Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

CON KENNET HELBREYT

  • Oxunub 472 dəfə

 (1908, Ayon-Steyşn, Kanada – 2006, Kembric, ABŞ)

 Əsərləri: “Amerika kapitalizmi” (1952), “Böyük depressiya” (1955), “Zəngin cəmiyyət” (1958), “Liberal saat” (1960), “Yeni sənaye dövləti” (1967), “İqtisadiyyat və ictimai məqsəd” (1973), “Pullar: onlar hardan gəlir, hara gedir” (1975), “Maliyyə eyforiyasının qısa tarixi” (1990), “Günahsız fırıldaqçılığın iqtisadiyyatı” (2004)

İnstitusionalizmin sosioloji cərəyanının nümayəndəsi görkəmli amerikalı iqtisadçı Con Helbreyt olmuşdur.

Helbreyt öz nəzəriyyəsində oliqopolist bazara üstünlük verir və belə bir nəticəyə gəlirdi ki, təbiətən oliqopolist bazar azad rəqabət bazarına nəzərən tənzimlənmə və planlaşdırılmaya daha tez uyğunlaşır. O göstərirdi ki, oliqopoliyalar (yetkin korporasiyalar) maksimum mənfəət əldə etməyə cəhd göstərmir, əksinə onlar çalışır ki, istehsalın artımı sabit olsun və bazarda öz yerlərini genişləndirsinlər. Cona görə, oliqopoliya şəraitində rəqabət korporasiyaları məcbur edir ki, elmi-texniki kəşflərdən intensiv istifadə etsinlər.

Helbreyt iqtisadiyyatda iki sistemi fərqləndirirdi: əsasən kiçik təsərrüfatları əhatə edən “bazar sistemi” və dövlətlə qarşılıqlı əlaqədə olan korporasiyaların daxil olduğu “planlı sistem”. O, üstünlüyü ikinciyə verirdi.

Alimin fikrincə, iri korporasiyalar güclü inhisar təsirinə məruz qalmışlar və inhisar gəliri getdikcə dar çərçivəyə alınır. O göstərirdi ki, təkmil rəqabətin gücü ilə bir-birinə əks olan satıcı-inhisarlarla alıcı-inhisarların mənafeləri bir-birinə ziddir: inhisarçı-satıcılar çalışırlar ki, baha satsınlar, inhisarçı-alıcılar isə ucuz almağa cəhd göstərirlər. Hər iki tərəfdən olan qüvvələr razılıq əsasında müvazinət yaradırlar və belə bir müvazinətli qüvvələr prosesi müasir kapitalizmi nizamlayan həlledici amilə çevrilir. Məhz buna görə də müasir kapitalizm inhisarların yaranmasının qarşısını almamalıdır. Xalq təsərrüfatının bütün sahələrində, xüsusilə pərakəndə ticarət sahəsində inhisarların yaranmasına dövlət şərait yaratmalıdır. Buna görə də, o, müvazinətli qüvvələrə qarşı duran və onlara maneçilik törədən antitrest qanunvericiliyinə qarşı çıxırdı. O, həmçinin yüz faizli inhisarlar haqqında olan qanunun qüvvədə qalmasının, ticarət və sənaye sahələrində olan belə inhisarlara tam oliqopoliya hüququnun verilməsinin (yəni tam azadlıq) tərəfdarı idi.

Helbreytin konsepsiyasına görə, iqtisadiyyatda “müvazinətli inhisar qüvvələri” nə qədər güclü çıxış etsələr iqtisadiyyatın da öz-özünü avtomatik idarə etməsi güclənər və nəticədə iqtisadiyyata ümumi nəzarət məhdudlaşar. O iddia edirdi ki, “müvazinətli qüvvələrin” fəaliyyətinə heç kim maneəçilik etməsə, o zaman dövlətin iqtisadiyyata nüfuz etməsinə ehtiyac qalmaz. İqtisadçı həmçinin “müvazinətli qüvvələr”in bəzən lazımi səviyyədə, bəzən də heç fəaliyyət göstərmədiyini də qeyd edirdi. Məhz bu zaman dövlətin iqtisadiyyata qarışması zəruridir. Helbreytin fikrincə, dövlət də, iş qüvvəsinin satışı üzərində inhisarı mövcud olan həmkarlar ittifaqları da “müvazinətli qüvvələr” kimi çıxış edir.

“Müvazinətli qüvvələr” konsepsiyası mahiyyət etibarilə tələb və təklif arasında olan münasibətləri ifadə edir və üç halda fəaliyyət göstərmir: 1) tələb təklifi üstələyəndə (kapitalist tsiklinin yüksəliş fazasında). Bu zaman alıcılar arasında rəqabət güclənir və qiymətlər qalxır. Alıcıların “müvazinətli qüvvələri” tələbin artması ilə yox olur; 2) təklif tələbi üstələyən zaman (iqtisadi böhranlar dövrü). Satıcılar arasında olan rəqabət kəskinləşir, qiymətlər aşağı düşür və ya da inhisarlar süni olaraq istehsalı azaldırlar. Qiymətlər ya əvvəlki səviyyələrində saxlanılır, ya da qaldırılır; 3) dövlətin simasında inhisarlar yaranır, dövlət inhisarlardan hərbi vəsaitlər və materiallar alır. Belə vəziyyət bazarda qiymətlərə güclü təsir göstərir və nəticədə qiymətlər aşağı düşür. Bu proses hərbi resurslar istehsalı üçün daha səciyyəvidir. Helbreytin “müvazinətli qüvvələr” nəzəriyyəsi rəqabət mübarizəsini əvəz etmir.

Con insan cəmiyyətinin inkişafının əsasını texniki-iqtisadi amillərlə əlaqələndirirdi. “Sənaye cəmiyyəti” nəzəriyyəsinin yaradıcılarından biri kimi Helbreyt bu cəmiyyətin əsasını ənənəvi olaraq istehsalın üç amili nəzəriyyəsində görür və onu “sənaye sisteminə” uyğunlaşdırırdı. O iddia edirdi ki, bir zamanlar torpaq istehsalın əsas amili olduğu üçün bütün iqtisadi və siyasi hakimiyyət torpaq sahiblərinin əlində olmuşdur. Sonralar isə belə bir amil kapital olmuş və daha sonra kapital az tapıldığı üçün, nisbi artıqlığa malik olduğuna görə həlledici istehsal amilini ixtisaslı adamlar qrupu, istehsalı təşkil edənlər (hakimiyyət də bu adamlara məxsusdur) oynamağa başlamışlar. Helbreytin fikrincə, hakimiyyət “texniki strukturların” əlindədir və ixtisaslaşmış biliklər və onların əlaqələri iqtisadiyyatın həlledici amili rolunu oynayır. Texnostrukturların məqsədi sabitlik və əmək haqqının yüksəlməsini təmin edən davamlı iqtisadi artımdır.

Helbreyt belə bir nəticəyə gəlirdi ki, müasir kapitalizmin ziddiyyətləri tam mənası ilə aradan qaldırıla və kapitalizm səmərəli planlaşdırma sisteminə, “adekvat sənaye” sisteminə keçə bilər.

P.S. Şotland mənşəli, Kanadada dünyaya gələn amerikalı iqtisadçı, dövlət məmuru və diplomatCon Kennet Helbreyt ailədə dörd uşaqdan yeganə oğul övladı olmuşdur. Atası fermer, məktəb müəllimi, müfəttiş vəzifələrində çalışmışdır. Xatirələrində gözəl, lakin xaraktercə sərt olaraq təsvir etdiyi anası o, 14 yaşında olarkən vəfat etmişdir. Yeniyetməlik illərində “Ken” adını qəbul etmiş, sonralar “Con” adını bəyənməmişdir. Kollecdə oxuyarkən heyvandarlıq ixtisası üzrə təhsil almışdır.

Con ucaboylu (206 sm) idi. II Dünya Müharibəsi dövründə hərbi xidmətə getməyə çalışarkən çox uzun boylu olması səbəbindən ordu tərəfindən qəbul edilməmişdir.

Con məhsuldar müəllif olmuşdur. O, tezdən qalxır və demək olar ki, ömrünün sonuna qədər digər işlərini başlamazdan əvvəl gündə ən azı iki-üç saat yazırdı. Alim bir neçə roman da daxil olmaqla onlarla kitab yazmış, müxtəlif mövzularda mindən çox məqalə və esse nəşr etdirmişdir. Kenin hazırcavab şərhləri, açıq sözlülüyü və ciddi məsələlərə yumoristik yanaşma tərzi onu çox sevilən müəllif etmişdir. Helbreytin iqtisadi mövzulardakı kitabları 1950-ci illərdən 2000-ci illərə qədər bestseller olmuş və ümumilikdə 7 milyon nüsxədən çox satılmışdır. O, iqtisadiyyatda texniki təhlilin və riyazi modellərin tətbiqinin əleyhinə çıxırdı. Conun bəzi işləri iqtisadçılar Milton Fridmen, Pol Kruqman, Robert Solou tərəfindən tənqid edilib.

Helbreytböyük iqtisadçı adlandırılmış analitikdir. O, dünyada “beş formasiyanın” (ibtidai icma cəmiyyəti, quldarlıq, feodalizm, kapitalizm, sosializm)olmadığını bildirən ilk iqtisadçı olmuşdur. Alim iddia edirdi ki, “beş formasiyanın” istənilən dövrünün bütün xüsusiyyətləri həmişə vardır.

Helbreyt prezidentlər Franklin Ruzvelt, Harri Truman, Con Kennedi və Bill Klintonun administrasiyasında çalışmışdır. Kennedinin hakimiyyəti dövründə ABŞ-ın Hindistandakı səfiri vəzifəsində fəaliyyət göstərmişdir. Con Kennedi Harvard Universitetində oxuyardən Helbreytin tələbəsi olmuşdur. İqtisadçı yarım əsr (58 il) bu universitetdə professor kimi işləmişdir. O, ABŞ-ın Vyetnamda apardığı müharibəni və 2003-cü ildə İraqı işğal etməsi siyasətini kəskin tənqid etmişdir. Siyasi fəallığı, ədəbi çıxışları və səmimiyyəti sağlığında ona geniş şöhrət qazandırmışdır.

İqtisadçı Ketrin Merriam Etvoter ilə ailə qurmuş və onların evlilikləri 69 il davam etmişdir. Cütlüyün bu izdivacdan dörd oğlu dünyaya gəlmişdir. Con ailəsinə sədaqətli olmuşdur. Helbreyt 97 yaşında vəfat etmişdir.

Hazırladı: böyük elmi işçi Gülnarə Fətəliyeva