İOHAN QUSTAV KNUT VİKSELL
- Oxunub 308 dəfə
(1851, Stokholm, İsveç – 1926, Stoksund, İsveç)
Əsərləri: “Dəyər, kapital və renta” (1892), “Dövlət maliyyəsi nəzəriyyəsi üzrə tədqiqatlar” (1896), “Faiz və qiymətlər” (1898), “Siyasi iqtisad üzrə mühazirələr” (1901), “Sosialist dövləti və müasir cəmiyyət” (1905)
İsveçli iqtisadçı Knut Viksell Stokholm məktəbinin qurucusu, ən görkəmli nümayəndələrindən və müəllimlərindən biri olmuşdur. İlk dəfə o, Avstriya məktəbinin konsepsiyasını sintez etmişdir.
Knutun irəli sürdüyü “Viksell effekti” yeni qiymətlərin formalaşması səbəbindən iqtisadi dövriyyə prosesində kapitalın yenidən qiymətləndirilməsini nəzərdə tutur. İstifadə olunan fiziki kapitalın (əsas fondların) artması mənfəət dərəcəsinin aşağı düşməsinə səbəb olur. Bu halda, əlavə avadanlıq üçün əlavə işçi qüvvəsi tələb olunur, onu da cəlb etmək üçün əmək haqqını artırmaq lazım gəlir, bu da eyni vaxtda mənfəətin (faiz dərəcəsi) azalması ilə əmək haqqının artması lehinə yığım dərəcəsinin (investisiya dərəcəsi) dəyişməsinə səbəb olur. Nəticədə, mənfəət dərəcəsinin aşağı düşməsi kapitalın ümumi dəyərini onun fiziki həcminin artmasından daha çox artırmağa meyllidir. Bunun da nəticəsində əvvəllər mövcud olan bütün kapitalın yenidən qiymətləndirilməsi baş verir. Viksell effektindən alınan mühüm nəticə budur ki, kapitalın qiymətləndirilməsi bütün real vəziyyətlərdə son dərəcə problemlidir.
Viksell təbii faiz dərəcəsi terminini irəli sürmüş və onu sabit qiymət səviyyəsinə uyğun olan faiz dərəcəsi kimi müəyyən etmişdir. Faiz dərəcəsi təbii dərəcədən aşağı olduqda, inflyasiya baş verə bilər; faiz dərəcəsi təbii dərəcədən artıq olduqda, deflyasiyaya səbəb olacaq. Təbii faiz dərəcəsi ilə üst-üstə düşən faiz dərəcəsi əmtəə bazarında tarazlığı və qiymət səviyyəsinin sabitliyini təmin edir. İqtisadçı belə nəticəyə gəlmişdir ki, bazarda pul tarazlığının yaranmasına faiz dərəcəsi birbaşa təsir göstərir. O hesab edirdi ki, banklar faiz dərəcələrini tənzimləyə bilər və beləliklə, pul kütləsinə və qiymətlərə təsir göstərə bilər.
Knut kapital nəzəriyyəsinə əhəmiyyətli qatqı vermişdir. Belə ki, o, kapitala aşağıdakı əsas göstəriciləri ilə mürəkkəb struktur kimi baxırdı: 1) kapitalin “eni” –
kapital mallarının xərclənən ehtiyatının (istehlak fondunun) ödənilməsi üçün əmək və kapital kimi əsas amillərin ümumi dəyəri ilə xarakterizə olunur; 2) kapitalın “hündürlüyü” – xidmət müddətinə görə kapitalın müxtəlif elementlərinin nisbətini əks etdirir.
İqtisadçı kapitalın struktur kateqoriyaları ilə iqtisadi tsiklləri təhlil etmişdir. Viksellə görə, kapital yığımı prosesində ilk növbədə onun “eni” artır və bu, faiz dərəcələrinin azalmasına səbəb olur. Uzunmüddətli (davamlı) kapital mallarının nisbətən daha yüksək məhsuldarlığı olduğundan, iqtisadi yüksəliş mərhələsində kapitalın “hündürlüyü” daha sürətli böyüyür ki, bu da faiz dərəcəsinin düşməsinin qarşısını alır və ya hətta onun artmasına töhfə verir. Əksinə olaraq, tənəzzül zamanı kapitalın “hündürlüyü”nün böyüməsi dayanır.
Viksell bu qənaətə gəlmişdir ki, hətta tamamilə azad bir iqtisadiyyat sərvətin bərabərləşdirilməsinə yönəlməmişdir. Əksinə olaraq, o belə təklif edirdi ki, artımın yaratdığı sərvət ilk növbədə sərvət sahibi olanlara paylanmalıdır. Buna əsaslanaraq, Viksell milli rifahı yaxşılaşdırmaq, sərvətin və gəlirin bərabər paylanması və sosial müdafiə tədbirlərinin həyata keçirilməsinə nail olunmasında dövlətin fəal rolunu müdafiə edirdi. İqtisadçı qeyd edirdi ki, iqtisadiyyata daha fəal dövlət müdaxiləsi zəhmətkeşlərin universal seçki hüququ və artan siyasi təsirinin qaçılmaz nəticəsi olacaqdır. O, iqtisadi siyasətin ən vacib məqsədi olaraq pulun alıcılıq qabiliyyətinin sabitliyini irəli sürürdü.
P.S. Knut Viksell ailənin altı övladından sonuncusu olmuşdur. Atası biznesmen və daşınmaz əmlak agenti kimi çalışmışdır. Knut 6 yaşında olarkən anasını, 15 yaşında isə atasını itirmişdir. Valideynlərinin ölümündən sonra o, bacı və qardaşları ilə qohumlarının evində yaşamışdır. Atasından qalan miras təhsil xərclərini ödəməyə kifayət etmişdir. Ali məktəbdə riyaziyyat və fizika üzrə təhsil alan Viksell 1885-ci ildə riyaziyyat və 1895-ci ildə iqtisadiyyat üzrə doktorluq dərəcəsi almışdır. Onun həmçinin hüquq üzrə də elmi dərəcəsi (1899-cu il) olmuşdur.
Alim Fransada məşhur norveçli feminist, hüquqşünas, diplomat və siyasətçi olan Anna Buqqe ilə ailə qurmuşdur. Bu izdivacdan onların iki oğlu dünyaya gəlmişdir.
Viksell mübahisəli iqtisadçı kimi yaddaşlarda qalıb. O, həm də demoqraf və məşhur publisist olmuş, açıq şəkildə müzakirəsi qəbuledilməz olan aktual sosial problemlər barədə cəsarətlə fikir bildirmiş və mövcud vəziyyəti tez-tez tənqid etmişdir. Özünü, hər şeydən əvvəl cəmiyyətin tərbiyəçisi hesab edən Knut əmək, gender bərabərliyi və qadın hüquqları, evtanaziya haqqında ideyalarına görə diqqət çəkirdi. O, nigah, kilsə, monarxiya və ordu institutlarını şübhə altına alırdı. Çıxışlarının birində sərxoşluq və fahişəliyi kəskin şəkildə qınamışdır. Bəzən sosialist adlandırılmasına baxmayaraq, ömrünün sonuna qədər müdafiə etdiyi doğuşa nəzarətin qorunması üzrə problemin həlli ideyasında qətiyyətli maltuzian idi.
Viksell erkən gənclik illərində dindar xristian olsa da, sonralar dini inancından əl çəkərək azad fikir sahibi və xristian dininin bütün növlərinin tənqidçisi olmuşdur. 1908-ci ildə İsa peyğəmbərin bakirə qız tərəfindən dünyaya gətirilməsini lağa qoyan mühazirəsindən sonra kafirlikdə günahlandırılaraq iki ay müddətinə həbs edilmişdir.
Knut ömrü boyu inadkarlığı və radikal mövqeyi ilə seçilmişdir. Deyilənlərə görə, o, professorluq əldə etmək üçün İsveç Kralına ünvanlanan “Əlahəzrətin ən təvazökar qulluqçusu” standart sözləri ilə yazılan ərizəni imzalamaqdan imtina etmiş və bununla da 52 yaşına qədər özünü bu yerdən məhrum etmişdir. Amma buna baxmayaraq, qeyri-adi vərdişləri, mehriban davranışı və inanclarını fəal şəkildə müdafiə etmək istəyi ona tələbələri arasında hörmət və populyarlıq qazandırmışdı.
“Viksell effekti” termini 1951-ci ildə Karl Ur tərəfindən irəli sürülmüş, effektin mahiyyətinin vacibliyini isə Coan Robinson (1956) və Trevor Svon qeyd etmişlər.
Viksell iqtisadçılar arasında dörd nəfəri – David Rikardo, İohan Henrix Tyünen, Leon Valras və Oygen Bem-Baverki xüsusilə fərqləndirirdi. Knutun fikrincə, iqtisadiyyat elmi ona görə maraqlıdır ki, onda bir anlayışın yaranması dərhal əks bir nöqteyi-nəzərin meydana gəlməsinə səbəb olur.
Sağlığında Viksell iqtisadiyyat elminə verdiyi töhfələrə görə çox da tanınmamışdır. Onun fikirləri yalnız ölümündən sonra, yəni ən mühüm əsərlərinin ingilis dilinə tərcüməsi ilə beynəlxalq akademik ictimaiyyət üçün əlçatan olduqdan sonra tədqiqat obyektinə çevrilmişdir.
Hazırladı: böyük elmi işçi Gülnarə Fətəliyeva