PİERO SRAFFA
- Oxunub 287 dəfə
(1898, Turin, İtaliya – 1983, Kembric, Böyük Britaniya)
Əsərləri: “İtaliyada müharibə zamanı və sonrası pul inflyasiyası” (1920), “İtaliyada bank böhranı” (1922), “İtaliya banklarının mövcud vəziyyəti” (1922), “Mallar vasitəsilə malların istehsalı: iqtisadi nəzəriyyənin tənqidinə dair müqəddimə” (1960)
İtaliyalı iqtisadçı Piero Sraffa post-keynsçiliyin təsisçilərindən biri hesab olunur. İqtisadi fikrin neorikardian təmayülünə aid edilən Sraffa keynsçi iqtisadi nəzəriyyəyə rikardian və marksizm elementlərini daxil etmişdir.
Sraffanın iqtisadi təhlillərinin obyektində özünü təmin etməsi və mövcudluğu üçün lazım olan qədər mal istehsal edən iqtisadi sistem dayanır. Burada iqtisadiyyat vahid qiymət sistemi ilə birləşənbir-birinə bağlı sənaye komplekslərindən ibarətdir. Qiymətlər istehsal prosesinin davamlı yenilənməsi üçün zəmin yaradır və istehsal şərtlərindən asılıdır. Əgər iqtisadiyyat artıq məhsul istehsal edirsə, onda paylanma qiymət mexanizmi vasitəsi ilə həyata keçirilməlidir.
Dəyər və qiymət problemini Sraffa təbii sektorlararası məhsul axını prinsipinə əsaslanan sadə və genişləndirilmiş reproduksiya sxeminin köməyi ilə həll etməyə çalışırdı.
Pieronun əsərlərində əmək haqqı və mənfəət dərəcəsi daimi ekzogen dəyərlər kimi qəbul edilir. Güman edilir ki, əmək haqqı dərəcəsi yaşayış minimumunu təmin edən səviyyə ətrafında tərəddüd edir. Əmək haqqı və mənfəət bir-birinə əks nisbətdədir.
Sraffanın tədqiqatının əsas problemlərindən birini iqtisadiyyatda nisbi qiymətlərin səviyyəsinin dinamikasına təsir edən amillərin müəyyənləşdirilməsi təşkil edir. O, klassik məntiqə əsaslanaraq hesab edirdi ki, nisbi qiymət dəyişikliyi əmək və kapitalın müxtəlif sənaye sahələrində istifadə olunduğu qeyri-bərabər nisbətlərlə bağlıdır.
Sraffanın fikrincə, bütün malların istehsal qiymətləri gəlirlərin paylanması sistemindən asılıdır. Beləliklə, istehsal qiyməti özlüyündə dəyərin əsası ola bilməz. Buna görə də, mübadilə nisbətlərinin paylanma və qiymətlərin dəyişməsindən asılı olmayan başqa bir əsasını tapmaq lazımdır. Belə bir anlayışın müəyyən edilməsi üçün o, standart sənaye kateqoriyasını təqdim edir. Bu standart sənayedə məhsul buraxılışının təbii quruluşu və xərclərin təbii quruluşu bir-biri ilə üst-üstə düşür. Buna görə də, hər hansı bir qiymət dəyişikliyində buraxılışın xərclərə nisbəti dəyişməz olaraq qalır. Standart sənayenin istehsal vahidi “standart məhsul” adlanır. Sraffa onu istehsal vasitələrinin strukturuna daxil olan müxtəlif məhsulların hazır məhsulda olduğu kimi eyni nisbətdə birləşdiyi iqtisadi sistem tərəfindən istehsal olunan “ümumi məhsul” kimi təyin edir. İqtisadçıya görə, qiymətlərə paylanma sistemindən başqa istehsal texnologiyası da təsir göstərir.
Sraffa qiymət xüsusiyyətləri baxımından bütün məhsulları əsas və qeyri-əsas olmaqla iki yerə bölürdü. O, əsas məhsullara gündəlik həyat üçün zəruri olan, qeyri-əsas məhsullara isə lüks həyat üçün gərəkli malları daxil edirdi. Əsas mallar birbaşa və ya dolayısı ilə bütün istehsal sahələrində, qeyri-əsas mallar isə yalnız “öz” və ya digər qeyri-əsas malların istehsalı sahələrində istifadə olunur. Buna görə də, əsas malların nisbi qiymətlərinin dinamikası cəmiyyətdə qiymət və bölüşdürmənin bütün sisteminə, qeyri-əsas mallarınkı isə yalnız öz mübadilə dəyərinə təsir göstərir.
XX əsrin iqtisad elmində böyük nəzəriyyəçilərdən biri kimi tanınan Sraffa öz dövrünün bir çox qabaqcıl ziyalılarına güclü təsir göstərmişdir.
P.S. Piero Sraffa zəngin italiyan-yəhudi cütlüyünün ailəsində dünyaya gəlmişdir. Onun atası hüquq üzrə professor olmuşdur. Universitetdə təhsil alarkən Pieronun elmi rəhbəri böyük italyan iqtisadçısı, sonralar İtaliyanın prezidenti seçilmiş Luici Eynaudi olmuşdur. Tələbəlik illərində İtalyan Kommunist Partiyasının gələcək lideri Antonio Qramşi ilə yoldaşlıq etmişdir. Həmin dövrdə həmçinin İtaliya Sosialist Partiyasının ən nüfuzlu liderlərindən olan Filippo Turati ilə də tanış idi.
Sraffa 28 yaşında professor olmuşdur. Benito Mussolininin əleyhinə yazılmış məqalələri dərc edildikdən sonra İngiltərəyə qaçmaq məcburiyyətində qalmışdır. 1927-ci ildə Con Meynard Keynsin təşəbbüsü ilə Kembric Universitetinin İqtisadiyyat fakultəsinin tələbələrinə mühazirə oxumağa dəvət edilmişdir. Lakin həddindən artıq utancaqlığı səbəbindən bu işdən geri çəkilmiş və Keyns Sraffanı universitetin iqtisadi kitabxana müdiri vəzifəsinə təyin etmişdir. O, burada 44 il çalışmışdır. Keynslə tanışlıq Sraffanın həyatında əsaslı dönüş nöqtəsi olmuşdur. Məhz onun təsiri altında Piero David Rikardonun nəzəriyyəsini öyrənməyə başlamış və müstəqil, neorikardian dəyər konsepsiyasını yaratmışdır.
İqtisadçı 1961-ci ildə Nobel mükafatını almağa bərabər olan Stokholm Elmlər Akademiyasının mükafatına layiq görülmüşdür.
Sraffa Hirosima və Naqasaki şəhərlərinə atom bombasının atılmasından bir gün sonra yapon hökumət istiqrazlarına uzunmüddətli investisiyalar qoymaqla varlanmışdır. Onun haqqında olan məşhur bir hekayədə deyilir ki, böyük miqdarda pul əldə etməsinə baxmayaraq etibarlı bir seçim gözləyərək o, 10 ildən artıq müddətdə investisiya yatırmamışdır. Sraffa düzgün olaraq öncədən Yaponiyanın uzun müddət yoxsul ölkə olaraq qalmayacağını əsaslandırmışdır.
Müasirləri tərəfindənSraffa çox ağıllı, təvazökar və həqiqətən tədqiqat və kitablara sadiq bir insan kimi təsvir edilir. Onun kitabxanasının həcminin 8000-dən çox cilddən ibarət olduğu deyilir. Piero özündə nadir kitabları ehtiva edən kitabxanasını Triniti Kollecinə vəsiyyət etmişdir.
İqtisadçı çox az əsər yazmışdır. O, iki kitab və bir neçə məqalənin müəllifi idi.
Sraffa sonralar aqnostik olmuşdur.
Hazırladı: böyük elmi işçi Gülnarə Fətəliyeva