CON MEYNARD KEYNS
- Oxunub 945 dəfə
(1883, Kembric, İngiltərə - 1946, Susseks, İngiltərə)
Əsərləri: “Hindistanın pul tədavülü və maliyyəsi” (1913),“Versal sülh müqaviləsinin iqtisadi nəticələri” (1919), “Ehtimal haqqında traktat” (1921), “Pul islahatı haqqında traktat” (1923), “Azad sahibkarlığın sonu” (1926), “Pul haqqında traktat” (1930), “Məşğulluğun, faizin və pulun ümumi nəzəriyyəsi” (1936)
Con Meynard Keyns radikal düşüncələri ilə iqtisadiyyatda inqilab yaradan britaniyalı iqtisadçıdır. Keynsin iqtisadi təliminin metodoloji əhəmiyyəti ondan ibarətdir ki, o, cəmiyyətdəki bütün iqtisadi hadisələri mikroiqtisadi yanaşma ilə makroiqtisadi təhlil edərək ilk dəfə kapitalist iqtisadiyyatının makroiqtisadi təhlilini vermişdir.
XX əsrin 20-ci illərinin sonu - 30-cu illərinin əvvəllərində kapitalist dünyasını bürümüş böhranlar nəticəsində istehsal olunmuş məhsulların reallaşmaması ilə yanaşı, işsizlik sürətlənmiş, inflyasiya səviyyəsi görünməmiş dərəcədə qalxmışdır. “Böyük tənəzzül”ün əsl səbəblərinin izah edilə bilmədiyi belə bir şəraitdə geniş riyazi və iqtisadi biliyə malik olan Keynsin 1936-cı ildə Londonda dərc etdirmiş olduğu “Məşğulluğun, faizin və pulun ümumi nəzəriyyəsi” əsəri iqtisad elmində böyük inqilab etmiş oldu. Bu əsər ona böyük şöhrət gətirməklə ilk dəfə olaraq Qərbi Avropa ölkələrində, eləcə də ABŞ-da dövlət səviyyəsində iqtisadiyyatın sabitləşməsinin nəzəri-metodoloji əsasını qoydu. O, böhrandan çıxmaq üçün proqram layihəsi irəli sürmüş, 1929-1933-cü illərdə hökm sürmüş böyük depressiyadan xilas yollarını göstərmişdir.
Keynsin iqtisadi fikrinin ən dəyərli cəhəti ondan ibarətdir ki, bazar iqtisadiyyatına özü-özünə tənzimlənən bir mexanizm kimi baxmamış, əksinə onun böhran törədici elementlərlə əhatə olunduğunu sübut etmiş və mütləq dövlət tərəfindən idarə olunması zəruriliyini sübuta yetirmişdir. Bu, “azad bazar” ideyasının “tənzimlənən bazar” ideyası ilə əvəz olunması oldu. Ölkə iqtisadiyyatının artım səviyyəsini və maksimum məşğulluğa nail olunması mənbəyini dövlət müdaxiləsində görən Keyns “səmərəli tələb”in əmələ gəlməsində dövlətin stimullaşdırıcı imkanlarını göstərmişdir. Tələbi stimullaşdırmaq üçün dövlət xərclərini, investisiyanı və dövlət sifarişlərini artırmağı, kredit faizini azaltmağı və gəlirlərin əhalinin ən az təminatlı təbəqəsi və sosial qruplarının mənafeyinə uyğun yenidən bölgüsünü təklif etmişdir. İşsizliyin aradan qaldırılmasına görə hər cür əmək haqqının azaldılması metodlarının əleyhinə çıxmışdır. Müəyyən işsizlik səviyyəsini saxlamaqla, tam məşğulluğun həyata keçirilməsi istiqamətlərini müəyyən etmiş, bununla əlaqədar uzunmüddətli kreditlərin verilməsi sisteminin inkişaf etdirilməsi, yardımların ödənilməsi proqramının işlək mexanizmindən istifadə olunmasını tövsiyə etmişdir.
O, iqtisadi durğunluqla mübarizədə müdaxiləçi pul və maliyyə siyasətlərini müdafiə etmişdir. Keynsçi nəzəriyyədə uzun perspektivdə iqtisadi artımın stimullaşdırılmasının əsas aləti büdcə-vergi siyasəti hesab edilirdi, pul-kredit siyasətinə isə dolayı metod kimi yanaşılırdı.
İnvestitsiyanın artımı ilə gəlirlərin artımı arasındakı birbaşa əlaqənin mahiyyətinin əsaslandırılması Keyns nəzəriyyəsinin ən incə və tutarlı istiqamətlərindəndir. O, istehsalın genişlənməsinin investisiyanın artımı vasitəsilə həyata keçirilməsini zəruri hesab edirdi. Bununla bağlı “investisiya multiplikatoru” kateqoriyasını irəli sürmüşdü. Keyns, mənfəət normasının yüksəldilməsi üçün faiz səviyyəsinin aşağı həddini saxlamaqla, dövlət xərclərini investisiya olunmaq istiqamətində yüksəltmək və bu əsasdan da istehsalın miqyasını və məşğulluğun kəmiyyətini genişləndirmək lazım olduğunu bildirmişdir. İnvestisiyanın artımı milli gəlirin və istehlakın yüksəlməsinə səbəb olur. Keynsin fikrincə, gəlirlərin artması ilə birgə əhalinin istehlakı da artır; bu da tələbin artmasına səbəb olur. İstehlakın artmasının qarşısını alan gəlirin bir hissəsini yığmaq meylidir ki, bu da tarazlığın pozulmasının, böhranlı tənəzzülün, işsizliyin əsas səbəbidir.
Keyns iqtisadi siyasətdə dərin izlər buraxmış bir şəxsiyyətdir. Onun irəli sürdüyü ideyalar XX əsrin iqtisad elmində böyük irəliləyişlər etmiş, 50-60-cı illərdə özünün ən yüksək zirvəsinə çatmış və bir sıra ölkələrin iqtisadi siyasətinin müəyyən edilməsində əvəzsiz rol oynamışdır. O, iqtisadi siyasət sahəsində bir sıra praktiki əhəmiyyətli tövsiyələri ilə də böyük müvəffəqiyyətlər əldə etmişdir.
P.S. Müasir makroiqtisadiyyatın yaradıcısı, görkəmli jurnalist və natiq Con Meynard Keynsin atası məntiq, fəlsəfə və iqtisadiyyatdan dərs demişdir. Kembric şəhərinin ilk qadın meri olan anası isə yazıçı və ictimai xadim kimi tanınırdı. Orta səviyyəli ailədə anadan olan Meynard üç övladdan böyüyü olmuşdur. İntellektual mühitdə böyüyən Keyns o dövrün görkəmli elm nümayəndələri ilə ünsiyyət qurmaq fürsəti əldə etmişdir. On altı yaşında olarkən kitabxanada işlədiyi vaxtda Meynard Keynslərin şəcərə ağacını tərtib etmişdir.
Con müstəsna istedada malik olduğu riyaziyyat üzrə təhsil almış, həmçinin ehtimal nəzəriyyəsi ilə də maraqlanmış, lakin sonunda iqtisadiyyatı seçmişdir. Keyns məşhur iqtisadçı alim Alfred Marşallın mühazirələrini dinləmişdir. Məhz Marşall onu iqtisadiyyat elminə yönləndirmişdir. Meynard, həmçinin Artur Sesil Piqunun tələbəsi və davamçısı olmuşdur.
Fitri istedadı, dərin elmi məntiqi, nəzəri-metodoloji hazırlığı ilə seçilən Keyns alim-iqtisadçılar arasında ilk olaraq Lord titulunu almışdı (1942-ci il). Bu titul ona Londonda parlamentin yuxarı palatasının iclaslarında iştirak etmək huququ verirdi.
Keyns iqtisadçı olmaqla yanaşı, həm də dövlət qulluqçusu kimi də fəaliyyət göstərmişdir. İngiltərə Bankının direktoru vəzifəsini icra etmişdir. 1946-cı ilin martında Beynəlxalq Valyuta Fondunun açılışında iştirak etmişdir.
Keyns ədəbiyyata, eləcə də klassik opera və rəqsə maraq göstərmişdir. O, balet üçün musiqi bəstələmiş və bəstəsi məşhur idi. İqtisadçı 1921-ci ildə Çaykovskinin “Yatmış gözəl” tamaşasında oynayan məşhur rus rəqqasəsi Lidiya Lopuxovaya aşiq olub. 1925-ci ildə Lidiya rus ərindən boşanan kimi onlar ailə qurmuşlar. Xoşbəxt evlilikləri olan cütlüyün övladı olmamışdır.
Kembric Universitetində təhsil almış Keynsin 4 qrup yoldaşı Nobel mükafatı ilə təltif edilmişdir. O, kitab toplamağı sevərdi və “sonuncu kimyaçı” adlandırdığı İsaak Nyutonun orijinal əsərlərini əldə etməyi bacarmışdı. Onun məşhur rəssamların əsərlərindən ibarət kolleksiyası da var idi.
Ucaboylu (198 sm) olan və uğurlu investor olmaqla böyük sərvət toplaya bilən Keyns böyük iqtisadçılar arasında ən zəngini olmuşdur. Gənc yaşlarından fond və əmtəə birjalarında oynamaqla iki milyon dollar sərvət toplaya bilmişdir. 1929-cu ildə birja böhranı zamanı, özü də gözləmədiyi halda, var-dövlətinin böyük hissəsini itirmiş, lakin tezliklə sərvətini bərpa edə bilmişdir. 1946-cı ildə Keynsin investisiya portfeli 400 min funt sterlinq, kitab və incəsənət obyektlərindən ibarət kolleksiyasının dəyəri isə 80 min funt sterlinq həcmində qiymətləndirilirdi. Bu, 2018-ci ildə təxminən 20,5 milyon funt sterlinqə (27,1 milyon dollar) bərabər idi.
Alim hesab edirdi ki, iqtisadiyyat intuitiv olmalı, yəni dünyanı insanların çoxu üçün başa düşülən dildə təsvir etməlidir. O, iqtisadiyyatın həddindən artıq riyaziyyatlaşmasına qarşı çıxırdı.
Con müxtəlif növ debatlarda istedadlı iştirakçı kimi şöhrət qazanmışdı. Keynsin ideyalarını kəskin tənqid edən Fridrix fon Hayek bir neçə dəfə onunla iqtisadiyyatı müzakirə etməkdən imtina etmişdir. Keynslə eyni yaşda olan Yozef Şumpeter, eləcə də Milton Fridmen də onun əsas rəqiblərindən idi.
Deyilənlərə görə, Böyük Depressiyanın başlamasından iki həftə əvvəl Con dünya iqtisadiyyatının davamlı böyümə tendensiyasına başladığını və heç vaxt tənəzzül olmayacağını proqnozlaşdırmışdı. Halbuki Fridrix fon Hayek və Lüdviq fon Mizes depressiyanın baş verəcəyi ehtimalını tənəzzülün başlamasından bir ay əvvəl bildirmişdilər.
Con qadın hüquqlarının tərəfdarı idi. O, həmçinin homoseksuallığa qarşı qanunların islahatı sahəsində açıq təbliğatçı kimi tanınırdı. Gün ərzində bir neçə butulka şampan içən Keynsin ölümündən əvvəl dediyi son sözü “şampan” olmuşdur. O, 62 yaşında ürək tutmasından vəfat etmişdir. Onun ateist olduğu deyilirdi.
Hazırladı: böyük elmi işçi Gülnarə Fətəliyeva