SAMUEL BEYLİ
- Oxunub 311 dəfə
(1791, Şeffild, Böyük Britaniya - 1870, Şeffild, Böyük Britaniya)
Əsərləri:“Rəylərin formalaşması və nəşrinə dair oçerklər” (1821), “Siyasi iqtisad, siyasət, əxlaq, metafizika, ədəbiyyat və digər bilik sahələri ilə bağlı suallar” (1823), “Dəyərin təbiəti, ölçülməsi və səbəblərinə dair tənqidi dissertasiya” (1825), “Həqiqət axtarışı və biliyin inkişafı haqqında yazılar” (1829), “Mülahizə nəzəriyyəsi” (1851), “İnsan ağlının fəlsəfəsinə dair məktublar” (1855-1863)
Samuel Beyli XIX əsrin görkəmli ingilis iqtisadçılarından olmuşdur.
Beyli klassik rikardian məktəbinin tənqidçisi kimi tanınır. O, əsərlərində həm əmək dəyər nəzəriyyəsinin, həm də Rikardonun “dəyişməz dəyər ölçüsü”nün məntiqi çətinliklərinə vurğu edirdi. İqtisadçı həmçinin əmək haqqı üçün Rikardonun renta nəzəriyyəsinin ümumiləşdirilməsinə çağırırdı. O, maaş və mənfəət arasındakı qarşılıqlı əlaqəni inkar edirdi. Beyli əmək məhsuldarlığını xüsusi vurğulayır və Rikardonun iqtisadi doktrinalarına xas olan bədbinliyi aradan qaldırmağa çalışırdı. Nəticədə, o, həm kapital, həm də əməyi əhatə edən dəyərin “istehsal xərcləri” nəzəriyyəsini irəli sürmüşdür.
Beylinin firkincə, dəyər bir münasibətdir və müəyyən ruh halını nəzərdə tutur. O, real və mütləq dəyər anlayışına etiraz edir və yalnız əmtəənin nisbi dəyərini (iki dəyişdirilə bilən obyektin bir-birinə qarşı olduğu münasibət) qəbul edirdi.
Samuel sərbəst bankçılığın əsas nəzəriyyəçilərindən biri kimi qəbul edilir. Sərbəst bankçılıq, bankların sərbəst şəkildə öz kağız valyutalarını (əskinaslarını) buraxa biləcəyi pul mexanizmidir.
İqtisadçı dövlət müdaxiləsinə qarşı çıxırdı. Beyli utilitarizmin tərəfdarı idi və özünü utilitar radikal hesab edirdi.
Samuel “vaxt seçimi” anlayışını irəli sürmüşdür. Onun fikrincə, insanlar ümumiyyətlə, uzaq birinə nəzərən indiki ləzzət və ya həzzə üstünlük verirlər. Beyli yazılarında insanın fikrinin onun iradəsindən asılı olmadığını iddia edirdi.
P.S. İngilis filosofu, iqtisadçısı və yazıçısı Samuel Beylinin atası Cozef Beyli ticarət əlaqələri qurmaq üçün ABŞ-a səyahət edən ilk Şeffild tacirlərindən biri olmuşdur. Cozef qayçı istehsalçısı kimi fəaliyyətə başlamış, lakin zaman keçdikcə biznesi böyük bir bıçaq məmulatları istehsal edən şirkətə çevrilmişdir.
Ailədə 11 uşaqdan doqquzuncusu və dördüncü oğul övladı olan Samuel ana babasının müəllim olduğu məktəbdə oxumuşdur. Bir neçə ilailəsinə məxsus şirkətdə çalışdıqdan sonra kifayət qədər böyük sərvət ilə biznes aləmindən geri çəkilmişdir. “Sheffield Banking Company” 1831-ci ildə Beyli və digər 7 nəfər tərəfindən qurulmuş (onların hamısı ticarət dairələrindən gəlirdi) və iqtisadçı uzun illər, daha dəqiq desək, ömrünün sonuna qədər ona sədrlik etmişdir. Bankın yaradılmasında məqsəd şəhər tacirlərinə və istehsalçılara xidmət etmək idi. O, ciddiliyi, düzgünlüyü, dəqiqliyi, bankın mənafeləri ilə bağlı detallara diqqəti və bank işlərinin gedişatı barədə ədalətli hesabat vermək tərzi ilə tanınırdı.
Alim baxışlarında liberal olsa da, siyasi məsələlərdə az iştirak etmişdir. Parlamentin üç illik müddətə təşkili, gizli səsvermənin keçirilməsinin və bilik üçün tətbiq olunan vergilərin ləğvinin tərəfdarı olaraq iki dəfə parlament seçkilərində namizədliyini irəli sürmüş, lakin səyləri nəticəsiz olmuşdur. Bundan sonra aktiv siyasətə marağını itirmişdir. Samuelin əsl marağı iqtisadiyyat, fəlsəfə və ictimai işlərə yönəlmişdi.
Beyli fəlsəfə və iqtisadiyyatın müxtəlif aspektlərini araşdıran çoxsaylı kitablar, broşuralar və icmalların müəllifidir. O, parlament islahatı, səhmdar bankçılığının üstünlükləri və valyuta məhdudiyyətlərinə dair yazılar da yazmışdır. Hətta Vilyam Şekspirin əsərlərinin müzakirələrini özündə əks etdirən broşura da çap etdirmişdir. 1845-ci ildə “Maro” adlı uzun şeirini nəşr etdirib. Onun kitabları aydınlığı, üslubunun zərifliyi və təfsirinin orijinallığı ilə seçilir. Samuel Şeffild Ədəbi və Fəlsəfi Cəmiyyətinin prezidenti idi.
İqtisadçı heç vaxt evlənməmiş və sakit həyat tərzi sürmüşdür. 78 yaşında olarkən ürək tutmasından dünyasını dəyişmiş Samuelin mirasının həcmi 80000 funt sterlinqdən çox idi. Bu vəsait ictimai istifadə üçün Şeffild şəhər qəyyumlarına verilmişdir.
Karl Marksın fikrincə, Beyli, Rikardonun iqtisadi baxışlarında bəzi ziddiyyətlər kəşf etmiş və pulun funksiyası olaraq dəyər ölçüsünün doğru tərifini verən ilk adam olmuşdur. Marks, həmçinin onu iqtisadi hadisələrə səthi yanaşdığı və klassik burjua siyasi iqtisadının ideyalarını vulqarlaşdırdığı üçün tənqid etmişdir.
Beylinin adı Mark Blauq tərəfindən hazırlanan “Keynsdən əvvəl yüz böyük iqtisadçı” siyahısına daxildir.
Hazırladı: böyük elmi işçi Gülnarə Fətəliyeva