Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

ROBERT MERTON SOLOU

  • Oxunub 442 dəfə

 (1924, Nyu-York, ABŞ)

 Əsərləri: “İqtisadi artım nəzəriyyəsinə töhfə” (1956), “Texniki dəyişiklik və məcmu istehsal funksiyası” (1957), “Xətti proqramlaşdırma və iqtisadi təhlil” (1958), “Texniki tərəqqi, kapitalın formalaşması və iqtisadi artım” (1962), “ABŞ-da işsizliyin mənbələri” (1964), “Qiymət gözləntiləri və qiymət səviyyəsinin davranışı” (1970), “Resurs iqtisadiyyatı və iqtisadiyyatın resursları” (1974), “İşsizlik nəzəriyyəsi haqqında” (1980), “İstehlak qiymətləri indeksinin təbiəti” (1997), “Neoklassik artım nəzəriyyəsi” (2000), “Artım nəzəriyyəsində son 50 il və sonrakı 10 il”(2007)

Robert Solou iqtisadi inkişafla bağlı tədqiqatları ilə tanınan amerikalı iqtisadçıdır. Onun müasir iqtisadi nəzəriyyəyə əsas töhfəsi iqtisadi inkişafın neoklassik modelini yaratmasıdır. O, iqtisadi artımın tarazlıq trayektoriyalarını öyrənmək üçün nəzərdə tutulmuş “Solou modeli”nin müəllifidir.

Solounun iqtisadi artım modeli kapital yığımı, əmək resurslarının artımı və elmi-texniki tərəqqinin əhalinin həyat səviyyəsi və onun dinamikasına təsir mexanizmini müəyyən edir.

Solou belə bir fikir irəli sürürdü ki, milli gəlirin müəyyən sabit hissəsi yığıma gedir. Yığımlar da, nəticə etibarilə, investisiya ilə əlaqəlidir. Yığım dərəcəsi kifayət qədər yüksək olduqda, investisiya intensivliyi artır, başqa sözlə, işçi başına real kapitalın miqdarı yüksəlir. Yığım dərəcəsi yüksək olmasa, kapital nisbətən daha bahalı olur və istehsal amillərinin qiymətləri ilə müəyyən edilmiş kapital intensivliyi azalır. Lakin o göstərirdi ki, dəyişməz texnologiya ilə (məsələn, texniki tərəqqinin olmaması ilə) uzun müddətli dövrü götürsək, kapital, əmək və istehsal həcmi eyni artım sürətinə malikdir. Bu, işçi başına istehsal edilmiş məhsulun, eləcə də kapitalın həcminin sabit olacağı və dolayısı ilə real əmək haqqının həcminin dəyişməyəcəyi deməkdir. Bununla da sübut edilirdi ki, gəlirin yığım payının artırılması, özlüyündə iqtisadi artım tempinin daimi artım mənbəyi ola bilməz. Yüksək yığım dərəcəsi olan iqtisadiyyat, əlbəttə ki, daha yüksək adambaşına düşən istehsal həcminə və daha yüksək real əmək haqqına nail ola bilər. Ancaq texniki tərəqqi olmadığı təqdirdə, yığım normasının artmasına baxmayaraq artım sürəti dəyişməz olaraq qalacaq və əmək təklifinin artımına bərabər olacaq.

Solounun gəldiyi əsas xülasə bu idi ki, uzun müddətli dövrdə iqtisadi artım templəri investisiyaların artım tempindən asılı deyildir. O göstərirdi ki, uzunmüddətli dövrdə iqtisadi inkişaf üçün əsas şərt texnoloji inkişafdır.

İqtisadçı ABŞ iqtisadiyyatı timsalında mürəkkəb hesablamalar apararaq belə nəticəyə gəlmişdir ki, 1 adam-saat məhsul istehsalındakı artımın 80%-dən çoxu texniki tərəqqi sayəsində baş vermişdir. O müəyyən etmişdir ki, ÜDM-in artımının vacib determinantları ardıcıl olaraq - texniki tərəqqi, əmək resurslarının artımı və kapital akkumlyasiyasıdır. Adambaşına ÜDM-in artımında isə texniki tərəqqi və  kapital yığımı ən mühüm amillər kimi çıxış edir.

Solou tərəfindən yaradılmış iqtisadi inkişafın neoklassik modeli müasir makroiqtisadi nəzəriyyənin inkişafı üçün əsas olmuşdur. Onun işləri iqtisadi artımı stimullaşdırmaq üçün dövlət siyasətinə əhəmiyyətli dərəcədə təsir etmişdir ki, burada da əsas diqqət texnoloji tədqiqatların maliyyələşirilməsinin artırılmasına yönəlir.

P.S. Robert Solou yəhudi ailəsində dünyaya gəlmişdir və üç övladdan böyüyü olmuşdur.Onun valideynləri Rusiyadan gələn mühacir ailəsi idi. Atası SSRİ-də xəz alqı-satqısı ilə məşğul idi. Solou məktəbdə ən yaxşı şagirdlərdən biri olmuşdur. Sosiologiya və antropologiya ilə yanaşı eyni zamanda iqtisadiyyat üzrə də təhsil almışdır. Robert II Dünya Müharibəsi zamanı Morze əlifbası və alman dilini yaxşı bildiyindən siqnal kəşfiyyatında xidmət etmişdir. Burada onun əsas məqsədi alman mesajlarını ələ keçirmək, şərh etmək və bazaya geri göndərmək idi. O, ingilis-amerikan qoşunlarının tərkibində İtaliyanın faşist işğalından azad edilməsində iştirak etmişdir.

Müharibədən geri qayıtdıqdan qısa müddət sonra cəmi altı ay görüşdüyü sevgilisi Barbara Lyuislə evlənmişdir.

Onun Harvardda elmi rəhbəri Vasiliy Leontyev olmuşdur. Sonra o, statistika və ehtimal modelləri ilə maraqlanmışdır.

Robert 1961-ci ildə Con Beyts Klark medalı ilə təltif edilmişdir. 1987-ci ildə iqtisadi artım nəzəriyyəsinə verdiyi töhfəsinə görə iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. O, 1999-cu ildə Beynəlxalq Elm medalı ilə təltif edilib. Solou Pol Samuelsonla təqribən 40 il bir yerdə işləmişdir.

Solounun tələbələrinin bir çoxu uğurlu iqtisadçı olmuşlar. Onun dörd aspirantı - Corc Akerlof, Cozef Stiqlits, Piter Daymond və Uilyam Nordhaus iqtisadiyyat üzrə Nobel mükafatını qazanmışdır. İqtisadçı ABŞ prezidentləri Con Kennedi, Lindon Conson və Riçard Niksonun iqtisadi müşaviri olmuşdur. Robert Ekonometrika Cəmiyyətinin prezidenti, ABŞ Milli Elmlər Akademiyasının və Amerika İqtisadçılar Birliyinin üzvüdür.

Solounun fikrincə, Marksist iqtisadi nəzəriyyə tamamilə köhnəlmişdir. O, Böyük Depressiya zamanındakı uşaqlığını iqtisadiyyatla maraqlanmasının başlıca səbəbi kimi göstərirdi. Alim hazırda 97 yaşındadır. Onun 70 illik həyat yoldaşı,  iqtisadiyyat tarixçisi Barbara Lyuis 2014-cü ildə dünyasını dəyişmişdir. İqtisadçının onilliklər ərzində birlikdə işlədiyi həmkarlarının çoxu da vəfat etmişdir. Solou özü haqqında “hələ də nəfəs alıb-verən yeganə adamam” deyir. Bununla belə, o, akademik ədəbiyyatı, o cümlədən məhsuldarlığa dair məqalələri oxuyur, dünya hadisələrini, iqtisadi tendensiyaları və siyasət müzakirələrini yaxından izləyir.

Hazırladı: böyük elmi işçi Gülnarə Fətəliyeva