Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

TOMAS EDVARD KLİFF LESLİ

  • Oxunub 292 dəfə

(1825, Ueksford, İrlandiya - 1882, Belfast, Böyük Britaniya)

 Əsərləri: “İrlandiya, İngiltərə və qitə ölkələrinin torpaq sistemi və sənaye iqtisadiyyatı” (1860), “Pul sevgisi” (1862), “Əmək haqqı haqqında” (1868), “Millətlər və beynəlxalq hüquq” (1868), “Adam Smitin siyasi iqtisadı” (1870), “Maliyyə islahatı” (1871), “İqtisadiyyat elmləri və statistika” (1873), “Alman siyasi iqtisadının tarixi” (1875), “Siyasi iqtisad və sosiologiya” (1879), “Faiz və mənfəətin tarixi və gələcəyi” (1881)

Tomas Edvard Kliff Lesli ingilis tarix məktəbinin aparıcı simalarından biri olmuşdur. Leslinin işləri iki kateqoriyaya bölünür: siyasi iqtisad və elmin fəlsəfi metodunun müzakirəsi. O, İrlandiya, İngiltərə və qitə ölkələrinin torpaq sistemləri və sənaye iqtisadiyyatını araşdırmışdır. Belçika, Fransa və Almaniyanın daha az tanınan bölgələrinə tez-tez səfərləri zamanı iqtisadçı bir çox iqtisadi və sosial müşahidələr aparmış, hər bir bölgədə hökm sürən həyat sistemlərinin və təsisatların sakinlərin maddi və mənəvi vəziyyətinə təsirini öyrənmişdir.

Edvard torpaq məsələsinin həm İrlandiyada, həm də İngiltərədə ictimai rifahın mərkəzi mövzusu olduğunu vurğulayırdı. O, hər iki ölkənin ərazi sistemlərinin feodal mənşəli tarixi elementlərlə həddən artıq yüklənməsi səbəbindən müasir sənaye cəmiyyətinin məqsədləri üçün istifadəyə tamamilə yararsız olduğunu göstərməyə çalışırdı.

Tomas qeyd edirdi ki, İngiltərədə torpaqla bağlı sadə məhkəmə təcrübəsi olsaydı, vəsiyyət əsasında bərabər miras haqqında qanun, mirasın qadağan edilməsi, kirayəçilər üçün hüquqi dəstək, mülkiyyət hüquqlarının açıq qeydiyyatı və xeyli miqdarda kəndli mülkünün İngiltərənin kənd təsərrüfatına verilməsi çoxdan ictimaiyyətin düşüncəsində İrlandiya torpaq sisteminə qarşı təkzibedilməz etirazlara səbəb olardı.

İngilis kapitalist kənd təsərrüfatının genişləndirilməsini tələb etmək əvəzinə Kliff İrlandiya problemlərinin həlli olaraq kiçik sahibkarlar (mülkiyyətçilər) üçün torpaq islahatı aparılmasını tövsiyə edirdi.

İqtisadçı empirik yanaşmasını müxtəlif digər iqtisadi məsələlərə də tətbiq etmişdir. 1870-ci illərdə qızıl tədarükü ilə qiymət səviyyələri arasındakı statistik əlaqə haqqında geniş yazılar yazmışdır.

İstehlakçıların hüquqlarının müdafiəsi mənasını verən “istehlakçı suverenliyi” fikrini inkişaf etdirən Edvard tələbin təhlilinin tarixi və institusional baxımdan əsaslandırılmasının lazım olduğunu israr edirdi.

Tomas büdcələrdə hökm sürən dolayı vergi sistemininin əleyhinə idi.

Siyasi iqtisadda induktiv metodun tərəfdarı olan Lesli hesab edirdi ki, iqtisadiyyatın əsas qanunları induksiya yolu ilə əldə edilməlidir. O, həmçinin 19-cu əsrin sonlarında dəbdə olan tarixi və institusional yanaşmaya da üstünlük verirdi. O, köhnə ortodoks iqtisadiyyat məktəbini yalnız tarixi inkişaf nöqteyi-nəzərindən və müxtəlif amillərin (siyasi, milli, məişət və s.) təsiri altında düzgün izah edilə bilən iqtisadi hadisələri birtərəfli və mücərrəd işıqlandırdığına görə kəskin tənqid etmişdir.

P.S. İrlandiyalı hüquqşünas alim və iqtisadiyyat tarixi üzrə mütəxəssis Tomas Edvard Kliff Lesli şotland əsilli ailədə dünyaya gəlmiş və ailənin ikinci oğul övladı olmuşdur. Onun atası keşiş kimi fəaliyyət göstərmişdir. Tomas ibtidai təhsilini atasından almış, latın, yunan və ivrit dillərini öyrənmiş, sonra gimnaziya təhsilini tamamlamaq üçün İngiltərəyə yola salınmışdır. İstedadlı şagird olan Edvard on beş yaşında olarkən Dublin Triniti Kollecinə daxil olmuş və buranı etika və məntiq üzrə mükafatlarla (qızıl medalla) bitirmişdir. Sonra hüquq fakültəsinin tələbəsi olmuşdur.

Lesli hüquqşünas kimi karyerasına başlamış, lakin əvvəldən iqtisadiyyata xüsusi maraq göstərmişdir. Hüquq sahəsi ilə müqayisədə akademik sahədə daha yaxşı xidmət göstərən Tomas 1853-cü ildə Belfastdakı Kral Universitetində hüquq və siyasi iqtisad professoru təyin edilmiş və ömrünün sonuna qədər bu vəzifədə qalmışdır. O, Dublin Statistika Cəmiyyətinin fəal üzvü idi və 1852-1853-cü illərdə İrlandiya şəhərlərində geniş ictimaiyyətə siyasi iqtisad mövzusunda mühazirələr keçmişdir.

Tomas klassik rikardian nəzəriyyəsinin görkəmli sərt tənqidçisi kimi tanınır. O, ingilis klassik iqtisadi məktəbinin nümayəndələrinin (xüsusilə David Rikardonun) deduktiv metodlarının əleyhinə çıxış etmişdir.

Con Stüart Mill Leslini siyasi iqtisad sahəsində ən yaxşı yazarlardan biri adlandırmışdır. Mill onun istedadına heyran idi, onunla ünsiyyətdən zövq alır və ona hörmət və mehribanlıqla yanaşırdı, Tomas da bunu həmişə minnətdarlıqla qəbul edirdi.

Edvardın adı Mark Blauq tərəfindən hazırlanmış “Keynsdən əvvəl yüz böyük iqtisadçı” siyahısına daxil edilmişdir.

Hazırladı: böyük elmi işçi Gülnarə Fətəliyeva