OLBAN UİLYAM FİLLİPS
- Oxunub 726 dəfə
(1914, Dannevirk, Yeni Zelandiya - 1975, Oklend, Yeni Zelandiya)
Əsərləri: “İqtisad elmində dinamik modellər” (1953), “Qapalı iqtisadiyyatda sabitləşmə siyasəti” (1954), “1861-1957-ci illər arasında Böyük Britaniyada nominal əməkhaqqının dəyişmə sürəti ilə işsizlik arasındakı asılılıq” (1958), “Məşğulluq, inflyasiya və iqtisadi artım: ilk məruzə” (1962)
Uilyam Fillips XX əsrin tanınmış iqtisadçılarından biridir. Onun iqtisadiyyat elminə ən böyük töhfəsi 1958-ci ildə irəli sürdüyü “Fillips əyrisi”dir.
Fillips əyrisi nominal əmək haqqının artım tempi və işsizlik arasında asılılığın mövcudluğunu əks etdirir. İqtisadçı işsizlik səviyyəsi və əmək haqqının artım tempi arasında əks asılılığın mövcudluğunu sübut etmişdir. Belə ki, o, Britaniya ilə bağlı məlumatlara əsaslanaraq apardığı təhlillər nəticəsində belə qənaətə gəlmişdir ki, işsizlik səviyyəsi yüksək olduqda, əmək haqqı stabil qalır, ya da aşağı düşür. Əksinə, işsizlik aşağı olduqda, əmək haqqı sürətlə yüksəlir. Fillipsin orijinal əyrisi əmək haqlarının davranışlarını təsvir edirdi.
Fillips tədqiqatları nəticəsində müəyyən etmişdir ki, Böyük Britaniyada təxminən 2,5%-lik işsizlik səviyyəsində əmək haqqı ildə təqribən 2% artır ki, bu da, uzunmüddətli artım tendensiyasına uyğun olaraq məhsuldarlıq da 2% artdığı təqdirdə sabit qiymətlərə gətirib çıxarır.
“Fillips əyrisi” haqda bir neçə mümkün izah mövcuddur. Əsas izahlardan biri budur ki, əmək haqqı qismən inhisar mühitində ikitərəfli danışıqlar yolu ilə müəyyən edilir: işsizlik səviyyəsi yüksəldiyi təqdirdə işçilərin bazar gücü zəifləyir və nəticədə işəgötürənin müqaviməti qarşısında işçilər əmək haqlarının artırılmasına az təzyiq göstərə bilirlər. Ona görə də, işsizlik artdığı zaman əmək haqlarının artım tempi aşağı düşür.
Qeyd etmək lazımdır ki, Fillipsin təqdim etdiyi münasibət iqtisadi nəzəriyyəyə əsaslanmırdı, əksinə, əlaqənin ilkin riyazi forması tamamilə empirik mahiyyət daşımışdır.
Hazırda anlaşılan və istifadə edilən inflyasiya və işsizlik arasında münasibəti göstərən Fillips əyrisi iqtisadçılar Pol Samuelson və Robert Solou tərəfindən irəli sürülüb. Onlar ABŞ iqtisadiyyatı üçün inflyasiya və işsizlik arasında analoji əks asılılığın mövcudluğunu göstərərək qeyd ediblər ki, işsizliyin səviyyəsinin aşağı olduğu dövrlərdə iqtisadiyyat üçün yüksək inflyasiya və onun əksi xarakterik haldır.
Fillipsin ideyası sonralar işsizlik səviyyəsini məhdudlaşdırmaq, yoxsa inflyasiya səviyyəsini azaltmaq üzrə müzakirənin başlanması üçün bir təkan olmuşdur. Çünki bu hədəflərin hər ikisini eyni vaxtda əldə etmək mümkün deyil.
Uilyamın nəzəriyyəsi 1960-cı illərdə çox məşhur idi və müasir makroiqtisadiyyatın prinsiplərindən biri hesab olunur.
Fillipsin karyerasının sonrakı mərhələsindəki işləri, əsasən, optimal idarəetmə nəzəriyyəsi və onun ekonometrikaya tətbiqi ilə bağlı olmuşdur.
P.S. Uilyam Fillipsin atası fermer, anası isə məktəb müəllimi və poçt işçisi olmuşdur. O, 16 yaşında olarkən, məktəbdə təhsilini yarımçıq buraxmış, Avstraliyada bir sıra işlərdə çalışmışdır. Uilyam mədəndə işə başlamış, bir qədər sonra kino meneceri kimi fəaliyyət göstərmiş, həmçinin timsah ovçusu olaraq işləmişdir. O, Çinə yola düşmüş, lakin Yaponiya Çini işğal etdikdə Rusiyaya qaçmaq məcburiyyətində qalmışdır. 1937-ci ildə Londona köçmüş, orada elektrik mühəndisliyini oxumuş, uzun müddət Böyük Britaniyada elektrik idarəsində fəaliyyət göstərmişdir. İkinci Dünya müharibəsi zamanı Kral hərbi hava qüvvələri tərkibində xidmət etmişdir. 3 il yarım yapon əsirliyində olmuşdur. Bu müddət ərzində o, digər məhbuslardan çin dilini öyrənmiş, gizli miniatür radio düzəltmiş, düşərgənin işıqlandırma sisteminə qoşulmuş çay hazırlamaq üçün gizli su qaynadıcı hazırlamışdır. Müharibədə göstərdiyi xidmətlərinə görə 1946-cı ildə Britaniya imperiyasının ordeninə layiq görülmüşdür.
Müharibədən sonra London iqtisadiyyat məktəbində sosiologiya üzrə təhsil almışdır. Bu elm istiqamətini seçməsinə səbəb müharibə məhbuslarının özlərini təşkil etmə bacarığına heyran olması idi. Lakin çox keçmədən sosiologiyadan bezmiş, keynsçi nəzəriyyəyə maraq göstərmiş, bu səbəbdən otuz yaşlarında olarkən iqtisadiyyat elminə istiqamət götürmüş, 11 il iqtisadiyyat üzrə professor olmuşdur. Bu böyük bir nailiyyətdir və alimin iqtisadi istedadını təsdiqləyir.
Hələ tələbə olarkən 1949-cu ildə Britaniya iqtisadiyyatının işlərini modelləşdirmək üçün hidravlikadan istifadə edən analoq kompüter olan MONIAC icad etmişdir. 1970-ci ildə müharibə dövründə yaşadığı məhrumiyyətlər və siqaretin təsirinin nəticəsi olaraq insult keçirdikdən sonra Yeni Zelandiyaya qayıtmışdır.
Belə güman edilir ki, Fillips daha çox yaşasaydı, iqtisadiyyat üzrə Nobel mükafatını almış olardı. O, digər Nobel mükafatı laureatları ilə müqayisədə erkən, 61 yaşında dünyasını dəyişmişdir.
Hazırladı: böyük elmi işçi Gülnarə Fətəliyeva