Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

POL ENTONİ SAMUELSON

  • Oxunub 402 dəfə

 (1915, Geri, ABŞ - 2009, Belmont, ABŞ)

 Əsərləri:Multiplikar təhlil və onun sürətlənməsi qanunu arasında qarşılıqlı əlaqə - iqtisadiyyat və statistikaya baxış” (1939),“İqtisadi təhlilin əsasları” (1947), “İqtisadiyyat” (1948), “Tarazlı artıma əsaslanan sabit hasilat şkalası” (1953),“Ekonometrika” (1953), “Xətti proqramlaşdırma və iqtisadi təhlil” (1958),“Neoklassik nəzəriyyədə Pasinetti paradoksu və bir sıra əsas modellər” (1966), “Mən necə iqtisadçı oldum” (2003)

Məşhur amerikalı neokeynsçi iqtisadçı Pol Samuelson neoklassik sintezin görkəmli təbliğatçısı və yaradıcılarındandır. O, XX əsrin 50-ci illərinin əvvəlində neoklassizm və keynsçilik sintezinin əsasını qoy­muş­dur. Pol Keynsin nəzəriyyəsinə neoklassik təsvir vermiş, onu neoklassik iqtisadçı adlandırmış və onun iqtisadi nəzəriy­yə­si­nin neoklassik ənənələri və kökləri haqqında danışmışdır.

İlk dəfə 1937-ci ildə işlədilmiş “neoklas­sik sintez” anlayışı Keynsin nəzəriyyəsini “natamam işsizlik” şəraitində müvazinət nəzəriyyəsi kimi şərh etmişdi. Keynsin nəzəriyyəsinin bu cür izah edilməsi müharibədən sonra hakim istiqamət olmuş və iqtisadi siyasətin əsas prinsiplərini formalaşdıran ortodoksal keynsçiliyin inkişafına səbəb olmuşdu.

Samuelsonun “neoklassik sintez” nəzə­riy­yəsi iqtisadiyyatın dövlət tənzimlənməsi nəzəriyyəsinin mühüm qolu olmaq şərtilə iki istiqamətin əsas prinsiplərinin əlaqələndirilməsidir. Onun “neoklassik sintez” nəzəriyyəsinin əsasını keynsçi səmə­rəli tələb nəzəriyyəsi ilə neoklassik istehsal və bölgü nəzəriy­yə­sinin birləşməsi təşkil edir. Samuelson özünün nəzəriyyəsinə həm­çinin elmi-texniki inqilaba böyük əhəmiyyət verən institusionaliz­min müasir nəzəriyyəçisi Con Kennet Helbreytin əsas ideyalarını da daxil etmişdi. Nəticədə xüsusi və dövlət sahibkarlığını əlaqələndirən qarışıq iqtisadiyyat yaranmışdı.

Neoklassik sintez – pul amili əlavə olmaqla natamam məşğulluq şəraitində tarazlıq nəzəriyyəsidir. Bu nəzəriyyədə fiskalizmin keynsçi ideyaları iqtisadiyyatın pul-kredit siyasətinin (faiz dərəcəsini dəyişmə, açıq bazarda əməliyyatları keçirmə və s.) köməyi ilə tənzimlənməsini nəzərdə tutan neoklassik konsepsiyaları ilə birləşmişdi. Samuelsonun fikrinə görə, maliyyə siyasətinin vəzifəsi “ictimai əmtəələr” təklifi sferası üçün tənzimləyici tədbirləri təmin etməkdir. Dövlətin mikro aləmə müdaxiləsinin əsas məqsədi hökümət məsrəflərində optimallığa və dövlət, müəssisələr və cəmiyyətin ayrı-ayrı üzvləri arasında resursların səmərəli bölgüsünə və yenidən bölgüsünə nail olmaqdır.

Samuelson riyaziyyatın iqtisadi təhlil üçün əhəmiyyətini dəfələrlə qeyd edirdi. Onun əsas nailiyyətlərindən biri kimi qiymətin formalaşması, tələb və təklif arasında qarşılıqlı əlaqənin analizinə riyazi metodları tətbiq etməsi olmuşdur. Pol iqtisadi hadisələrin öyrənilməsi üçün  termodinamikanın riyazi aparatını uyğunlaşdırmağı bacaran ilk iqtisadçı idi. Bununla o, ali riyaziyyatı iqtisadi təhlillə birləşdirmişdi.

Samuelson XX əsrin ikinci yarısında iqtisadiyyat elminin aparıcı nümayəndələrindən biri kimi tarixə düşüb. Liberal baxışları ilə tanınan Samuelson  bazar və ya bürokratiya, özəl və ya dövlət, keynsçilik və ya monetarizm kimi mühüm fundamental məsələlərdə qızıl ortaya riayət edərək həddindən artıq ideoloji mövqelərdən qaçırdı.

P.S. “Çağdaş iqtisadiyyatın atası” adlandırılan və “XX əsrin ən böyük iqtisadçıları” sırasına daxil edilən Pol Samuelson Polşadan olan yəhudi mühacirlərin ailəsində dünyaya gəlmişdir. Onun atası əczaçı olmuşdur.

Pol 16 yaşında Çikaqo Universitetinə daxil olmuş, iqtisadiyyat üzrə fəlsəfə doktoru dərəcəsini isə Harvardda almışdır. Burada onun müəllimləri Yozef Şumpeter və Vasili Leontyev olmuşdur. Samuelson iqtisadi nəzəriyyəni mükəmməl bilirdi. Bir lətifədə deyilir ki, Polun dissertasiya müdafiəsinin sonunda Şumpeter Leontyevə üz tutaraq zarafatyana şəkildə “Yaxşı, Vasili, keçdikmi?” deyə soruşmuşdur.

Samuelson 25 yaşında Massaçusets Texnologiya İnstitutunda iqtisadiyyat üzrə dosent, 32 yaşında isə professor olmuşdur. İqtisadçı bu institutda ömrünün sonuna qədər çalışmışdır.

1970-ci ildə, mükafat təsis olunandan 1 il sonrastatik və dinamik iqtisadi nəzəriyyəni inkişaf etdirdiyi elmi işə görə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. O, iqtisadiyyat üzrə Nobel mükafatını almış ilk amerikalı olmuşdur. Pol 1947-ci ildə 40 yaşına qədər olan görkəmli amerikalı iqtisadiyyat alimlərinə verilən Con Beyts Klark medalı, 1996-cı ildə ABŞ Milli Elm Medalı ilə təltif edilmişdir. 1952-ci ildə Ekonometrika Cəmiyyətinin, 1961-ci ildə Amerika İqtisadi Birliyinin prezidenti seçilmişdir.

Samuelson iqtisadçılar arasında ən məhsuldar hesab olunur. Belə ki, o, 45 il ərzində orta hesabla ayda bir məqalə yazmışdır. İqtisadçı həmçinin müvəffəqiyyətli müəllif də hesab olunur, onun bütün zamanların ən uğurlu iqtisadiyyat dərsliyi hesab edilən “İqtisadiyyat” kitabı (rəng qrafikası ilə olan iqtisadiyyat üzrə ilk dərslik) 19 dəfə nəşr olunmuş və 40 dilə tərcümə edilmiş, 4 milyondan çox nüsxə ilə satılmışdır. Aydın yazı üslubuna malik olan Polun bu kitabı ABŞ-da və bütün dünyada standart dərslik olmuşdur.

Samuelson 1961-ci ildə 1984-1997-ci illər dövründə SSRİ iqtisadiyyatının ölçü baxımından ABŞ iqtisadiyyatını ötüb keçəcəyini proqnozlaşdırmışdı. Lakin bu proqnoz hələ 1970-ci illərdə özünü doğrultmamışdır.

Samuelson Con Kennedi və Lindon Conson kimi ABŞ prezidentlərinin müşaviri olmuşdur. O, uzun illər “News week” jurnalında köşə yazıları yazmışdır. Televiziya və radioda tez-tez çıxış etməsi sayəsində adı və həyati vacib iqtisadi məsələlərə dair fikirləri hər kəsə tanış idi. Milton Fridmen Samuelsonun iqtisadi baxışlarını tənqid etmişdir.

Alim 94 yaşında dünyasını dəyişmişdir.

Hazırladı: böyük elmi işçi Gülnarə Fətəliyeva