SAYMON SMİT KUZNES
- Oxunub 323 dəfə
(1901, Pinsk, Belarus – 1985, Kembric, ABŞ)
Əsərləri: “ABŞ-ın pərakəndə və topdansatış ticarətində tsiklik dalğalanmalar, 1919-1925-ci illər” (1926), “İstehsalın və qiymətlərin yüzillik dinamikası” (1930),“Milli gəlir və kapital yığımı” (1937), “Milli gəlir və onun tərkibi, 1919-1938-ci illər” (1941), “Müasir iqtisadi artım: səviyyəsi, quruluşu, yayılması” (1966), “Xalqların iqtisadi artımı: məcmu buraxılış və istehsal strukturu” (1971), “Əhali, kapital və iqtisadi artım” (1973)
Saymon Kuznes XX əsrin tanınmış iqtisadçılarından biri olmuşdur. İqtisadiyyatın empirik elm kimi ortaya çıxmasını, iqtisadi tədqiqatların statistik metodlarının işlənilməsini Saymonun adı ilə bağlayırlar.
Kuznes bölgü probleminin müxtəlif aspektlərini, ilk növbədə onun iqtisadi artım və iqtisadi tsikllərlə əlaqəsini araşdırmışdır. O göstərmişdir ki, ümumi istehsalda nizamnamə kapitalının payının artması və qoyulmuş kapitalın gəlirliliyində azalma milli gəlirdə əməyin payını artırır.
10 ölkədə milli gəlirin dinamikasına dair məlumatları ətraflı təhlil edərək o, belə bir fikir irəli sürmüşdür ki, iqtisadi inkişafın ilk mərhələlərində dayanan və inkişafın yenicə sürət götürdüyü ölkələrdə gəlir bərabərsizliyi əvvəlcə artır, lakin iqtisadiyyatın sonrakı inkişafı ilə bu fərq azalmağa meylli olur. İqtisadçı bum dövrlərində insanlar arasında gəlir bölgüsündə bərabərsizliyin azaldığı tendensiyasını ortaya çıxarmışdır. Saymonun bu fərziyyəsi bu günə qədər istifadə olunan “Kuznes əyrisi”nin (gəlir-istehlak əyrisi) əsasını qoymuşdur.
Milli gəlirin formalaşması prosesini araşdıran Kuznes, buraxılış və gəlir, yığım və investisiyanın, eləcə də iqtisadi artım prosesində kapital artımı və texnoloji dəyişikliklərin rolunun öyrənilməsinə mühüm töhfə vermişdir. O qeyd etmişdir ki, uzun müddət ərzində yığım prosesinin sabitliyi iqtisadiyyata qoyulan investisiyanın payını müəyyənləşdirir.
Milli gəliri hesablayarkən o, bazar xaricində olan fəaliyyətləri, həmçinin qiymətləndirilməmiş istehsal həcmlərini də nəzərə almışdır. İqtisadçı ölkənin ümumi və xalis məhsulu ideyasına aydınlıq gətirmiş, onların hesablanması metodlarını işləmişdir. Saymon ilk dəfə olaraq milli gəlirin “ikili hesablanması” metodunu (məcmu tələb baxımından - istehlak malları və xidmətlərinə xərclərin məbləği, investisiya və dövlət xərcləri; təklif baxımından - əmək haqqı, mənfəət və renta məbləği) tətbiq etmişdir.
1960-cı illərin ilk iqtisadçılarından biri kimi Kuznes iqtisadi artımın komponentlərindən biri olaraq insan kapitalına investisiyanın rolunu ortaya qoymuşdur. O vurğulayırdı ki, ölkənin ən böyük kapitalı – bacarıqları, təcrübəsi və faydalı iqtisadi fəaliyyət üçün motivasiyası olan insanlardır.
Kuznes hər hansı bir ölkənin “müasir iqtisadiyyat”a aid olduğunu təyin edən üç göstəricini müəyyən etmişdir. O, bunlara – adambaşına düşən gəlirin artım tempini, işçi qüvvəsinin sənaye üzrə paylanmasını və ərazi üzrə əhalinin yerləşməsini aid edirdi.
Kuznes on beş ildən iyirmi ilə qədər olan dövrlərdə istehsalın və qiymətlərin tsiklik xarakterini təhlil etmiş və kəmiyyətcə qiymətləndirmişdir. Belə biznes tsiklləri “Kuznes tsiklləri” adlandırılır.
Dünyanın müxtəlif ölkələrinin iqtisadi artımının müqayisəli təhlilini aparan alim belə qənaətə gəlmişdir ki, iqtisadi artım problemləri sırf iqtisadi baxımdan kənara çıxır. İqtisadi artımın kökünü tapmaq üçün digər ictimai elmlərə – sosiologiya, politologiya, demoqrafiyaya istinad etmək lazımdır.
P.S. Amerikalı iqtisadçı, statistik, demoqraf və iqtisadi tarixçi Saymon Kuznes yəhudi ailəsində dünyaya gəlmiş, üç oğul övladından ikincisi olmuş və uşaqlıqdan rus və yəhudi dillərini bilmişdir. Onun atası ticarətlə məşğul idi.
Çoxsaylı məcburi köçürülmə səbəbindən gələcək alimin ailəsi Kiyev, Rovno, Xarkovda yaşamalı olmuşdur. Saymon bir neçə il sonra 1922-ci ildə qardaşı Solomon ilə ABŞ-a, Nyu-Yorka mühacirət etmişdir. O, Kolumbiya Universitetinə daxil olmuş, burada bakalavr, magistr və fəlsəfə doktoru dərəcəsinə yiyələnmişdir. Kuznesin əsas müəllimi Uesli Kler Mitçell olmuşdur.
1971-ci ildə “həm iqtisadi, həm də sosial quruluşu və inkişaf prosesini daha yeni, daha dərindən anlamağa səbəb olan iqtisadi artımın empirik əsaslandırılmış izahına görə” İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüş və bununla da o, dünyada dördüncü laureat adını qazanmışdır. İlk dəfə olaraq Saymon adambaşına düşən milli gəlirlərə görə ölkələrin təsnifatını aparmışdır. O, 31 kitab və 200-dən çox məqalə nəşr etdirmişdir.
Kuznes tədris etdiyi mövzuya tükənməz marağı, analitik istedadı, təqdimatın aydınlığı, erudisiyası, eləcə də tələbələrini birbaşa tədqiqat prosesinə cəlb etmək bacarığı sayəsində parlaq müəllim kimi şöhrət qazanmışdı. İqtisadiyyat üzrə Nobel mükafatı laureatları Milton Fridmen və Robert Vogel onun tələbələri olmuşlar. Onun iki qardaşı, həyat yoldaşı və oğlu iqtisadçı olmuşdur.
Müharibədən sonrakı dövrdə Saymon bir sıra xarici ölkələrin – Tayvan, Cənubi Koreya, Yaponiya, İsrail və Hindistan hökumətlərinin müşaviri vəzifəsində çalışmışdır. Bununla o, bu ölkələrdə iqtisadi məlumatların toplanması və işlənməsi üçün milli sistemlərin formalaşmasına dəstək vermişdir.
Alim daima uşaqlığı haqda mövzulardan yayınmış, yaxınlarına heç nə deməmiş və bu da şübhələr doğurmuşdur. Bu, jurnalistləri və bioqrafçıları araşdırma aparmağa və iqtisadçının nəyi gizlətdiyini aşkar etməyə məcbur etmişdir. O, ömrü boyu Xarkovda doğulduğunu qeyd etmiş və yalnız ölümündən sonra həyat yoldaşı onun Belarusda anadan olduğunu bildirmişdir. Onun mühacirətdən əvvəl adı tam şəkildə Şimen (Semyon) Abramoviç Kuznes olmuşdur.
Araşdırmalar nəticəsində məlum olmuşdur ki, sonradan bankda baş mühasib vəzifəsində çalışan atası bank əmlakından özünün Leypsiq bankındakı hesabına 20 min rubl köçürmüş, əlavə olaraq varlı vətəndaşlardan daha 15 min rubl borc götürmüş və şəhərdən qaçmışdır. Ümumilikdə, Abram Kuznes ən azı yüz min rubl mənimsəməkdə günahkar bilinmişdir. Saymon 6 yaşında olarkən atası ailəsini də tezliklə ardınca aparacağı planı ilə Avropaya, oradan isə ABŞ-a getmiş, orada soyadını dəyişərək Smit qoymuşdur. Lakin başlayan I Dünya Müharibəsi və ondan sonra baş verən inqilab onun planları pozmuşdur. Saymon yalnız 12 ildən sonra atası ilə yenidən görüşə bilmişdir.
Digər bir maraqlı məlumata görə, Amerika iqtisadiyyatının gəlirlərini hesablaya bilən Kuznes uşaqlıqda riyaziyyatı çox sevməmiş, üç və dörd qiymətlər almışdır.
Pol Samuelson Saymon Kuznesi “XX əsr iqtisadiyyatının nəhəngi” adlandırmışdır.
Hazırladı: böyük elmi işçi Gülnarə Fətəliyeva