Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

MİLTON FRİDMEN

  • Oxunub 292 dəfə

 (1912, Bruklin, ABŞ – 2006, San-Fransisko, ABŞ)

 Əsərləri: “İstehlak funksiyasının nəzəriyyəsi” (1957), Kapitalizm və azadlıq (1962), 1867-1960-cı illərdə ABŞ-da pul sisteminin formalaşması(1963), “Monetar siyasətin rolu (1967), Dollar və büdcə kəsiri (1968),“Pulun optimal miqdarı və digər oçerklər(1969), “Monetar təhlilin nəzəri əsasları (1972), “Sosial təhlükəsizlik” (1972), “Pul və iqtisadi inkişaf (1973), “Seçim azadlığı (1980), “İqtisadi azadlıq, insan azadlığı, siyasi azadlıq” (1992), “Azad ticarət məsələsi” (1997), Pulun miqdar nəzəriyyəsi” (1998),İki şanslı insan: Xatirələr” (1998)

Milton Fridmen neoliberalizmin bir qolu kimi ABŞ-da formalaşan müasir monetarizmin tanınmış nümayəndəsi olmuşdur. XX əsrin 70-80-ci illərində iqtisadi nəzəriyyənin və iqtisadi siyasətin mərkəzində olan monetarizm antikeynsçi cərəyan olmuşdur.

Fridmen monetarizmin əsas müddəalarını formalaşdırmışdır. Onun fikrincə, iqtisadiyyatın tənzimlənməsini pulun miqdarından və bankların faiz dərəcəsindən asılı olan pul dövriyyəsi vasitəsi ilə həyata keçirmək olar. Bu nəzəriyyəyə görə, bazar iqtisadiyyatı daxilən sabit sistemdir və yalnız azad sahibkarlıq şəraitində tam azadlığa, iqtisadi səmərəyə, bölgüdə bərabərliyə nail olmaq olar. Təsərrüfat düzəlişinin təbii prosesini pozduğu üçün dövlət siyasətində tələbin stimullaşdırılmasından imtina edilirdi. Fridmen hesab edirdi ki, tələbin dövlət tərəfindən tənzimlənməsi bazar qüvvələrini pozur, uzunmüddətli planda isə inflyasiya meyllərinin güclənməsinə aparır.

 Mənfi halların baş vermə səbəbi kimi dövlətin iqtisadiyyata yersiz müdaxiləsi göstərilirdi. Azad sahibkarlığa təhlükə kimi qiymətləndirilən belə müdaxilənin məhdudlaşdırılması istənilirdi. Bazar sisteminə dövlət müdaxiləsi qısamüddətli müsbət nəticə verə bilir. Dövlət tənzimlənməsi pul kütləsinə və pul emissiyasına nəzarətlə məhdudlaşdırılır. Dövlətin vəzifəsi yalnız pul sferasını neytrallaşdırmaq, bazar mexanizminin əlverişli şəraitini təmin etmək, əmtəə bazarını zəruri miqdarda pulla təchiz etməkdir.

Fridmen pul kəmiyyəti nəzəriyyəsini “monetarizm” adlandırmışdı. Pul haqqında nəzəriyyə olan monetarizmdə iqtisadi tarazlığın sabit gedişinin pozulmasının səbəbi səhv pul siyasəti və pul sferasındakı dəyişikliklə əlaqələndirilirdi. Pula bazar iqtisadiyyatının başlıca hərəkətverici qüvvəsi kimi baxılır və iqtisadiyyatın bütün əsas problemlərinə pul tədavülü prizmasından yanaşılır. Fridmen bütün iqtisadi sarsıntıları pul siyasətinin nəticəsi kimi izah edir.

O, qısamüddətli pul siyasətindən uzunmüddətli pul tənzimlənməsinə keçməyi məqsədəuyğun hesab edir. Onun fikrincə, qısa və ortamüddətli dövrlərdə (5-7 il) pullar neytral olmur və iqtisadiyyatda real dəyişikliklərin səbəbi ola bilər. Uzunmüddətli dövrdə isə pullar neytraldır, yəni pul və qiymətlər arasındakı uzunmüddətli mütənasiblik pula tələbin sabitliyinə əsaslanır.

Alimin fikrincə, daimi gəlir istehlakçının həyatı boyunca alacağını gözlədiyi gəlirdir ki, onun da dəyəri fərdi istehlakından, topladığı kapitaldan, eləcə də yaşayış yeri, yaşı, peşəsi, təhsili, irqi, milliyyətindən və s. asılıdır. Müvəqqəti və ya təsadüfi gəlirin mənbəyi isə çox müxtəlif ola bilər: gözlənilməz mirasdan tutmuş kartda uduşa qədər. O hesab edirdi ki, bütün müvəqqəti gəlirlərə qənaət edilir, uzunmüddətli istehlak səviyyəsi isə daimi gəlirlə müəyyən edilir.

Fridmen işsizliyin təbii səviyyəsi anlayışını irəli sürərək qeyd edirdi ki, işsizliyin təbii norması əmək bazarının real təbii şəraitinə uyğun işsizlik səviyyəsidir və onu prinsipcə bazar mexanizmi müəyyən edir. Bu işsizlik özündə əmək bazarı institutlarının doğurduğu bütün işsizlik növlərini birləşdirir. O, işsizliyin təbii normasını yalnız mikroiqtisadi tənzimləmə, yaxud institusional dəyişikliklər yolu ilə azaltmağı mümkün sayırdı. İşsizliyin azaldılması üçün Fridmen iş axtaranlara iş vakansiyaları haqqında məlumat verilməsi, lazımi peşələr üçün yenidən hazırlanmanın aparılmasını vacib sayır, hər cür xeyriyyəçilik fəaliyyətinin, dövlətin yardım proqramlarının aradan qaldırılmasını tələb edirdi.

İqtisadçı inflyasiyaya xalis pul fenomeni kimi baxır və bunu əmtəələrin kəmiyyəti ilə müqayisədə tədavüldə pulun artıqlığı kimi izah edirdi. Dövlət xərcləri pul artıqlığının yaranmasının əsas amili hesab edilirdi.

Fridmen büdcə siyasətinə deyil, pul-kredit və pul siyasətinə mühüm əhəmiyyət verirdi. Onun uzunmüddətli monetar si­ya­sətlə tarazlaşdırılmış “pul qaydaları” ideyasının mahiyyəti ondan ibarətdir ki, dövlət tədavüldə olan pul kütləsinin daim artmasını müdafiə etməlidir. Fridmenin monetar qaydaları tədavüldə olan pul kütləsinin artımına ciddi nəzarət olunmasını (illik 3-5% olmaqla) nəzərdə tutur. Məhz pul kütləsinin belə artımı iqtisadiyyatda işgüzar fəallığı artırır. Onun fikrincə, tədavüldə olan pul kütləsi il ərzində 3-5%-dən çox artdıqda inflyasiya baş verir və özəl sahibkarlığın mexanizmi pozulur, bu, həddən az olduqda isə ümumi milli məhsulun artım sürəti aşağı düşür.

P.S. XX əsrin ən nüfuzlu statistik və iqtisadçılarından hesab olunan Milton Fridmen kasıb fəhlə ailəsində dünyaya gəlmişdir. Yəhudi olan valideynləri yeniyetməlik illərində Amerikaya mühacirət etmişlər. Milton onların dördüncü övladı və yeganə oğlu idi. Orta məktəbin son sinfində oxuyarkən atasını itirən Fridmen anasının himayəsində böyümüşdür. O, ailə üzvləri arasında universitetə qəbul olmuş ilk şəxs idi. Riyaziyyata böyük həvəs göstərənMilton tətbiqi riyaziyyat ilə iqtisadiyyat arasında seçim etməli olarkən ikinciyə üstünlük vermişdir. Buna səbəb isə həmin dövrdə iqtisadiyyatın dərin depressiya vəziyyətində (Böyük Depressiya) olması idi. O, belə geniş yayılmış iqtisadi səfalətin səbəblərini və nəticələrini araşdırmaq istəyirdi. Fridmen Frenk Naytın iqtisadi fikirlərindən təsirlənmişdir.

Alim 1951-ci ildə nailiyyətlərinə görə qırx yaşına qədər olan iqtisadçıların təltif edildiyi Con Beyts Klark medalını almışdır. O, 1967-ci ildə Amerika İqtisadi Assosiasiyasının prezidenti seçilmişdir. 1976-cı ildə istehlak, pul dövriyyəsi tarixinin analizi və pul-kredit nəzəriyyəsinin hazırlaması, həmçinin iqtisadi sabitləşmə siyasətinin qəlizliyinin praktiki nümayişi sahəsində nailiyyətlərinə görə iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. O, 1988-ci ildə Milli Elm Medalını almış, eləcə də Ronald Reyqan onu Prezident Azadlıq medalı ilə təltif etmişdir.

Fridmen 1971-1974-cü illərdə ABŞ prezidenti Riçard Niksonun iqtisadi məsələlər üzrə müşaviri olmuşdur. O, həmçinin 1980-ci ildə prezidentlik kampaniyası zamanı Ronald Reyqanın qeyri-rəsmi müşaviri kimi də çalışmışdır. Alimin “pul qaydaları” ilə bağlı ideyaları respublikaçılardan olan prezident Ronald Reyqanın,Böyük Britaniyada mühafizəkarlardan olan baş nazir Marqaret Tetçerin pul-kredit siyasətinə (reyqanomika və tetçerizm) öz təsirini göstərmişdir.

Fridmen 30 il ərzində işlədiyi Çikaqo Universitetində bir sıra Nobel mükafatı laureatlarını yetişdirən Çikaqo iqtisadiyyat məktəbinin yaradılmasına töhfə vermişdir. Alimin, bu universitetdə onunla birlikdə dərs demiş Corc Cozef Stiqler ilə ömürlük dostluq əlaqələri olmuşdur. Milton bir sıra əsərlərini hələ Çikaqo Universitetində olarkən tanış olduğu, 68 il ərzində həyat yoldaşı olmuş iqtisadçı Rouz Fridmen ilə əməkdaşlıq nəticəsində yazmışdır. Cütlüyün “Seçim azadlığı” adlı kitabı 1980-ci ilin bestselleri olmuşdur. Onların iki övladı dünyaya gəlmiş və oğlu David Fridmen də iqtisadçı kimi valideynlərinin yolunu davam etdirmişdir.

Miltonun müdaxiləçi fikirləri zamanla daha ehtiyatlı xarici siyasətə doğru dəyişmişdir. Belə ki, o, ABŞ-ın İkinci Dünya Müharibəsində iştirakını dəstəkləsə də, Körfəz müharibəsi və İraq müharibəsinə qarşı çıxmışdır.

Fridmen hər iqtisadçı ilə deyil, əsasən Con Meynard Keyns ilə mübahisə etməyi sevirdi. Baxmayaraq ki, həmin vaxt Keyns artıq ölmüşdü. 1960-cı illərdə o, Keyns təlimlərinə əsaslanan iqtisadi siyasətin başlıca rəqibi olmuşdur. Vurğulanmalıdır ki, Keyns XX əsrin birinci yarısının, Fridmen isə ikinci yarısının ən nüfuzlu iqtisadi və ictimai siyasət mütəfəkkiri hesab olunur.

94 yaşında ürək çatışmazlığından vəfat edən Fridmen son ana qədər iqtisadi fəaliyyətlə məşğul olmuş, onun sonuncu yazısı ölümündən bir gün sonra “The Wall Street Journal“da nəşr olunmuşdur. Milton bəzi həmkarlarından nəzərəçarpacaq dərəcədə qısaboylu idi (1,52 metr). O, aqnostik olmuşdur.

Qeyd etmək lazımdır ki, monetarizmin yaradıcısı Fridmen olsa da, bu termin Karl Brunner tərəfindən 1968-ci ildən iqtisad elminə gətirilmişdir.

Hazırladı: böyük elmi işçi Gülnarə Fətəliyeva