünü və rolunu da şərh etmişdir.

Ümumiyyətlə, Con iqtisadi sistemlərdə innovasiya və texniki dəyişikliyin rolunu aydınlaşdırmaqla bağlı orijinal töhfəsinə görə biliyə əsaslanan endogen iqtisadi artım nəzəriyyəsinin pioneri olaraq qəbul edilir.

Rey proteksionizmin tərəfdarı idi. O, yeni yaranan şirkətlərə maliyyə və subsidiyaların ayrılmasını lazım bilir və qanunvericilərin elm və texnologiyanın inkişafını dəstəkləməli olduğuna inanırdı. Conun fikrincə, bunun üçün vəsait, təmtərağı azaldan və yığım etməyi təşviq edəcək dəbdəbəli malların idxalı ilə bağlı vergilərdən götürülə bilərdi. İqtisadçı, həmçinin ölkələrə patent qanunları, bankların tənzimlənməsi, təhsilə verilən subsidiyalar və yeni sənaye sahələrinin qorunması ilə “səmərəli yığım”ı təşviq etməyi təklif edirdi. Rey yığımın investisiya edilməsini zəruri hesab edirdi.

Con faizin gəlirliliyini, yəni indiki pulun gələcək pul üçün qurban verilməsini zamanın üstünlük dərəcəsi ilə əlaqələndirirdi.

Reyin iqtisadi təhlillərinin çoxu XIX əsrin əvvəllərində Kanada iqtisadiyyatı haqqında biliklərə əsaslansa da, onun nəzəriyyəsi bu gün inkişaf etməkdə olan iqtisadiyyatların problemləri ilə çox əlaqəlidir.

P.S. Şotlandiyalı-amerikalı iqtisadçı, həkim və müəllim Con Rey ailənin altıncı övladı olmuşdur. Onun atası tacir və gəmiçi idi. 1815-ci ildə Aberdin Universitetinin nəzdində Marişall kollecini sənətşünaslıq üzrə magistr dərəcəsi ilə bitirdikdən sonra Edinburq Universitetində tibb fakültəsində təhsil almışdır. 1817-ci ildə tibb təhsilini Parisdə davam etdirmiş, lakin bəzi səbəblərə görə oxumağı yarımçıq buraxmış, 1818-ci ildə atasının gəmiçilik biznesi ilə əlaqədar Norveçə səfər etməli olmuş, sonra Edinburqa qayıtmış və evlənmişdir.

Atasının biznesinin iflas etməsindən iki il sonra ailə vəziyyətindəki dəyişikliklər səbəbindən 1822-ci ildə həyat yoldaşı ilə birlikdə Kanadaya mühacirət etmiş, burada taxta satıcılığı, müəllimlik və tibb fəaliyyəti ilə məşğul olmuş, 1831-1832-ci illərdə Monrealda yaşamış, yerli jurnallarda iqtisadiyyatla bağlı məqalələr yazmışdır.

Kitabını nəşr etdirdikdən sonra Ontario ştatının Hamilton şəhərində gimnaziya direktoru vəzifəsinə təyin edilmişdir. 1837-ci il qiyamı zamanı Kanada Qüvvələrində xidmət etmiş və Niaqara yaxınlığında döyüşmüşdür. 1839-cu ildə “dini mövzularda qeyri-standart düşüncə tərzinə sahibdir” ifadəsi ilə müdir vəzifəsindən azad edilmişdir. Həyat yoldaşının ölümündən sonra Rey Bostona, daha sonra Nyu Yorka köçmüşdür. Mərkəzi Amerikaya getmiş, fizik kimi fəaliyyət göstərmişdir.

1848-ci ildə qızıl mədənçiləri ilə birlikdə Kaliforniyaya köçmüş, orada “qızıl hərisliyi” zamanı həkim kimi işləmişdir. Yoxsul və malyariyadan əziyyət çəkən Con kifayət qədər pul toplayaraq 1851-ci ildə Havaya getmiş, burada müəllim, hakim və həkim olaraq çalışmışdır. O, həmçinin geoloq idi və adaların geologiyası ilə bağlı məqalələr yazırdı. Con, eləcə də tarixçi idi və bu sahə üzrə də  məqalələr nəşr etdirirdi. 1871-ci ildə Amerikaya qayıtdıqdan bir il sonra Nyu Yorkda keçmiş tələbəsini ziyarət edərkən vəfat edən iqtisadçının cəsədi bir həftə sonra dəfn edilmişdir.

Adam Smitin “Xalqların Sərvəti” kitabını oxuyan Con olduqca məyus olmuş və buna cavab olaraq fikirlərini ortaya qoymaq və Smitin ideyalarını tənqid etmək üçün məşhur əsərini yazmışdır. Bu zaman o, otuz səkkiz yaşında idi. Onun əsəri “Kapitalın sosioloji nəzəriyyəsi” adı altında 1905-ci ildə yenidən nəşr edilmişdir.

Adam Smit və David Yumun nüfuzu sayəsində onun yazılarının təsiri 20-ci əsrə qədər davam etmişdir. İrvinq Fişer və avstriyalı iqtisadçı Oygen fon Bem-Baverk Reyin əsərlərini yüksək qiymətləndirmiş və müasir iqtisadiyyata verdiyi töhfəyə görə ona minnətdarlıqlarını bildirmişlər. Onun yazılarından Con Stüart Mill, Nassau Uilyam Senior və Yozef Şumpeter də təsirlənmişlər.

Kanada İqtisadi Birliyi 1994-cü ildən bəri hər iki ildən bir “son beş ilin ən yaxşı araşdırma rekordu” üçün Con Rey mükafatını kanadalı iqtisadçıya təqdim edir.

Hazırladı: böyük elmi işçi Gülnarə Fətəliyeva