KARL HANS EMİL FON MANQOLDT
- Oxunub 561 dəfə
(1824, Drezden, Almaniya - 1868, Visbaden, Almaniya)
Əsərləri: “Sahibkarlıq mənfəəti nəzəriyyəsi” (1855), “İqtisadiyyat” (1866)
Karl Hans Emil fon Manqoldt XIX əsrin tanınmış alman iqtisadi nəzəriyyəçilərindən biri olmuşdur.
Karl sahibkarlıq mənfəəti nəzəriyyəsinin müəllifi kimi tanınır. Manqoldt sahibkarlıq mənfəətini müəyyən bazarların axtarışı, məhsuldar agentlərin ağıllı şəkildə cəlb edilməsi, istehsal amillərinin düzgün miqyasda bacarıqlı formada birləşməsi, uğurlu satış siyasəti və son nəticədə yeniliklər də daxil olmaqla geniş fəaliyyət üçün mükafat olaraq xarakterizə edirdi.
Hans əsərlərində sahibkarlıq mənfəəti ilə sahibkarlıq riski olan sahibkarın şəxsiyyəti arasındakı əlaqəni araşdırmışdır. O, sahibkarın ən əhəmiyyətli funksiyasının istehsal müstəvisində düşündüyü riskləri tam olaraq öz üzərinə götürmək olduğuna inanırdı. Manqoldta görə, sahibkarın rolu həmçinin qeyri-müəyyən vəziyyətdə qərar verməkdir. Belə ki, sahibkar yarana biləcək investisiya dalğalanmaları ilə əlaqədar müstəqil olaraq qərar qəbul etmək məcburiyyətindədir.
Karl sahibkarı kapitalistdən ayıran ilk müəlliflərdən biri idi və sahibkarlıq mənfəətini risk etməklə əlaqələndirirdi. O, “sifariş üçün istehsal” və “bazar üçün istehsal” anlayışlarını bir-birindən ayırırdı. Sifariş üçün istehsalda müştəri məlum olduğu və qiymət müəyyən edildiyi üçün gəlirə zəmanət verilir, buna görə də risk minimaldır və ya ümumiyyətlə yoxdur, yəni istehsal prosesinin və son məhsulun satışının qeyri-müəyyənliyi aradan qaldırılır. Bazar üçün istehsalda belə bir qeyri-müəyyənlik mövcuddur, çünki məhsul müəyyən edilməmiş tələbat və bilinməyən qiymətlə satış üçün nəzərdə tutulmuşdur, yəni sahibkarın üzərinə götürdüyü risk dərəcəsi ilə bağlı sual yaranır. Bunun üçün iqtisadçı tədqiqatına zaman faktorunu daxil etmişdir. Manqoldt hesab edirdi ki, müddət nə qədər uzun olarsa, sahibkar üçün risk və itki ehtimalı o qədər yüksək, mümkün müvəffəqiyyətin əldə edilməsi bir o qədər az və buna görə də gözlənilən mükafat bir o qədər çox olar.
İqtisadçı sahibkarlıq gəlirlərini üç hissəyə ayırırdı:
1. Sığortalanmayan risklərə görə mükafat (risk üçün qoyulan investisiyaların qaytarılmasıdır);
2. Sahibkarın faizləri və əmək haqqısı (kapitaldan istifadə və istehsal səyləri ilə bağlıdır);
3. Sahibkarlıq icarəsi və ya fərqli bacarıqlara, başqasına məxsus olmayan aktivlərə görə ödənişlər (aktivlərin tutumunu və ya spesifikliyini nəzərə alır).
P.S. Karl Hans Emil fon Manqoldt doğulduğu şəhərdəki (Drezden) gimnaziyada, daha sonra Leypsiq Universitetində hüquq üzrə oxumuşdur. Cenevrə Akademiyasından sonra Tübingendə təhsilini davam etdirmiş və 1847-ci ildə siyasi elmlər üzrə doktorluq dərəcəsini almışdır.
Hans Xarici İşlər Nazirliyində işə qəbul olmuşdur. Bu dövrdə həmçinin jurnalist karyerasına başlamış və “Drezden jurnalı”nın redaktəsini öz üzərinə götürmüşdür. Lakin 1850-ci ildə hökumət 1848-ci il konstitusiya dəyişikliklərini ləğv etdikdə o, dövlət qulluğunu tərk etmişdir.
İlk əhəmiyyətli əsərinin nəşri ilə akademik fəaliyyətə başlamışdır. Əvvəlcə Gettinqen, bir müddət sonra Karl Knisin tövsiyəsi ilə Frayburq Universitetində professor kimi çalışmışdır.
Manqoldt 44 yaşında ürək tutmasından dünyasını dəyişmişdir. Onun iqtisadçı kimi karyerası cəmi 16 ilə qədər davam etmişdir.
İdeyalarının əhəmiyyətli olmasına baxmayaraq, Karlın sağlığında gördüyü işlər demək olar ki, diqqətdən kənarda qalmışdır. Bununla belə, ölümündən sonra Manqoldtun töhfəsi Frensis İsidro Edcuort, Yozef Şumpeter və Frenk Nayt kimi nəzəriyyəçilərə xüsusilə güclü təsir etmişdir.
Hazırladı: böyük elmi işçi Gülnarə Fətəliyeva