Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

TEODOR UİLYAM ŞULTS

  • Oxunub 288 dəfə

 (1902, Arlinqton, ABŞ – 1998, Evanston, ABŞ)

 Əsərləri: Dünya üçün qida” (1945), “Qeyri-sabit iqtisadiyyatda kənd təsərrüfatı” (1945),“İnsana investisiya” (1962), “Təhsilin iqtisadi dəyəri” (1963), “Ənənəvi kənd təsərrüfatının  transformasiyası” (1964), “İqtisadi artım və kənd təsərrüfatı” (1968), “İnsan resursları” (1972), “Məhsuldarlığa yeni iqtisadi yanaşmalar” (1973), “Yoxsulluğun iqtisadiyyatı” (1993)

Amerikalı iqtisadçı Teodor Şults Çikaqo iqtisadiyyat məktəbinin rəhbəri olmuşdur. Şultsun tədqiqatları əsasən inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarının, xüsusilə də kənd təsərrüfatının öyrənilməsinə həsr edilmişdir. O, kənd təsərrüfatının iqtisadiyyatda oynadığı rolu təhlil etmişdir. Əsərlərində ərzaq təchizatı, kənd təsərrüfatında işçi qüvvəsinin strukturu və miqrasiya məsələləri, fermerlərin peşəkarlıq səviyyəsi, kənd təsərrüfatı məhsullarının istehsal texnologiyası və fermer təsərrüfatına investisiya yatırımı kimi amillərə xüsusi diqqət yetirmişdir.

Şults kənd təsərrüfatı sahəsində investisiyaların məhsuldarlığa təsirinin təhlilini ümumiləşdirən ilk alim olmuşdur. İqtisadçı və onun tələbələri göstərmişdir ki, Amerika iqtisadiyyatı uzun dövr ərzində maddi kapital ilə müqayisədə insan kapitalından daha yüksək gəlir əldə etmişdir.

Şultsun elmə ən əhəmiyyətli qatqısı insan kapitalı nəzəriyyəsi idi. O, insan kapitalı konsepsiyası çərçivəsində təhsilə investisiya yatırımı ideyasını müdafiə etmişdir. İqtisadçı qeyd edirdi ki, ölkənin tərəqqisi təbii sərvətlər və bankların zənginliyi ilə deyil, savadlı və sağlam vətəndaşlara əsaslanır. Onun fikrincə, investisiya qoyuluşları nəticəsində insan potensialının inkişaf etdirilməsi ilə ölkədə yoxsulluğun aradan qaldırılması arasında ciddi bir əlaqə vardır. Teodor göstərmişdir ki, əhalinin təhsil səviyyəsi iqtisadi inkişaf üçün informasiya və texnologiyadan istifadə qabiliyyətini müəyyən edir. İqtisadçı formal təhsilə çəkilən xərclərin hesablanması üsuluna əsasən insan kapitalının dəyərinin qiymətləndirilməsinə cəhd etmişdir.

Şults cəmiyyətin aparıcı qüvvəsi hesab etdiyi insan kapitalını məhsuldar, istehsal faktoru kimi qiymətləndirmiş, insana sərf edilən investisiyaların əsas nəticəsi kimi insanlarda cəmiyyət üçün səmərəli və yaradıcı qabiliyyətlərin toplanılması, onların sağlamlığı və kreativliyinin dəstəklənilməsini hesab etmişdir. O qeyd edirdi ki, insan kapitalı toplanılır, təkrar istehsal edilir.

İqtisadçı insanların təhsil, təcrübə, qabiliyyətləri, eləcə də onların sağlamlığı sahəsində imkanlarını ən vacib iqtisadi resurslar kimi qiymətləndirirdi. O, müharibədən sonrakı dövrdə Almaniya və Yaponiyanın inanılmaz sürətlə xarabalıqlardan tez qurtulmağının səbəbini də araşdırmışdır. Şultsun fikrincə, qeyd edilən ölkələrin bərpa dərəcəsi sağlam və təhsilli əhalinin mövcudluğu ilə əlaqəli idi. Təhsil insanları daha məhsuldar edir, yaxşı sağlamlıq isə təhsilə sərmayə yatırımını saxlayır və istehsal etmə qabiliyyətini mümkün edir.

Teodor qadınların savadının və gənclərin ali təhsil səviyyəsinin yüksəldilməsinə böyük önəm verirdi. “Ali təhsilin üç əsas funksiyası”na isə “istedadın aşkar edilməsi, təlim və elmi iş”i daxil edirdi.

Şultsun işləri həm inkişaf etmiş və həm də inkişaf etməkdə olan ölkələrdə sənayeləşmə siyasətinə əhəmiyyətli təsir göstərmişdir.

P.S. Teodor Şults Cənubi Dakota ştatında alman fermasının yerləşdiyi bir
qəsəbədə dünyaya gəlmişdir. O, ailədə səkkiz uşaqdan ən böyüyü olmuşdur. Şults səkkizinci sinifdə oxuyanda atası oğlunun təhsil almağa davam etdiyi təqdirdə fermada işləməyə daha az meylli olacağından ehtiyat edərək onu məktəbdə oxumaqdan uzaqlaşdırmaq qərarına gəlmişdir. Bu səbəbdən Teodorun formal orta təhsili yox idi. Lakin sonradan k
ənd təsərrüfatı ilə bağlı təhsil alan iqtisadçı həmin sahə üzrə dərs demişdir. Onun elmi araşdırmalarının mövzularına, həmçinin demoqrafiya, təhsil iqtisadiyyatı və elmi kadrların hazırlanması ilə bağlı müxtəlif məsələlər də daxil idi. Şults 3 dəfə SSRİ-yə səfər etmişdir.

1979-cu ildə xüsusilə inkişaf etməkdə olan ölkələrin problemləri ilə bağlı iqtisadi inkişafa dair innovativ tədqiqinə görə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. O, bu mükafatı britaniyalı iqtisadçı Artur Lyuis ilə bölüşmüşdür.

Alim, məktəb müəllimi işləyən Ester Florens Vert ilə ailə qurmuş və onların bu evlilikdən iki qızı və bir oğlu dünyaya gəlmişdir. Ester Şultsun karyerası boyunca onun nəşr olunmuş əsərlərinin əsas redaktoru kimi çalışmışdır.

Şults dərs deməkdən heç vaxt yorulmurdu. 77 yaşında Nobel mükafatını aldığı ildə belə dərs dediyi Çikaqo Universitetinə gəzərək gedib-gəlirdi. O, 1970-ci ildə təqaüdə çıxsa da, 1995-ci ilə qədər fəal tədqiqat fəaliyyətini davam etdirmiş, lakin həmin il budunu sındırmış və yataq xəstəsinə çevrilmişdir. O, 95 yaşında dünyasını dəyişmişdir.

“İnsan kapitalı” terminini ilk dəfə Şults elmi dövriyyəyə daxil etmişdir. Onu bu nəzəriyyənin atası hesab edirlər. Onun insan kapitalı nəzəriyyəsi 1980-ci illərdə Beynəlxalq Valyuta Fondu və Dünya Bankı kimi beynəlxalq maliyyə qurumlarının peşə və texniki təhsilə investisiyaların motivasiyası sahəsində aktiv fəaliyyətinin başlanmasına təkan vermişdir.

2006-cı ildən Beynəlxalq Kənd Təsərrüfatı İqtisadçıları Birliyi aqrar iqtisadiyyat üzrə ən yaxşı iş üçün hər üç ildən bir Teodor Şults adına mükafat təyin etmişdir.

Hazırladı: böyük elmi işçi Gülnarə Fətəliyeva