Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İRVİNQ FİŞER

  • Oxunub 602 dəfə

(1867, Nyu-York, ABŞ – 1947, Nyu-York, ABŞ)

 Əsərləri: “Qiymət və dəyər nəzəriyyəsinin riyazi tədqiqi” (1892), “Kapital və gəlirin təbiəti” (1906), “Faiz dərəcəsi” (1907), “İqtisad elminə giriş” (1910), “Pulun alıcılıq qabiliyyəti” (1911), “İqtisad elminin əsas prinsipləri” (1912), “Dolların sabitləşdirilməsi” (1920), “İndeks göstəricilərinin tərtibi” (1922), “Faiz nəzəriyyəsi” (1930), “Bumlar və depressiyalar” (1932), “İnflyasiya” (1933), “100% pul” (1935), “Konstruktiv gəlir vergisi: islahat üçün təklif” (1942)

Amerikalı iqtisadçı İrvinq Fişer iqtisadiyyat elmində neoklassik istiqamətin nümayəndələrindən olmuşdur.

İrvinq statistika nəzəriyyəsi, ümumi iqtisadi tarazlıq, məhsuldarlıq həddi ilə bağlı bir sıra əhəmiyyətli əsərlərin müəllifidir. Lakin onun ən mühüm töhfəsi pul nəzəriyyəsi və məşhur “Fişer tənliyi” və “Fişerin mübadilə tənliyi”dir. Fişer tənliyində (i = r + p) nominal faiz dərəcəsi (i) real faiz dərəcəsi (r) ilə inflyasiya tempinin (p) cəmindən ibarətdir. Fişerin mübadilə tənliyində isə (MV = PQ) dövriyyədə olan pulun məbləği (M) ilə pulun dövriyyə sürətinin hasili (V) orta qiymət səviyyəsi (P) və satılan malların və xidmətlərin sayının (Q) hasilinə bərabərdir.

Fişer borc və deflyasiya ilə bağlı qeyd edirdi ki, maliyyə böhranının əsas səbəbləri əvvəlcə həddən artıq borc, sonra isə deflyasiyadır. O vurğulayırdı ki, bu iki hadisə böhranın ən əhəmiyyətli səbəbləri olmaqla birgə götürülmüş bütün digər amillərindən daha vacibdir. Qeyri-kafi istehlak, ifrat istehsal potensialı, qiymət dislokasiyası, kənd təsərrüfatı və sənaye qiymətləri arasında uyğunsuzluq, sərmayə artıqlığı, vəsaitlərin həddən artıq xərclənməsi, eləcə də yığım və investisiya arasındakı uyğunsuzluq kimi digər faktorlar özü-özlüyündə böhrana səbəb ola bilməzlər. O iddia edirdi ki, həddən artıq borc qiymətlərin düşməsinə gətirib çıxarmır. Başqa sözlə, əgər belə tendensiya meydana gəlirsə, sonra inflyasiya qüvvələri ilə balanslaşır (təsadüfi və ya qəsdən) və nəticədə bu “tsikl” daha sabit olur.

İqtisadçı kapitalı vaxt keçdikcə xidmət axını yaradan hər hansı bir ehtiyat kimi (torpaq, maşın, binalar, xammal, təbii ehtiyatlar, peşə bacarığı), gəliri isə bu ehtiyatı saxlamaq və bərpa etmək üçün bu xidmət axınının həcmdən artıqlığı kimi müəyyən edirdi. İrvinqin fikrincə, kapital və gəlir arasındakı əlaqə faiz dərəcəsi ilə ifadə edilir. Çünki kapitalın dəyəri onun gələcəkdə gətirəcəyi bugünkü gəlir axınının dəyərindən başqa bir şey deyildir, yəni cari faiz dərəcəsi ilə diskontlaşdırılmış gələcək gəlirin məbləğidir. Fişerə görə, real faiz dərəcəsi həm tələb, həm də təkliflə, yəni, bir tərəfdən sənaye və istehlak kreditlərinə tələblə, digər tərəfdən isə yığım təklifi ilə müəyyən edilir.

Onun məşhur qiymətlərin “ideal indeksi” qiymətlərdə çəki kimi buraxılışın baza ili ərzində və ilin sonuna olan rəqəmlərinin istifadə olunduğu iki indeksin həndəsi ortasıdır.

P.S. Amerikalı iqtisadçı, statistik, ixtiraçı İrvinq Fişerin müəllim kimi fəaliyyət göstərən atası onu cəmiyyətə faydalı bir üzv kimi yetişdirməyə çalışmışdır. Dini ailədə tərbiyə edilməsinə baxmayaraq sonradan o, ateist olmuşdur. Uşaqlıqdan mükəmməl riyazi qabiliyyəti və ixtira istedadı ilə seçilmişdir. Bakalavr təhsilini onun üçün ən maraqlı fənn olan riyaziyyat üzrə alsa da, cəmiyyətə xidmət etmək istəyinə daha çox uyğun gəlməsi səbəbi ilə iqtisadiyyata yönəlmiş və bu sahə üzrə təhsilini davam etdirmişdir. Kollecə daxil olduqdan bir həftə sonra atasını itirən İrvinq anası, qardaşı və özünü repetitorluq etməklə saxlamalı olmuşdur. O, Berlin və Parisdə də təhsil almışdır.

Onun pulun kəmiyyət nəzəriyyəsi ilə əlaqədar etdiyi araşdırma “monetarizm” kimi tanınan makroiqtisadi düşüncə məktəbinin yaranmasına səbəb olmuşdur. Ekonometrikanın pionerlərindən olan İrvinq 1918-ci ildə Amerika İqtisadi Birliyinin, 1931-1934-cü illərdə Ekonometrika Cəmiyyətin prezidenti olmuşdur.

Fişer məhsuldar yazıçı və jurnalist olmuş, texniki kitablar və məqalələr yazmış, əsərlərində Birinci Dünya müharibəsi zamanındakı müxtəlif sosial, eləcə də 1920-ci illərdəki firavanlıq və 1930-cu illərdəki depressiya ilə bağlı məsələlərə toxunmuşdur. O, bir sıra praktiki ixtiralar etmişdir ki, onlardan da ən diqqətəlayiqi 1913-cü ildə patentləşdirdiyi “görünən fayl sistemi indeksi” idi. Bu və sonrakı səhm investisiyaları onu zəngin adam etmişdir. 1929-cu ildə birja bazarında baş verən böhran və sonrakı Böyük Depressiya Fişerin şəxsi sərvətinə və onun akademik nüfuzuna çox pis təsir etmişdir. Məsələn, 1929-cu ildə Wall Street böhranından 9 gün əvvəl Fişer demişdi ki, fond bazarı öz platosuna (müəyyən səviyyəyə qalxmaq və sabit qalmaq) çatıb və onun üçün heç bir təhdid yoxdur və hətta bundan aylar sonra da davamlı olaraq iddia edirdi ki, yeni bumun başlanğıcına çox az qalıb. Bu yanıldıcı fikirləri səbəbindən onun borc deflyasiyası nəzəriyyəsi uzun müddət nəzərə alınmamışdır ki, bu da Con Meynard Keynsin əsərlərinin xeyrinə olmuşdur. Fişerin əsərləri XX əsrin 50-ci illərindən yenidən populyarlıq qazanmağa başlamışdır.

Fişer proqressiv sosial və sağlamlıq, eləcə də vegeterianizm təşviqatçısı olmuşdur. Onun özü vərəm, qızı isə şizofreniya xəstəliyindən əziyyət çəkmişdir. Vərəm xəstəliyinin müalicəsi üçün çadırın ixtirasına görə Nyu-York Tibb Cəmiyyətinin mükafatını almışdır. Onun “Necə yaşamaq: müasir elm əsasında sağlam həyat qaydaları” (1915) kitabı milli bestseller olmuşdur. Fişer davamlı idmanla məşğul olmağın və qırmızı ət, tütün və spirtli içkilərdən uzaq durmağın tərəfdarı idi. 

Yozef Şumpeter Fişeri “ABŞ-ın yetişdirdiyi ən böyük iqtisadçı” kimi təsvir etmiş, bu qiymətləndirmə sonradan Ceyms Tobin və Milton Fridmen tərəfindən də təkrarlanmışdır.

Hazırladı: böyük elmi işçi Gülnarə Fətəliyeva