Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

CORC COZEF STİQLER

  • Oxunub 303 dəfə

 (1911, Renton, ABŞ – 1991, Çikaqo, ABŞ)

 Əsərləri:Qiymət nəzəriyyəsi(1946), “Xidmət sektorunda məşğulluq tendensiyaları (1956), “İnformasiyanın iqtisadi nəzəriyyəsi” (1961), “Əmək bazarında məlumat (1962), “Oliqopoliya nəzəriyyəsi” (1964), “İqtisadiyyat tarixi ilə bağlıqeydlər(1965), “Sənayenin təşkili” (1968), “Vətəndaş və dövlət” (1975)

XX əsrin məşhur amerikalı iqtisadçısı Corc StiqlerÇikaqo iqtisadiyyat məktəbinin və iqtisadi fikrin neoklassik məktəbinin əsas liderlərindən biri olmuşdur. Stiqlerin əsərləri sənayenin təşkili, bazar quruluşu, iqtisadiyyat tarixi və iqtisadi tənzimləməyə həsr edilmişdir.

Stiqler iqtisadi tənzimləmə nəzəriyyəsini (“ələ keçirmə metodu”) irəli sürmüş və onu inkişaf etdirmişdir. Onun fikrincə, dövlət ölkənin hər bir sahəsi üçün ya potensial resurs, ya da potensial təhdiddir. Özünün qadağan və ya məcbur etmək, pul vermək və ya almaq kimi gücü sayəsində dövlət bir çox sahələrə kömək edə və ya əksinə zərər verə bilər. Bu yanaşmaya görə, maraqlı tərəflər və digər siyasi iştirakçılar öz mənfəətlərini qorumaq üçün hökumətin tənzimləyici və ya məcburedici səlahiyyətlərindən istifadə edərək qanun və qaydaları özləri üçün faydalı olan şəkildə formalaşdırırlar. Tənzimləmə istehlakçı maraqlarını deyil, sənaye müəssisələrini yeni rəqabətdən qoruyur. Bu nəzəriyyə iqtisadiyyatda ictimai seçim nəzəriyyəsinin ayrılmaz hissəsidir.

İnformasiyanı qazancın maksimallaşdırılması üçün təsərrüfat subyektlərinin istifadə etdikləri spesifik resurs kimi nəzərdən keçirən iqtisadçının fikrincə, axtarış nəticəsində subyekt informasiya alır, ancaq bu zaman sərf olunmuş vəsaitlər xüsusi növ transaksiya xərcləri – axtarış xərcləri kimi çıxış edir. İnformasiya resursunun dəyəri bu xərclərin həcminə bərabərdir. Təsərrüfat subyekti qismində məqsədi minimal xərclərlə göstərilən sayda əmtəəni almaq olan alıcı nəzərdə tutulur. Satıcılar əmtəəni alıcıya əvvəlcədən məlum olmayan müxtəlif qiymətlərlə təklif edirlər. Alıcı ardıcıl surətdə satıcılardan tələb olunan qiymətlərə dair məlumat toplayır və sorğu aparılan satıcıların sayı artdıqca ona məlum olan minimal qiymət azalır. Təklif etdiyi “axtarış nəzəriyyəsi”nə əsasən, Stiqler iddia edirdi ki, istehlakçı axtarışın müddəti və ya intensivliyi xərclərinin daha aşağı qiymətə alışdan gözlənilən qənaətin həcmindən artıq olmayacağı anadək ən aşağı qiymətə olan məhsulu axtarmalıdır. Bazar davranış nəzəriyyəsinə yeni bir yanaşma gətirən və iqtisadiyyatdakı informasiya problemlərinin öyrənilməsi üçün modeli özündə cəmləşdirən bu metod istehlakçı davranışının öyrənilməsində, iş axtarışında və ehtiyatların yaradılmasında istifadə olunmuşdur.

Corc iqtisadiyyat elminə sənayenin təşkili nəzəriyyəsinin tərkib hissəsinə çevrilən “yaşamaq prinsipi”ni daxil etmişdir. O, yaşamağı təmin edən “səmərəliliyin minimum miqyasını” texnologiya və bazar şəraitindəki dəyişikliklərdən sonra istehsal sferasında qalmağı bacaran müəssisənin ən kiçik ölçüsü olaraq (istehsal olunan məhsul vahidi və ya məşğul işçi qüvvəsi ilə ölçülən) təyin edirdi. Məsələn, yeni sənaye texnologiyasının tətbiqi böyük müəssisələrin qazanclı işləməsinə imkan verə bilər. Bu halda, səmərəliliyin minimum miqyası polad sənayesində yüksələcəkdir. Statistik məlumatlar əksər vaxtlarda çox məhdud olsa da, “yaşamaq prinsipi” sənaye təşkilatını təhlil edərkən daha geniş tətbiq olunurdu.

Stiqler həmçinin iqtisadi təlimlər tarixi ilə də bağlı tədqiqatlar aparmışdır.

P.S. CorcStiqler əmlak agentinin yeganə övladı olmuşdur. Onun valideynləri XIX əsrin sonunda Avropadan (atası Almaniyadan, anası Macarıstandan) Amerikaya köçmüşlər. Üç yaşına qədər yalnız almanca ünsiyyət saxlayan Corc ömrü boyu bu dildə səlis danışmışdır. Corc riyazi və statistik tədqiqatlar aparmışdır. Çikaqoda olarkən Stiqlerə elmi rəhbəri – Frenk Nayt və 60 ildən artıq müddətdə yaxın dostu – Milton Fridmen kimi iqtisadçıların böyük təsiri olmuşdur. Ümumiyyətlə, Stiqler üçün Naytın rəhbərliyi altında dissertasiya müdafiə edə bilmək böyük uğur idi. Çünki Naytın Çikaqodakı 28 illik fəaliyyəti zamanı yalnız üç və ya dörd tələbə bunu bacarmışdı. Onun 1946-cı ildə Fridmenlə birlikdə yazdığı “Damlar və ya tavanlar” adlı nəşri kirayə haqqının dövlət tənzimlənməsi haqqında ilk kritik çıxışlardan biri kimi hələ də maraq doğurur.

Stiqler 1963-cü ildə Amerika Statistika Assosiasiyasının üzvü, qurucu üzvlərindən olduğu Mont Pelerin Cəmiyyətinin 1976-1978-ci illərdə prezidenti seçilmişdir.

1982-ci ildə sənaye strukturlarının, bazarların fəaliyyətinin, dövlət tənzimləməsinin səbəb və nəticələrinin innovativ tədqiqatlarına görə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Özünün Nobel mühazirəsində iqtisad elmində “yeni fikirlər bazarının” təhlilində axtarış nəzəriyyəsini qeyd edən Corca görə, əksər iqtisadçılar yeni ideyaların istehsalçısı kimi deyil, yalnız onların istehlakçıları kimi çıxış edirlər. Onların vəzifəsi avtomobil alıcısının vəzifəsinə bənzəyir: etibarlı bir model tapmaq. Əslində, onların işi adətən istifadə olunan və buna görə də sübut edilmiş fikirləri satın almaqla başa çatır. O, 1987-ci ildə Adam Smit mükafatı və Milli Elm Medalı ilə təltif edilmişdir.

Stiqler 1973-cü ildən 1991-ci ilədək, yəni ömrünün sonunadək nüfuzlu iqtisadi jurnal olan “Siyasi İqtisad Jurnalı”nın redaktoru olmuşdur. O, “informasiya iqtisadiyyatı” və “tənzimləyici iqtisadiyyat”ın yaradıcısı, eləcə də iqtisadiyyat və hüququn qarşılıqlı əlaqələrinin öyrənilməsi sahəsində öncüllərdən hesab olunur.

Bir sıra iqtisadçılardan fərqli olaraq, Corc öz əsərlərində riyaziyyatdan istifadədən yayınır, ədəbi üslubu üstün tuturdu. Buna görə də nitqinin və təqdimatlarının aydınlığı ilə tanınırdı. O, həmçinin texniki səriştəsi, erudisiyası və zəkası ilə seçilirdi. Özünəməxsus və iti yumor hissi olan Corc kitab toplamağı sevirdi.

Stiqler tələbə yoldaşı Marqaret Mek ilə ailə qurmuş və onların bu evlilikdən üç oğlu dünyaya gəlmişdir. Onlar birlikdə 45 il yaşamışlar.

Alim 80 yaşında olarkən ürək çatışmazlığından vəfat etmişdir.

Hazırladı: böyük elmi işçi Gülnarə Fətəliyeva