NİKOLAY DMİTRİYEVİÇ KONDRATYEV
- Oxunub 339 dəfə
(1892, Viçuqa, Rusiya İmperiyası - 1938, Moskva, SSRİ)
Əsərləri: “Dünya iqtisadiyyatı müharibə zamanı və sonrası onun konyunkturası” (1922), “Dünya iqtisadiyyatı və böhrana dair bəzi mübahisəli suallar” (1923), “Böyük iqtisadi dövrlər” (1925), “Proqnozlaşdırma problemləri” (1926), “Sənaye və kənd təsərrüfatı qiymətlərinin dinamikası” (1928), “İqtisadi statika və dinamikanın əsas problemləri” (1934)
Nikolay Kondratyev Sovet iqtisadiyyatının erkən aparıcı simalarından biri olmuşdur. O, “Kondratyev dalğaları” kimi tanınan iqtisadi dövrlər nəzəriyyəsinin banisidir. Həmçinin “uzun dalğalar” kimi adlandırılan bu konsepsiya, XX əsrin ikinci yarısında, iqtisadçıların iqtisadi həyatda qlobal və uzunmüddətli tendensiyalara xüsusi diqqət ayırmağa başladığı dövrdə xüsusilə populyarlaşmışdı.
Alimin fikrincə, bazar iqtisadiyyatında orta müddətli dövrlərdən (8-12 il) əlavə, uzunmüddətli dövrlər də (50-55 il), yəni “konyunkturanın böyük dalğaları” vardır. O, 140 illik dövr üçün (1780-1920-ci illər) İngiltərə, Fransa, Almaniya və ABŞ kimi ölkələr, eləcə də bütövlükdə dünya iqtisadiyyatı üçün statistik materialları (qiymət dinamikası, kredit faizləri, əmək haqqı, xarici ticarət göstəriciləri, əsas sənaye məhsullarının istehsal həcmləri) işləyib hazırlamışdı. Təhlil olunan müddət ərzində Kondratyev iki tam dövrü (1780-ci illərdən 1840-cı illərədək və 1850-ci illərdən 1890-cı illərədək) və üçüncü dövrün başlanğıcını (1900-cü illərdən) müəyyənləşdirmişdi. Hər dövr yüksəliş və enmə mərhələlərindən ibarətdir. Kondratyev hesab edir ki, uzun bir dövrün müddəti cəmiyyətin kapital mallarının əsas elementlərdən olan istehsal və infrastruktur obyektlərinin orta ömrü ilə müəyyən edilir (təxminən 50 il). Eyni zamanda, “əsas kapital malları”nın yenilənməsi rəvan şəkildə deyil, əksinə təkanlarla baş verir və elmi-texniki ixtiralar və yeniliklər bunun üçün həlledici rol oynayır.
İqtisadi dövrlərin dinamikasında Kondratyev bəzi qanunauyğunluqları müəyyənləşdirmişdir. Belə ki, böyük dövrün “yuxarı” mərhələsi (yüksəliş fazası), onun fikrincə, yüksək yığım intensivliyi, təklifin nisbi bolluğu və kredit kapitalının ucuzluğu, yığım və uzunmüddətli kapital qoyuluşunu stimullaşdıran aşağı əmtəə qiymətləri olduğu şərtlərdə baş verir.
İstehsal şəraitində köklü dəyişikliklərə səbəb olan böyük strukturlara əhəmiyyətli sərmayələr sərfəli olduqda, yığılmış texniki ixtiraların geniş tətbiq olunduğu, yeni istehsal gücləri yaradıldığı zaman nisbətən möhtəşəm yeni tikinti dövrü başlayır. Beləliklə, intensiv kapital yığımı iqtisadiyyatın nəinki uzun sürən böyümə mərhələsinə daxil olması üçün, həm də bu mərhələnin inkişafı üçün şərtdir.
“Aşağı” mərhələyə (tənəzzül mərhələsi) keçid üçün təkan kredit faizinin artmasına və nəticədə iqtisadi fəaliyyətin azalmasına və qiymətlərin enməsinə səbəb olan kredit kapitalının olmamasıdır. Eyni zamanda, iqtisadi həyatın depressiv vəziyyəti daha ucuz istehsal üçün yeni yollar, yəni texniki ixtiralar axtarmağa sövq edir. Lakin bu ixtiralar, sərbəst pul kapitalının bolluğu və ucuzluğu istehsaldakı köklü dəyişiklikləri yenidən rentabelli hala gətirəcəyi zaman növbəti “yuxarı” dalğada istifadə ediləcəkdir.
Kondratyev qeyd edir ki, sərbəst pul kapitalı və aşağı faiz dərəcələri, dövrün “yuxarı” mərhələsinə keçid üçün zəruri, lakin kifayət olmayan şərtdir. Pul kapitalının yığılması özlüyündə iqtisadiyyatı depressiyadan çıxarmır, əksinə cəmiyyətin elmi və texnoloji potensialını aktivləşdirir.
Kondratyevə görə, dövlət planlaşdırma yolu ilə milli iqtisadiyyata təsir edə bilər və etməlidir. O hesab edirdi ki, səmərəli kənd təsərrüfatı sektoru sənaye də daxil olmaqla bütün iqtisadiyyatın böyüməsini təmin edə bilər. Bu səbəbdən onun təklif etdiyi planlaşdırma konsepsiyası həm sənaye, həm də kənd təsərrüfatı sektorunda tarazlı və eyni vaxtda yüksəlişi nəzərdə tuturdu.
P.S. Rus iqtisadçısı və statistiki Nikolay Kondratyev kəndli ailəsində dünyaya gəlmiş və on uşaqdan böyüyü olmuşdur. Atası kəndli təsərrüfatı ilə məşğul olmuş və eyni zamanda fabrikdə fəhlə kimi çalışmışdır. Nikolay Sankt-Peterburq Universitetinin hüquq fakültəsində təhsil almışdır.
Sosialist-inqilabçı bir partiyanın üzvü olan Nikolay ilk peşəkar tədqiqatlarını aqrar iqtisadiyyat, statistika və qida tələbi problemləri ilə bağlı aparmış, Oktyabr inqilabından sonra isə özünü elmi tədqiqatlara həsr etmişdir. 1920-ci ildə Moskvada Konyuktura İnstitutunu qurmuşdur. O, elmi araşdırmalar ilə bağlı İngiltərə, Almaniya, Kanada və ABŞ-a səfər etmişdir. ABŞ-da olarkən, hələ seminariyada oxuyarkən tanış olduğu və ömrünün sonuna qədər yaxın dostu olmuş, Rusiyadan qovulan Pitirim Sorokin ona Amerikada qalmağı təklif etsə də, Kondratyev imtina etmişdir.
1921-ci ildə Yevgeniya Davıdovna Dorf adlı xanımla ailə həyatı qurmuş və onların bu izdivacdan bir qızı dünyaya gəlmişdir.
Nikolay SSRİ-də Yeni İqtisadi Siyasətin tərəfdarı olmuş və onun iqtisadi siyasətə ciddi təsiri 1927-ci ilə qədər davam etmişdir. 1930-cu ildə saxta ittihamla - var olduğu iddia edilən qeyri-qanuni İşçi Kəndli Partiyasının üzvü olmaqda günahlandırılaraq 8 il müddətinə həbs cəzası almışdır.
“Qolçomaq professoru” adı ilə mühakimə olunan Kondratyev pis şərait səbəbindən sağlamlığını itirsə də, tədqiqatlarını davam etdirmişdir. 1938-ci ildə İosif Stalin tərəfindən həyata keçirilən siyasəti dövründə ikinci dəfə mühakimə olunmuş və xarici aləmlə əlaqə qurması qadağan olunan şərtlərlə daha 10 il müddətinə həbsi uzadılmışdır. Buna baxmayaraq, hökmün elan olunduğu gün güllələnərək öldürülmüşdür. Həmin vaxt onun 46 yaşı var idi. Ölümündən təqribən 50 il sonra adı təmizə çıxarılmış və etibarı bərpa olunmuşdur.
Kondratyevin fikirlərinin populyarlaşdırılmasında Yozef Şumpeterin böyük rolu olmuşdur. Məhz Şumpeter “Kondratyev dalğaları” ifadəsini irəli sürmüşdür. Qeyd etmək lazımdır ki, Kondratyev apardığı təhlillər sayəsində 1929-1933-cü illərdəki Böyük Depressiyanı başlamazdan bir neçə il əvvəl təxmin edə bilmişdi.
Kondratyev demək olar ki, bütün inkişaf etmiş Qərb ölkələrində keynsçilərin təkidi ilə müharibədən sonrakı onilliklərdə tətbiq olunan indikativ planlaşdırma nəzəriyyəsi və praktikasının qurucusu hesab edilir. Onun rəhbərliyi altında 1923-1928-ci illəri əhatə edən kənd və meşə təsərrüfatının inkişafı üçün uzunmüddətli plan hazırlanmışdır. Bu, “Kondratyev kənd təsərrüfatı beşillik planı”adlanırdı. İqtisadçı eyni zamanda direktiv planlaşdırmanı tənqid edirdi.
Hələ sağlığında əsərləri ölkə hüdudlarından kənarda məşhurlaşan alim bir çox xarici iqtisadi və statistik cəmiyyətin üzvü seçilmişdir. O, öz dövrünün ən böyük iqtisadçıları olan Uesli Kler Mitçell, Saymon Smit Kuznets, İrvinq Fişer, Con Meynard Keyns ilə şəxsən tanış idi və onlarla yazışırdı.
YUNESKO-nun qərarı ilə 1992-ci il bütün dünyada alimin xatirəsi ili kimi qeyd olunmuşdur.
Hazırladı: böyük elmi işçi Gülnarə Fətəliyeva