Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

FRENSİS İSİDRO EDCUORT

  • Oxunub 272 dəfə

 (1845, Lonqford, İrlandiya - 1926, Oksford, İngiltərə)

 Əsərləri: “Yeni və köhnə etik metodlar” (1877), “Riyazi psixika” (1881), “Ən kiçik kvadratlar metodu” (1883),  “Statistika metodları” (1885), “Ölçü” (1887), “Pul islahatı haqqında düşüncələr” (1895), “İnhisar nəzəriyyəsi” (1897), “Xəta qanunu” (1902), “Bölgü nəzəriyyəsi” (1904), “İngilis gəliri və əmlakı” (1916), “Şans fəlsəfəsi” (1922), “Siyasi iqtisada dair əsərlər” (1925)

Frensis İsidro Edcuort erkən ingilis neoklassik məktəbinin aparıcı iqtisadçısı kimi tanınır. O, iqtisadiyyat elmində riyaziyyat məktəbinin tanınmış təmsilçilərindən olmuşdur.

Edcuort “fərqsizlik əyrisi” anlayışını iqtisadi nəzəriyyəyə tətbiq edən ilk şəxslərdən idi. Bu konsepsiya istehlakçının müxtəlif malların faydalılığını seçməsini təsvir edir.

İqtisadçı sərbəst bazarda tələb və təklif tarazlığı ilə əlaqədar olan “Edcuort limit teoremi”nin müəllifidir. Bu, sərbəst bazar mübadiləsi və ya insan qrupları arasında mübadilə nəticəsində yarana biləcək bir sıra mümkün nəticələri araşdıran iqtisadi teoremdir. Teorem, tərəflər arasında son qərarlaşmanın (malların son bölgüsü) dəqiq yeri müəyyənləşdirilmədiyi halda, treyderlərin sayı artdıqca azalan bir sıra potensial nəticələr mövcud olduğunu göstərir. Edcuort fərziyyəsinə görə, iqtisadiyyatda agent sayının artması ilə qeyri-müəyyənlik dərəcəsi azalır.

Alimin özü tərəfindən təklif olunmuş və onun adı ilə bağlı olan “Edcuort qutusu” iki fərd arasında iki əmtəənin mübadiləsinin mümkün hallarını təsvir etmək üçün istifadə edilir.

Edcuort beynəlxalq ticarət, həmçinin vergi və inhisar nəzəriyyəsinə öz töhfəsini vermişdir. O, “optimal tarif” də daxil olmaqla, əsas müddəalarını göstərmək üçün təklif əyriləri və icma fərqsizlik əyrilərindən ilk olaraq istifadə etmişdir. İnhisar qiymətləri məsələsinə toxunan Frensis güc məhdudiyyətləri və ya artan marjinal xərc əyriləri olan iki firma arasındakı qiymət rəqabətinin qeyri-müəyyənliyə necə gətirib çıxardığını göstərmişdir.

Alim məşhur “vergi paradoksu”nu irəli sürmüşdür. Onun fikrincə, məhsula vergi qoyulması faktiki olaraq qiymətlərin enməsinə səbəb ola bilər. Edcuort proqressiv vergitutma ideyasının tərəfdarı idi. O, vergilərin optimal bölüşdürülməsinin “hər bir vergi ödəyicisinin daşıdığı son faydasızlığın eyni olduğu” şəkildə olması lazım olduğunu iddia edirdi.

Frensis riyaziyyatın iqtisadiyyatda aktiv istifadəsinin tərəfdarı idi. O, indeks rəqəmləri və statistik nəzəriyyəyə, xüsusən də ehtimal nəzəriyyəsinə mühüm töhfələr vermiş, keçmiş təcrübələrdəki məlumatların gələcək ehtimalları qiymətləndirmək üçün əsas kimi istifadə edilməsini təşviq etmişdir.

P.S. İqtisadçı və statistik Frensis İsidro Edcuort böyük və varlı torpaq mülkiyyətçisi ailəsində dünyaya gəlmişdir. Edcuortun anası ispan, atası isə irlandiyalı olmuşdur. O, dörd dəfə evlənmiş və 22 uşağı olan siyasətçi, ixtiraçı və yazıçı Riçard Edcuortun nəvəsi idi. Onun ana tərəfdən babası kataloniyalı general olmuşdur. İsidronun bibisi, yazıçı Mariya Edcuort uşaq hekayələrinin müəllifi kimi tanınırdı və İrlandiyadakı həyatı təsvir edən romanları məşhur idi. Ailənin beş oğlundan kiçiyi olan Frensisin iki yaşında olarkən atası, bundan iki il sonra isə onlarla birgə yaşayan bibisi Mariya vəfat etmişdir.

O, ibtidai təhsilini evdə almışdır. Sonra Triniti kollecdə qədim və müasir dilləri, o cümlədən fransız, alman, ispan və italyan dillərini öyrənmiş, filologiya üzrə diploma yiyələnmişdir. Ali təhsilini başa vurduqdan sonra müstəqil şəkildə riyaziyyat və iqtisadiyyatı öyrənmişdir. Hüquq, ingilis ədəbiyyatı, məntiq üzrə mühazirələr oxumuş, 1885-ci ildən siyasi iqtisad professoru olaraq London Kral Kollecində dərs demişdir. Deyilənə görə, həvəsləndirici müəllim olan İsidro təlimi səmərəli təşkil etməklə yaxşı tələbələri cəlb edir və bir çox qızğın müzakirələri təşviq edirmiş. O, 81 yaşında vəfat etməzdən bir müddət əvvələ qədər hələ də coşqu ilə işləyirdi.

Frensis 1891-ci ildə əsası qoyulan “Economic Journal”-ın 35 il müddətinə redaktoru olmuşdur. Bu işi o, Con Meynard Keyns ilə bölüşmüşdür. 1912-1914-cü illərdə Kral Statistika Cəmiyyətinin prezidenti vəzifəsində çalışmışdır.

Edcuortun nəzəri baxışlarının formalaşmasına müəllim kimi dərin hörmət bəslədiyi Alfred Marşall və tez-tez birgə gəzintiyə çıxdığı yaxın dostu və qonşusu Uilyam Stenli Cevons böyük təsir göstərmişlər.

Edcuortun iqtisadi fikirlərinin orijinal və dərin olmasına baxmayaraq, müasirləri tez-tez aydın olmadığı üçün onun ifadə tərzindən şikayətlənirdilər. Belə ki, o, tərifini vermədən oxucular üçün qaranlıq qalan sözlərdən istifadəyə meylli idi.

İqtisadiyyata dair ən yaradıcı əsəri olan “Riyazi psixika” kitabını oxumaq çox çətin idi. İşdə ədəbi mənbələrə tez-tez müraciət etməklə yanaşı, mətnə latın, fransız və qədim yunan dili də daxil olmaqla bir neçə dildə keçidlər də daxil etmişdir. Əsərin riyazi dili də eyni dərəcədə qəliz idi və bütün bu səbəblərdən riyaziyyatın iqtisadi və ya əxlaqi məsələlərə dair bir sıra yaradıcı tətbiqetmələri anlaşılmaz hesab olunurdu. Bununla belə, o dövrün tanınmış iqtisadçıları Alfred Marşall və Uilyam Stenli Cevons əsəri yüksək qiymətləndirmişlər.

Tanınmış iqtisadçı Con Kennet Helbreytçıxışlarınınbirində “irlandlardan başqa bütün millətlər görkəmli iqtisadçılar yetişdirmışdir” fikrini demişdir. Halbuki, Edcuort Helbreytin iddiasına güclü bir əks nümunədir.

Alim xaraktercə mübariz deyildi. Orijinal düşüncə sahibi olması səbəbindən qaçılmaz olduğu üçün bir neçə kritik mübahisədə iştirak etsə də, ümumiyyətlə intellektual rəqibinin ilk müqavimət və ya incikliyində geri çəkilirdi. Onun çıxışları hər hansı bir pis hiss və ya vəziyyətdən çəkinmək ümidi ilə yaltaqlıq ilə də müşayiət olunurdu. Xaraktercə nəzakətli, alicənab olan və yumor hissi ilə seçilən Frensisin heç vaxt əsəbi olmadığı və başqaları haqqında kobud ifadələr işlətmədiyi deyilirdi.

İqtisadçı ciddi və müntəzəm vərdişləri sayəsində gümrahlığını ömrünün sonuna qədər saxlaya bilmişdir. Onun kitab mütaliəsi, gəzinti, alpinizm, qolf oyunu və qayıq sürməyə olan sevgisi sonsuz idi. Hər yay, hətta 80 yaşında belə səhər yeməyindən əvvəl çimir, tez-tez Oksford ətrafındakı kəndlərdə velosiped sürür və qolf oynayırdı.

İsidro 1911-ci ildə dörd böyük qardaşı dünyasını dəyişdikdən sonra ailəsinin sərvətinin yeganə varisi olmuşdur. O, qısa bir müddət Beatris Potter adlı xanımla görüşsə də, heç vaxt evlənməmişdir.

Xoşbəxt olmaq və işləmək bacarığını riyazi şəkildə tərtib edən iqtisadçı qadınların həzz almaq və işləmək qabiliyyətinin kişilərə nisbətən daha az olduğu qənaətinə gəlmişdir.

İngiltərədə əsərlərinin çox az nüfuzu olan Edcuortun ardıcılları olmamışdır. Frensisin adı “Keynsdən əvvəl yüz böyük iqtisadçı” siyahısına daxil edilmişdir.

Hazırladı: böyük elmi işçi Gülnarə Fətəliyeva