Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

CON RİÇARD HİKKS

  • Oxunub 290 dəfə

(1904, Varvik, Böyük Britaniya - 1989, Blokli, Böyük Britaniya)

 Əsərləri: “Əmək haqqı nəzəriyyəsi” (1932), “Dəyər və kapital” (1939), “Rifah iqtisadiyyatının əsasları” (1939), “Real gəlirlərin ölçülməsi” (1958), “Kapital və iqtisadi artım” (1965), “İqtisadi tarix nəzəriyyəsi” (1969), “İqtisadi perspektivlər” (1976), “İqtisadçının formalaşması” (1979), “İS-LM: izahı” (1980), “Sərvət və rifah” (1981), “Pul, faiz və əmək haqqı” (1982), “Pulun bazar nəzəriyyəsi” (1989)

 Con Hikks XX əsrin ən tanınmış və nüfuzlu britaniyalı iqtisadçılarından biridir. O, neo-keynsçiliyin nümayəndəsi olmuşdur.

 Hikks öz əsərlərində müasir iqtisadiyyatın fundamental problemləri olan dəyər, tələb və təklif, qiymət, əmək haqqı, kapital və mənfəət, iqtisadi artım, dövri inkişaf, inflyasiya kimi məsələləri tədqiq etmişdir.

İqtisadçı ona məşhurluq gətirən əmtəə-pul tarazlıq modeli – İS-LM əyrilərinin təhlilini inkişaf etdirmişdir ki, burada makroiqtisadi tarazlığın keynsçilik nəzəriyyəsi ümumiləşdirilmişdir. O, həmçinin makroiqtisadiyyatda istehlakçı tələbi nəzəriyyəsini hazırlamışdır. Onun şərəfinə istehlakçı nəzəriyyəsində kompensasiya tələbi “Hikks tələbi” adlandırılmışdır.

Hikks sərbəst və məcburi dövrləri fərqləndirirdi. Sərbəst dövr özü avtonom investisiyalar, zəif multiplikator və ya zəif akseleratorun aşağı səviyyəsi səbəbi ilə yox olur. Güclü genişlənmə qüvvələri ilə idarə olunan məcburi dövr istehsal gücünün tam istifadəsi ilə məhdudlaşır. Bu, istehsal həcminin artımının gecikməsinə səbəb olur, akselerator investisiyaların azaldılması istiqamətində hərəkət edir ki, nəticədə bütövlükdə iqtisadiyyatda aşağı istiqamətli bir hərəkət yaradır.

 Hikks ilk dəfə böyük iqtisadi sistemlərdə rəqabət balansının sabitliyinə dair məsələni ortaya qoymuş və sübut etmişdir ki, Avstriya məktəbinin subyektiv dəyər nəzəriyyəsinin ən mühüm anlayışlarından bir çoxu (məsələn, faydalılığın azalması qanunu, faydalılığın mütləq dəyərinin ölçülməsi və s.) əslində bazarda tələb və təklifin dəyişməsi ilə əlaqəli deyildir.

 Conun inflyasiya konsepsiyası “əmək standartı” və “əmək haqqı-qiymət” spiralı tezisinə uyğundur. Hikks iddia edirdi ki, əmtəələrin qiymətindəki dəyişikliklər həmişə mənfi olan “substitusional” təsir və həm mənfi, həm də müsbət ola bilən “faydalı” təsirə malikdir.

 İqtisadçının əmək haqqı nəzəriyyəsi qeyri-təkmil rəqabət şəraitində əmək bazarının fəaliyyəti və əmək haqqının yaradılması mexanizminin araşdırılmasına həsr olunub. Burada o, sənaye münaqişəsi nəzəriyyəsini izah edir. Bu nəzəriyyəyə görə, əmək haqqının müəyyən edilməsi ümumi dəyər nəzəriyyəsinin xüsusi bir halını təmsil edir. Əmək bazarında bazar qüvvələrinin azad qarşılıqlı təsirini pozan əsas amil isə həmkarlar ittifaqlarıdır. Bu nəzəriyyə çərçivəsində Hikks sübut etməyə çalışırdı ki, əmək haqqı dərəcələri sahibkarların “güzəşt əyrisi” və həmkarlar ittifaqlarının “müqavimət əyrisi”nin kəsişməsilə müəyyən edilir.

 İqtisadçı əməyin kapital ilə dəyişdirilməsi və belə “əvəzolunmanın elastikliyi” mümkünlüyü fikrini irəli sürmüşdür. Əgər elastiklik sıfıra bərabərdirsə, əvəzedilmə qeyri-mümkündür. Əgər o, sonsuzluqla ifadə edilibsə, hər iki amil tamamilə əvəzediləbiləndir. Bu elastiklik faktorunun gəlirin bölüşdürülməsi və iqtisadi artım məsələsinə birbaşa bağlılığı vardır.

Hikks innovasiyaların istehsal amilləri arasında məhsulun paylanması nisbətinin dəyişikliyinə gətirib çıxarmadığı texniki tərəqqinin neytrallığı ideyasının da müəllifidir.

 P.S. Con Hikksin atası yerli qəzet jurnalisti kimi fəaliyyət göstərmişdir. Riyaziyyat üzrə təhsil alan Hikks eyni zamanda ədəbiyyat və tarix ilə də maraqlanmışdır. Sonra istiqamətini fəlsəfə, siyasət və iqtisadiyyata dəyişmişdir. Sonralar özü etiraf edirdi ki, o, heç bir fənn sahəsində kifayət qədər ixtisaslı olmamış və təhsilini də ikinci səviyyəli dərəcə ilə bitirmişdir.

 Əvvəlcə əmək iqtisadiyyatı üzrə ixtisaslaşan Con tezliklə iqtisadi nəzəriyyəyə keçid etmiş, bu sahədə riyazi qabiliyyətlərini tətbiq etmişdir. İqtisadçı ümumi tarazlıq nəzəriyyəsinin yaradıcısı Leon Valrasın və rifah iqtisadiyyatının banisi Vilfredo Paretonun yaradıcılığından təsirlənmişdir.

 Hikks ömrü boyu elmi və pedaqoji fəaliyyətlə məşğul olmuşdur. O, Oksford, Kembric, Mançester Universitetlərində dərs demişdir.

 Alim 1942-ci ildə Britaniya Akademiyasının üzvü, 1948-ci ildə İsveç Kral Akademiyasının xarici üzvü seçilmişdir. Hikks 1964-cü ildə zadəgan rütbəsinə layiq görülmüşdür.

 1972-ci ildə ümumi iqtisadi tarazlıq nəzəriyyəsi və rifah iqtisadiyyatı nəzəriyyələrinə verdiyi töhfələrə görə İqtisadiyyat üzrə Nobel mükafatı ilə təltif edilmişdir. O, bu mükafatı Kennet Cozef Errou ilə bölüşüb. İqtisadçı pul mükafatını London Məktəbinin kitabxanasına bağışlamışdır.

 Monetarizmin sərt tənqidçisi olan Conun fikrincə, monetarizmdə başlıca səhv – onun hər cür inflyasiyanı eyni qutuya qoymağa çalışmasındadır.

 Hikks daima şəxsi söhbətlərdə utancaq və təvazökar olurdu. Lakin, onun iqtisadi işləri üçün yalnız böyük müəllimlərdə rast gəlinə bilən ədəbi zəriflik və təqdimatın dəqiqliyi, fikirlərin aydın, yığcam, məntiqli ifadəsi xarakterikdir. O, ümumilikdə 20 kitab və 50-dən çox məqalənin müəllifi olmuşdur.

Con iqtisadçı olan (dövlət maliyyəsi üzrə mütəxəssis) həyat yoldaşı Ursula Veb ilə uzun illər iqtisadi siyasət problemləri üzərində birgə çalışmışdır. Onların övladı olmamışdır.

 Hazırladı: böyük elmi işçi Gülnarə Fətəliyeva