Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

FRİDRİX AVQUST FON HAYEK

  • Oxunub 746 dəfə

  FRİDRİX AVQUST FON HAYEK

 (1899, Vena, Avstriya – 1992, Frayburq, Almaniya)

Əsərləri: “Pul nəzəriyyəsi və iqtisadi tsikl” (1923), “Qiymət və istehsal” (1931), “Mənfəət, faiz və investisiya” (1939), “Kapitalizmin xalis nəzəriyyəsi” (1941), “Köləliyə gedən yol” (1944), “Biliyin toplumda istifadəsi” (1945), “Fərdilik və iqtisadi qayda” (1948), “Hissiyyat qaydası” (1952), “Azadlığın konstitusiyası” (1960), “Qanun, qanunvericilik və azadlıq” (1979), “Ölümcül təkəbbür” (1988)

Müasir neoliberalizmin görkəmli nümayəndələrindən biri və banisi ingilis iqtisadçısı Fridrix Avqust fon Hayek olmuşdur. 

 Bazar iqtisadiyyatının fəlsəfi müdafiəçilərindən biri kimi Hayek əsərlərində iqtisadi nəzəriyyənin fəlsəfi problemlərinə diqqət yetirmiş, bazar qaydalarının iqtisadi, fəlsəfi, hüquqi və siyasi əsaslarını işləyib hazırlamışdır. İqtisadi dünyagörüş, insanların iqtisadi davranışı, iqtisadi qayda və səmərəlilik məsələləri onun tədqiqatının əsas mövzuları olmuşdur.

Hayek hesab edirdi ki, iqtisad elmi iqtisadi mənafeyin təmin edilməsi üçün iqtisadi ehtiyatlardan daha səmərəli istifadə edilməsi probleminin tədqiqi ilə məşğul olmalıdır. Onun fikrincə, cəmiyyətin təşkili və inkişafı, yenidən qurulması plan əsasında deyil, daxili hərəkətin nəticəsində, təkamül yolu ilə baş verir. İnsanlar da daxili qanunauyğunluqlardan çıxaraq fəaliyyət göstərirlər. İqtisadçı göstərirdi ki, insanın biliyi, əqli, zəkası məhduddur. Fərdi bilik dəyişən şəraitdə insanlara kömək edən vasitədir. Hayekə görə, biliyin tam olmaması, məhdudluğu onların insanlar arasında səpələnməsinə, bölüşdürülməsinə gətirib çıxarır. O, insan biliyini iqtisadi hadisə və proseslərin müşahidə edilməsinin, öyrənilməsinin, mənimsənilməsinin fasiləsiz prosesi hesab edirdi.

Hayek “geniş qayda” nəzəriyyəsində göstərir ki, bir-birilə əlaqəsi olmayan insanlar arasında geniş fəaliyyət mübadiləsi baş verir. Öz məqsədlərini güdən hər bir fərdin öz maraqları naminə göstərdiyi fəaliyyəti başqa fərdlərin, təsərrüfatların iqtisadi maraqlarının reallaşması üçün şərt olur ki, nəticədə insanlar arasında geniş əlaqələr, “geniş qayda” yaranır. Öz-özünə yaranan qaydalar təkamül yolu ilə yaranıb inkişaf etdiyi üçün cəmiyyətin inkişafının təbii prosesi və insan fəaliyyətinin nəticəsidir.

İqtisadi azadlıq, insan azadlığı Hayekin iqtisadi fəlsəfi baxışlarının əsas prinsipini təşkil edir. O göstərirdi ki, yalnız bu halda insanlar öz biliklərini səmərəli tətbiq edə bilər. Azadlıq isə dövlət tərəfindən məhdudiyyətlərin və məcburiyyətlərin ləğvi deməkdir. İqtisadi azadlığın yeganə əsasını xüsusi mülkiyyətdə görən Hayek dövlətin iqtisadiyyata hədsiz müdaxiləsini bu azadlıqların pozulması kimi qəbul edir və dövlət müdaxiləsinin bütün sahələrdə məhdudlaşdırılmasını təklif edirdi. Dövlətin rolunu yalnız sosial sahədə, pensiya və yardımların verilməsində görür, təhsil, mənzil, sosial sistemdəki fəaliyyətini isə inzibati idarəçilik hesab edirdi. O, mərkəzləşdirilmiş planlamanın insanların azadlıqlarını və tələblərini məhdudlaşdıracağı düşüncəsini vurğulamış, plüralizm və iqtisadi subyektivizmi müdafiə etmişdir. 

Bazar qaydalarının öz-özünə tənzimlənməsini ən səmərəli sosial sistem hesab edən Hayekə görə, rəqabət yığılmış, toplanmış biliyin üzə çıxarılması, aşkar edilməsidir. O, ancaq bazar iqtisadiyyatı şəraitində ehtiyatların səmərəli bölgüsünün mümkün olduğu fikrini irəli sürürdü. 

İqtisadçıya görə, inflyasiyanın mənbəyi qiymətlər nisbətində qeyri-bərabərliyin yaranmasıdır. Bundan çıxış yolunu dövlətin pul buraxılışı üzərində inhisarçılığını aradan qaldırmaqda və pulun qısamüddətə ixtisarında görürdü.

Hayek XX əsrin ən böyük sosial nəzəriyyəçisi olmuşdur.

 P.S. İqtisadçı və siyasi filosof Fridrix Hayek həkim və botanika professorunun böyük oğlu olmuşdur. Valideynləri tərəfindən Frits deyə çağırılan Hayek hələ məktəbə getməmişdən tez-tez mütaliələr etmişdir. 15 yaşından aqnostik olan Fridrix uşaqlıqdan yaşıdları ilə deyil, böyüklərlə ünsiyyətə üstünlük vermişdir. Hayek əvvəlcə mineralogiya, botanika və həşəratlara, daha sonra təkamül nəzəriyyəsinə maraq göstərmişdir. Psixologiya sahəsində fəaliyyəti uğurlu olmadığından o, iqtisadiyyat sahəsində, xüsusilə də Fridrix fon Vizerin rəhbərliyi altında biliklərini dərinləşdirmək qərarına gəlmişdir. Bundan başqa, Hayek Lüdviq fon Mizesin xüsusi seminarlarında fəal iştirak etmiş və orada ən yaxşı tələbələrdən hesab olunmuşdur.

Birinci Dünya Müharibəsində İtaliya cəbhəsində artilleriya zabiti kimi xidmət edən Fridrix aldığı zədə nəticəsində sol qulağında eşitmə problemi ilə üzləşmişdir. Həmçinin 1918-ci il qrip pandemiyasından da qurtula bilmişdir. O deyirdi ki, məhz müharibədəki təcrübələri onun iqtisadiyyat elminə gəlməsinə səbəb olmuşdur və daha yaxşı bir dünya üçün çalışacağına söz vermişdir. 

1930-1940-cı illərdə Avstriya məktəbinin əsas nümayəndəsi olan Hayek həmçinin Con Meynard Keynsin rəqibi hesab olunurdu.

Bazar iqtisadiyyatını XX əsrin ortalarından etibarən yüksələn sosialist hərəkatına qarşı müdafiə etməklə məşhurlaşmışdır. Pul və iqtisadi dəyişikliklər nəzəriyyəsinə və iqtisadi, sosial və institusional məfhumların qarşılıqlı dərin analizi üzrə əsaslı tədqiqat işinə görə 1974-cü ildə İqtisadiyyat üzrə Nobel mükafatını zidd düşüncəyə sahib olduğu Qunnar Myurdalla bölüşmüşdür. Hayek Nobel Mükafatını alarkən çıxışı zamanı bütün iqtisadçıların real iqtisadiyyatdan  uzaq olduğunu və buna görə də onlara nifrət etdiyini demişdir.

İqtisadi liberalizmin patriarxı hesab edilən Hayek böyük iqtisadçılar içərisində mərkəzləşdirilmiş planlı iqtisadi modelin dağılmasını proqnozlaşdıran və dünyanın iqtisadi inkişafı baxımından söylədikləri fikirlərin gerçəkləşdiyi vaxta qədər yaşamış yeganə şəxsdir. 93 il yaşamış iqtisadçı planlı iqtisadiyyatı olan Sovet hökumətinin yaranma və dağılmasının şahidi olmuşdur. O, ömrünün son vaxtlarına qədər yazmağa davam etmişdir.

Hayek iqtisadiyyatdan başqa informasiya, hüquq, siyasət nəzəriyyəsi, elm fəlsəfəsi və idrak psixologiyası kimi sahələrdə də tədqiqatlar aparmışdır. O, ətraf mühitin mühafizəsi ilə də məşğul olmuşdur. Fridrix həyatı boyunca Avstriya, Böyük Britaniya, ABŞ və Almaniyada yaşamışdır.

ABŞ prezidenti Ronald Reyqan Hayeki onun fəlsəfəsinə ən çox təsir göstərən iki-üç nəfərdən biri kimi dəyərləndirmiş və onu Ağ Evdə xüsusi qonaq kimi qarşılamışdır. 1980-ci ildə Papa İohan Pavel II ilə görüşmüş Hayek bu şərəfə nail olmuş on iki Nobel laureatlarından biri olmuşdur. 1991-ci ildə Prezident Corc Buş Hayeki Prezident Azadlıq medalı ilə təltif etmişdir.

1926-cı ilin avqustunda Hayek birgə işlədiyi Helen Berta Mariya fon Fritş ilə evlənmiş və onların iki övladı dünyaya gəlmişdir. Lakin iqtisadçı İkinci Dünya Müharibəsindən sonra ailəli olan köhnə sevgilisi ilə yenidən münasibət qurmuş və bunu 1948-ci ilə qədər gizli saxlamışdır. 1950-ci ildə həyat yoldaşından boşandıqdan bir neçə həftə sonra qohumu Helen Bitterlix ilə evlənmişdir. O, Fritş və uşaqlarına boşanmanı qəbul etdiklərinə görə təzminat təklif etmiş və bu da bəzi qalmaqallara səbəb olmuşdur. Hərəkətlərini izah etmək üçün verdiyi müsahibəsində Hayek ilk evliliyindən bədbəxt olduğunu və yoldaşının ona boşanmağa icazə vermədiyi üçün bunu məcbur etməli olduğunu söyləmişdir.

Hayek  dünyada vaxtın iqtisadi inkişafın əsas amillərdən biri olduğunu sübut etmiş ilk iqtisadçıdır. 

Hazırladı: böyük elmi işçi Gülnarə Fətəliyeva