Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

LEONİD VİTALYEVİÇ KANTOROVİÇ

  • Oxunub 325 dəfə

 (1912, Sankt-Peterburq, Rusiya İmperiyası – 1986, Moskva, SSRİ)

 Əsərləri:Şəxsi istehsalda qısa dönəm üçün qərar metodları” (1936), “İqtisadi resurslardan daha yaxşı istifadə” (1939), “Müxtəlif təyinatlı resursların birgə istifadəsi və iqtisadi mənası” (1942), “Ehtimal nəzəriyyəsi” (1946), “Funksional analiz və tətbiqi riyaziyyat” (1948), “Ali analizin təxmini üsulları” (1952), “İqtisadiyyatda optimal həllər” (1972), “Riyaziyyat və iqtisadiyyat - elmlərin qarşılıqlı əlaqəsi” (1977)

Leonid Kantoroviçiqtisadi-riyazi istiqamətin banilərindən biri olmuşdur.

Kantoroviçin iqtisadi tədqiqatları milli iqtisadi problemlərin həlli ilə bağlı idi. Alim riyaziyyat və iqtisadiyyatın qarşılıqlı əlaqəsi tezisini inkişaf etdirir və humanitar və dəqiq bilik texnologiyalarını sintez etməyə çalışırdı. O, xətti proqramlaşdırmanın və onun ümumiləşdirmələrinin başlanğıcını qoymuşdur. Bu, onun ən böyük kəşfi idi.

Xətti proqramlaşdırma iqtisadi sistemlərin optimal işləməsinin universal riyazi modelidir. Kantoroviçin əsas xidməti xətti proqramlaşdırma əsasında resurslardan ən yaxşı şəkildə istifadə ilə bağlı geniş iqtisadi problemlərə vahid yanaşmanı inkişaf etdirməsidir.

Kantoroviç milli iqtisadiyyat səviyyəsində optimallaşdırma problemlərinin araşdırılmasına diqqət yetirmiş və iqtisadiyyatda optimallıq ideyasını inkişaf etdirmişdir. O, optimal qiymətlərin və optimal istehsal və idarəetmə qərarlarının qarşılıqlı asılılığını qurmuşdur. Hər bir optimal həll optimal qiymət sistemi ilə qarşılıqlı əlaqədədir.

Alim resursların cəmiyyət üçün dəyər dərəcəsini göstərən resursların “ikili qiymətləndirməsi”ni tətbiq etmişdir. Kantoroviç özü onları “obyektiv müəyyən edilmiş qiymətləndirmələr” adlandırırdı. O, ikili qiymətləndirmələrə əsaslanan differensial renta nəzəriyyəsini irəli sürmüşdür. Renta qiymətləndirmələri təbii ehtiyatlardan, xüsusən də torpaq, su, hava və s. istifadənin qiymətini (dəyərini) ölçməyə imkan verir.

İqtisadçı göstərirdi ki, hətta mərkəzləşdirilmiş planlı iqtisadiyyatlar da resursların səmərəli şəkildə bölüşdürülməsi üçün resurs çatışmazlığına əsaslanan qiymətlərdən istifadə etməlidir. O, həmçinin qeyd edirdi ki, sosialist iqtisadiyyatları kapitalistlər kimi faiz dərəcələrindən istifadə etməlidir.

 P.S. Yəhudi əsilli ailənin kiçik övladı olantanınmış Sovet riyaziyyatçısı və iqtisadçısı Leonid Kantoroviçin atası, anası və qardaşı həkim idi. On yaşında olarkən atasını itirən Leonid anasının himayəsində böyümüşdür. Onun yaradıcılıq qabiliyyəti özünü erkən büruzə vermişdir. Riyaziyyata çox həvəsli olan Leonid parlaq riyazi bilikləri sayəsində 14 yaşında olarkən universitetə daxil olmuş və artıq bir il sonra aktiv elmi fəaliyyətə başlamışdır. O, riyaziyyatla yanaşı, siyasi iqtisadiyyat və müasir tarixlə də maraqlanmışdır. Artıq 15 yaşında çox güclü təhsili ilə fərqlənirdi. Tələbəlik illərində ən yaxın dostları ondan 6 yaş böyük idi. O, çox gənc yaşlarından alimlik dərəcələri almışdır. Belə ki, 18 yaşında universitetin riyaziyyat fakultəsini bitirmiş, iki il aspirantura təhsili almış, artıq 20 yaşında fakultənin dosenti, 22 yaşında isə professoru olmuş və tələbələrə dərs verməyə başlamışdı. Bir il sonra dissertasiya müdafiə etmədən fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Həmin vaxt onun həmyaşıdları hələ tələbə idi.  Çox gənc olduğundan tələbələr onun müəllim olduğunu bilmirdilər. İlk dəfə o, sinfə daxil olduqda müəllim masasına yaxınlaşmaq istəyərkən, tələbələrdən bir neçəsi ona: “Dostum, ora müəllimin yeridir, sən öz yerinə keç” demişdilər. Amma buna baxmayaraq tələbələri onu çox sevirdi. 

Kantoroviçin elmi xidmətləri dövlət üçün faydalı hesab edilmiş və 1948-ci ildə İosif Stalinin əmri ilə onun komandasına nüvə silahının hazırlanmasında iştirak etməyə icazə verilmişdir.

İlk dəfə hesablama riyaziyyatında funksional analizi tətbiq etmişdir. 1949-cu ildə “funksional analiz işinə görə” Stalin mükafatı, 1965-ci ildə “xətti proqramlaşdırma metodu və iqtisadi modellərin inkişafına görə” Lenin mükafatı ilə təltif edilmişdir.  Ona həmçinin “Lenin ordeni”, “Şərəf nişanı”, şücaət və cəsarətinə görə Vətən Müharibəsi ordeni, “Leninqradın müdafiəsinə görə” medalı da verilmişdir.

Kantoroviç bir sıra xarici akademiyaların üzvü və bir çox universitetlərin fəxri doktoru olmuş, eləcə də beynəlxalq elmi cəmiyyətlərin işində iştirak etmişdir.

O, 1975-ci ildə ABŞ iqtisadçısı Tyallinq Çarlz Kupmans ilə birgə “resursların optimal bölgüsü nəzəriyyəsi”nə verdiyi töhfəyə görə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.

Leonid həkim Natalya İlina ilə evlənmiş və onların bu nikahdan iki övladı dünyaya gəlmişdir. Alimin oğlu və qızı iqtisadçı olublar.

Kantoroviç 200-dən çox elmi işin müəllifidir. Gecələr də işləyən tədqiqatçı gecikməyə meylli idi. Bu səbəbdən də, əksər vaxtlarda taksidən istifadə etməli olurdu. Avtomobillərin tez-tez yolda dayanması və sürücülərin qısamüddətli səfərlər etmək istəməməsi onun diqqətini çəkmiş və riyazi modelləşdirmə üsullarından istifadə edərək o, bir qrup gənc alimlə birlikdə iqtisadi cəhətdən əsaslandırılmış səyahət tariflərini ərsəyə gətirmişdir. Nəticədə eniş haqqı tətbiq edilmiş və hər kilometr məsafə üçün haqq bir qədər azaldılmışdır. Leonidin bu təklifi “Riyaziyyat elmində nailiyyətlər” adlı ölkənin ən nüfuzlu riyaziyyat jurnalında dərc olunmuş və bütün Sovet İttifaqının taksi şirkətləri tərəfindən tətbiq edilmişdir.

Kantoroviç Leninqrad şəhərinin müdafiəsində iştirak etmişdir. Novosibirskdə yaşayarkən onun haqqında partiya iqtisadçıları ittihamlar irəli sürmüş və nəticədə o, psixiatrik xəstəxanaya yerləşdirilmişdir. Tezliklə həmin vaxtlar tanınmış psixiatr olan qardaşı işə müdaxilə etmiş və onun xəstəxanadan çıxmasına kömək etmişdir. Alimin ölümündən sonra da guya onun iqtisadiyyatda planlaşdırma ideyası ilə mübarizəsi və 1970-ci illərdə Amerikaya iddia edilən mühacirəti haqqında böhtan xarakterli əsərlər nəşr olunurdu.

Tələbələri və davamçılarının yaddaşlarında Leonid həmişə dürüstlük, barışmazlıq və elmdə möhkəmlik, obyektivlik və əməksevərlik nümunəsi kimi qalmışdır. O, mehriban, sadə, ünsiyyətcil, təvazökar və hətta utancaq idi. Alim həmişə gənclərlə işləməkdən zövq alırdı.

 Hazırladı: böyük elmi işçi Gülnarə Fətəliyeva