Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

ROBERT EMERSON LUKAS

  • Oxunub 496 dəfə

 (1937, Vaşinqton, ABŞ)

 Əsərləri: “Gözləntilər və pulun neytrallığı” (1972), “İqtisadi tsikldə tarazlı model” (1975), “Biznes tsikl nəzəriyyəsində metodlar və problemlər” (1980) “Yeni klassik makroiqtisadiyyat” (1984), “İqtisadi inkişafın mexanikası haqda” (1988), “Niyə kapital kasıb ölkələrdən zəngin ölkələrə axın etmir?” (1990), “Möcüzənin baş verməsi” (1993), “Sənaye inqilabı: keçmiş və gələcək” (1998), “XXI əsr üçün makroiqtisadiyyat” (2000), “İqtisadi artımla bağlı mühazirələr” (2002), “İqtisadi artımın tarixi və gələcəyi” (2012), “Biliyin artması və vaxt bölgüsü” (2014)

Robert Lukas 1970-ci illərdən başlayaraq ən məşhur iqtisadçılarından biri kimi tanınır. O, həmin dövrə qədər keynsçiliyin nüfuzlu olduğu makroiqtisadi nəzəriyyənin əsaslarını sual altında qoyması ilə məşhurdur. Robert iddia edirdi ki, makroiqtisadi model mikroiqtisadi modellərin ümumiləşdirilmiş şərhinə əsaslanmalıdır.

Lukas “yeni məktəb”in rəhbəri və rasional gözləntilər anlayışının müəllifi kimi tanınır. O, rasional gözləntilər ehtimalının təsirlərinin öyrənilməsi sayəsində məşhurluq tapmışdır. Robert qeyd edirdi ki, rasional gözləntilər nəzəriyyəsinin əsasında ümumi tarazlığın dinamik modeli dayanır. Onun qurduğu modeldə agentlər mövcud məlumata əsaslanaraq tamamilə rasionaldır, onlar gözlənilən qiymətlər və kəmiyyət xüsusiyyətləri barədə fərziyyələr irəli sürürlər, sonra bu fərziyyələr əsasında gözlənilən faydalılıqdan maksimum istifadə etməyə çalışırlar.

O, iqtisadi siyasəti müəyyən edən “Lukas tənqidi”ni hazırlamışdır. Bu ondan ibarətdir ki, iqtisadiyyatda davam etdirilən əlaqələr, məsələn, inflyasiya və işsizlik arasında müşahidə edilən əlaqələr, iqtisadi siyasətdəki dəyişikliklərə cavab olaraq dəyişə bilər. Bu, neoklassik iqtisadi nəzəriyyənin və yeni keynsçiliyin, eləcə də, makroiqtisadi nəzəriyyə üçün mikroiqtisadi əsaslar istiqamətində hərəkatın inkişafına səbəb oldu.

Həmçinin onun işlərində qeyri-təkmil informasiya nəzəriyyəsi inkişaf etdirilmiş və o, “Lukas adaları” adlanan qeyri-təkmil informasiya modelini hazırlamışdır ki, bu da Lukasın məcmu təklif funksiyasının ən əhəmiyyətli nəticələrindən biridir. İqtisadçı tərəfindən işlənilmiş təklif nəzəriyyəsinin əsasında sistemsiz monetar siyasətin insanları çaşdıra bilmək, yanlış fikrə yönəltmək ehtimalı dayanır.

Lukas Pol Romer ilə birlikdə “Lukas-Romer” modeli kimi tanınan iqtisadi artımın yeni nəzəriyyəsinin banisidir. Bu modelə görə, iqtisadi artımın əsas amili – elmi-tədqiqat işlərinə investisiya qoyuluşunun artımı və insan kapitalına sərmayədir. Lukas və Romerin modelinin əsas nəticələrindən biri odur ki, insan kapitalı resursu və elmin inkişafına malik iqtisadiyyat bu imkanlardan məhrum olan iqtisadiyyata nisbətən uzun müddətli perspektivdə yüksək artım şansına yiyələnir.

Bundan başqa, insan kapitalının toplanmasından bəhs edən və Hirofumi Uzava ilə birlikdə hazırlanan “Lukas-Uzava modeli” də məşhurdur. “Lukas paradoksu” niyə daha çox kapitalın inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələrə axın etməməsi məsələsinə baxılmasından ibarətdir.

Robert davranış iqtisadiyyatı sahəsində də tədqiqat aparmış, qiymətqoymanın investorların irrasional davranışına tabe olduğunu göstərmişdir. O, dövlətin hər hansı bir formada iqtisadiyyata müdaxiləsini rədd edir və iqtisadi hadisələrin təhlilində subyektiv yanaşmaya əsaslanırdı.

Lukas makroiqtisadiyyatda yeni klassik yanaşmanın inkişaf etdirilməsində mərkəzi fiqur hesab edilir.

P.S. Amerikalı iqtisadçı Robert Lukas ailənin dörd övladından ən böyüyü olmuşdur. O, məktəbdə oxuyarkən riyaziyyat və təbiət elmlərini yaxşı bilirdi, valideynləri onun mühəndis olacağını gözləyirdi. 17 yaşında olarkən mühəndis olmaq arzusundan daşınan Robert Çikaqo Universitetində riyaziyyat üzrə təhsil almış, lakin tezliklə burada tədris edilən mövzuların əksəriyyətinin orta məktəbdə öyrəndikləri ilə eyni olması səbəbilə bu sahəyə marağını itirmişdir. Lukas o vaxtlar yaxşı tələbələr üçün adət olduğu kimi fizikanı ixtisas olaraq qəbul etməyə də hazır deyildi. Əvəzində universitetdə tarix fakültəsini bitirmişdir. İqtisadi həyatla maraqlandıqdan sonra iqtisadiyyat tarixinə keçid etmişdir. O, iqtisadiyyatı doktorluq dissertasiyası üçün oxumuşdu. Alim hesab edirdi ki, iqtisadiyyat tarixin real mühərrikidir və iqtisadiyyatın dərinliklərinə baş vurduqdan sonra yenidən tarix şöbəsinə qayıdacağını nəzərdə tutmuşdu.

Robert 1981-ci ildə ABŞ Milli Elmlər Akademiyasının üzvü, 1997-ci ildə Ekonometriya Cəmiyyətinin və 2002-ci ildə Amerika İqtisadi Assosiasiyasının prezidenti seçilmişdir.

1995-ci ildə rasional gözləntilər hipotezinin inkişafi və tətbiqi, makroiqtisadi təhlilin transformasiyası və iqtisadi siyasət anlayışının dərinləşməsi sahəsində töhfələrinə görə İqtisadiyyat üzrə Nobel mükafatını qazanmışdır.

Lukasın keçmiş həyat yoldaşı Rita Lukas 1988-ci ildə onların boşanmasından sonra boşanma müqaviləsində növbəti yeddi il ərzində (31 oktyabr 1995-ci ilədək) Lukasın Nobel mükafatını alacağı təqdirdə mükafatın yarısını almaq hüququnu almışdır. 10 oktyabr 1995-ci ildə Robert Nobel mükafatına layiq görüldüyü zaman pul mükafatının yarısı yoldaşına təhvil verilmişdir. İqtisadçılar bu hadisə ilə bağlı zarafatyana Lukasın rasional gözləntilər modelinin onun həyat yoldaşına şamil edildiyini deyirdilər: Ritanın rasional və düzgün gözləntiləri olmuşdur. Alimin ilk nikahından iki oğlu var.

Lukasın ikinci həyat yoldaşı və elmi məqalələrinin bəzilərinin həmmüəllifi Nensi Stokey tanınmış iqtisadçı və Çikaqo Universitetinin professorudur.

Lukas Nikolas Qreqori Menkyu tərəfindən “XX əsrin son rübünün ən nüfuzlu makroiqtisadçısı” kimi xarakterizə edilmişdir. 2020-ci ilin məlumatına əsasən, Robert dünyada ən çox istinad edilən iqtisadçılar arasında 11-ci sırada yer almışdır.

Hazırladı: böyük elmi işçi Gülnarə Fətəliyeva