Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

HARİ STENLİ BEKKER

  • Oxunub 311 dəfə

 (1930, Potsvill, ABŞ – 2014, Çikaqo, ABŞ)

 Əsərləri: “Ayrı-seçkiliyin iqtisadiyyatı” (1957), “İnsan kapitalı: nəzəri və empirik təhlil”(1964), “Vaxtın bölünməsi nəzəriyyəsi” (1965), “Cinayət və cəza: iqtisadi yanaşma” (1968), “İqtisadi nəzəriyyə” (1971), “İnsan davranışına iqtisadi yanaşma” (1976), “Sosial iqtisadiyyat: sosial mühitdə bazar davranışı” (2001)

Amerikalı iqtisadçı Hari Bekker Çikaqo məktəbinin görkəmli nümayəndələrindən biri olmuşdur.

Bekkerin elmi tədqiqatlarının əsas hissəsi “insan kapitalı” nəzəriyyəsinin inkişafı ilə bağlıdır. Onun fikrincə, insan kapitalı - hər kəsin malik olduğu bilik, bacarıq və motivasiya ehtiyatıdır. İnsan kapitalına investisiyalar kimi təhsil, peşə təcrübəsinin toplanması, sağlamlığın qorunması, coğrafi hərəkətlilik, informasiya axtarışları və s. çıxış edə bilər.

İqtisadçı ilk dəfə olaraq insan kapitalına sərf edilən məsrəflərin səmərəliliyini qiymətləndirmişdir. O sübut etməyə çalışırdı ki, gələcək mütəxəssislərin təhsili və hazırlığına çəkilən böyük həcmli xərclər yeni maşın, avadanlıq və texnologiyaların yaradılması və əldə edilməsi üçün yönəldilən sərmayə yatırımına bərabərdir.

Onun fikrincə,biliklərin alınması və mənimsənilməsinə, yəni insan kapitalının formalaşmasına çəkilən məsrəflər özlərini investisiyalar kimi biruzə verir, çünki onlar resursların indiki zamandan gələcəyə yerdəyişməsini nəzərdə tutur. İnvestor bu gün gəlirinin bir hissəsini gələcəkdə daha yüksək gəlir əldə etmək xatirinə qurban verir. Gözlənilən məhsuldarlığı müəyyən xərclər hesabına yüksəltmək olar. Onun xərcləri təlim alan işçinin özünün sərf etdiyi vaxt və qüvvədən, onun itirilmiş qazancından, başqaları tərəfindən həyata keçirilən müəllimlik fəaliyyətindən, həmçinin istifadə olunan avadanlıqlardan və materiallardan ibarətdir.

İnsan kapitalının fiziki kapitaldan əsas fərqi onun öz daşıyıcısı olan şəxsdən ayrılmaz olmasından ibarətdir. Buradan bir neçə nəticə çıxır. Əvvəla, insan kapitalının sahibi onun istehsalda istifadəsi zamanı şəxsən iştirak etməlidir. İkincisi, insan kapitalından gəlir əldə olunması üçün işçi öz əmək və qüvvəsini sərf etməlidir. Üçüncüsü, insan kapitalı, nə satıla, nə də vərəsəlik qaydasında verilə bilməz. Dördüncüsü, insan kapitalının xidmət müddəti insanın əmək həyatının davamlılıq ölçüsü ilə müəyyən edilir.

Bekkerə görə, bazar şəraitində işçinin məhsuldarlığı onun əmək haqqısının kəmiyyəti ilə eynilik təşkil edir. O, işçinin insan kapitalı ilə, yəni onun bilik ehtiyatları ilə müəyyən edilir. Əmək prosesində ondan istifadə əlavə gəliri də təmin edir.

Müasir cəmiyyətdə insan alveri mümkün olmadığına görə insan kapitalı üçün də pulla qiymət qoyulmur. Yalnız məhdud müddətə insan kapitalının işə cəlb olunması müşahidə olunduğu “icarə” sazişləri üzərində qurulmuş bazarlar fəaliyyət göstərir. Bununla yanaşı əmək haqqı başqasının insan kapitalından istifadə üçün “icarə” ödənişi kimi çıxış edir.

Bekker insan davranışının təhlilində iqtisadi üsulları tətbiq etmişdir. Onun hesablamalarına görə, ABŞ-da insan kapitalına sərmayə qoyuluşları qiymətli kağızlara sərmayə qoyuluşundan daha yüksək faiz dərəcəsi gətirir.

P.S. Amerikalı sosioloq və iqtisadçı Hari Bekker yəhudi ailəsində dünyaya gəlmişdir. Dörd uşaq böyüdən atası kiçik biznes ilə məşğul olmuşdur. Hari 16 yaşınadək təhsildən çox həndbol ilə maraqlanmış və bu idman növü üzrə ən yaxşı idmançılarından biri olmuşdur. Məktəbi bitirdikdən sonra cəmiyyət üçün faydalı iş görmək qərarına gəlmiş, bir yay fəsli ərzində iqtisadiyyat üzrə çoxlu sayda kitab oxumağı bacarmış və bunun da sayəsində Prinston Universitetinə daxil ola bilmişdir. Valideynlərindən maddi cəhətdən müstəqil olmaq məqsədilə Hari birinci kursu bitirdikdən sonra ali təhsili vaxtından əvvəl başa vurmaq qərarına gəlmişdir ki, bu da həmin dövrdə olduqca nadir hadisə hesab  edilirdi.

O, “ən böyük müəllimi” adlandırdığı Milton Fridmenlə birlikdə Çikaqo Universitetini azad bazar iqtisadiyyatının öyrənilməsi sahəsində dünya liderinə çevirmişdir.

Yalnız bazar davranışıyla məhdudlaşdırılmayan insan davranışının geniş miqyaslı problemlərinin tədqiqinə görə 1992-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. 2007-ci ildə ABŞ Prezidentinin Azadlıq medalı ilə təltif edilmişdir.

Hari Bekker irqçilik, ailə quruluşu, narkotik asılılığı kimi ənənəvi sosioloji mövzularda tədqiqatlar aparan ilk iqtisadçılardan biridir. O, cinayət və hüquq-mühafizə fəaliyyətlərinin iqtisadi nəzəriyyəsinin yaradıcısıdır. Professor Bekker ən çox istinad edilən iqtisadçılardandır.

Bekkerin ilk həyat yoldaşı Doria Slot ilə evliliyindən iki qızı dünyaya gəlmişdir. O, ikinci dəfə 1980-ci ildə tədqiqat maraqları onun maraqları ilə üst-üstə düşən Yaxın Şərq üzrə tarixçi Qiti Naşat ilə ailə həyatı qurmuşdur.

Hari əməliyyatdan sonra yaranan fəsadlar səbəbindən 83 yaşında dünyasını dəyişmişdir.

İqtisadçı Castin Vulfers Bekkeri “son 50 ilin ən böyük sosioloqu” adlandırmışdır.

Hazırladı: böyük elmi işçi Gülnarə Fətəliyeva