PİTER FERDİNAND DRUKER
- Oxunub 460 dəfə
(1909, Vena, Avstriya – 2005, Klermont, ABŞ)
Əsərləri: “İqtisadi insanın sonu: totalitarizmin başlanğıcı” (1939), “Sənaye insanının gələcəyi” (1942), “Korporasiya anlayışı” (1945), “Yeni cəmiyyət” (1950), “İdarəetmə təcrübəsi” (1954), “Texnologiya, idarəetmə və cəmiyyət” (1970), “İnnovasiya və sahibkarlıq: təcrübə və prinsipləri” (1985), “Yeni reallıqlar” (1989), “Postkapitalist cəmiyyəti” (1993), “Biznes nəzəriyyəsi” (1994), “Fəaliyyət göstərən cəmiyyət” (2003)
Piter Ferdinand Druker məşhur amerikalı iqtisadçılardandır. Onun nəzəriyyəsinin əsasında daimi dəyişikliklərlə səciyyələnən yeni informasiya cəmiyyəti haqqında fikirlər dururdu.
Druker idarəetmə, təşkilatçılıq, iş strategiyası, liderliyin inkişafı və işçilərin motivasiya edilməsi məsələlərində biznes qaydalarını dəyişən bir ekspert olmuşdur.
İdarəetmədə desentralizasiya anlayışını tanıtması ilə böyük şöhrət qazanmışdır. O, mərkəzləşdirilmiş idarəetmə modelini tənqid etmiş, məhz şirkətin desentralizasiyası nəticəsində işin keyfiyyətinin yüksəldiyini iddia etmişdir.
İqtisadçı müəssisələrin iki əsas funksiyasının olduğunu vurğulayırdı: marketinq və innovasiya. Digər funksiyaların hamısı bu ikisi üçündür. Bu ikisi qazancdır – gətirir; digərləri – xərcdir, aparır. O hesab edirdi ki, marketinqin məqsədi mənfəət əldə etmək deyil, satış üçün səy göstərmək, müştərini tanımaq və anlamaq, istehlakçını təmin etməkdir. Yalnız bu zaman müştəriyə uyğunlaşan, özü özünü satan məhsul istehsal edilə bilər.
Drukerin innovasiya iqtisadiyyatı və sahibkarlıqla bağlı fikirləri diqqət çəkir. O, sahibkarlıq nəzəriyyəsinin inkişafına sanballı töhfələr vermişdir. İqtisadçı istehsal amillərinin birləşdirilməsinin, özü də innovasiyalardan hərtərəfli istifadə etməklə birləşdirilməsinin sahibkarların mühüm vəzifəsi olması fikrini irəli sürürdü. Onun fikrincə, sahibkar dedikdə – özünün yeni xüsusi kiçik biznesini açan şəxs başa düşülür. Ancaq bu zamanda hər biznes sahibkarlıq sayıla bilməz. Yalnız yeni bazar yaradanlar, yeni alıcılar formalaşdıranlar sahibkar hesab edilməlidir. Druker həm də hesab edirdi ki, sahibkarlığı nə elmə, nə də incəsənətə aid etmək olar. Bu, konkret praktik fəaliyyətdir. Əlbəttə, sahibkarlığın öz biliklər bazası vardır, bu, məqsədlərə çatmaq üçün vasitədir. İqtisadçının fikrincə, sahibkarlığı öyrətmək lazımdır. Onun rəyinə görə, sahibkarlıq dəyişiklikləri tamamilə normal və təbii hal sayan iqtisadi və sosial nəzəriyyələrə əsaslanır. Elə məhz yeni ideyalar “sahibkar” termininin semantik əsasını təşkil edir. Sahibkarı fərqləndirən onun innovasiyalı təfəkkürüdür.
1950-ci illərin sonlarında işlətdiyi “bilik işçisi” anlayışı o vaxtlardan bəri biznesin bir çox sahələrində əqli əməyin əhəmiyyətini artırmışdır. İqtisadçı işçilərin potensial xərc deyil, sərmayə olduğunu qeyd edirdi. O hesab edirdi ki, bilikli işçilər müasir iqtisadiyyatın əsas komponenti, müəssisənin isə ən əhəmiyyətli resursudur.
Piter idarəetmə fəaliyyətinin uğur əldə etmək üçün bilinməsi vacib olan beş praktik elementini müəyyən etmişdir: vaxta görə planlaşdırma, idarəetmənin yenidən təşkilinin əsaslı proqramının hazırlanması, maksimum səmərəliliyə nail olunması üçün qüvvələrin səfərbərliyinin yeri və üsullarının müəyyən edilməsi, hədəflərin düzgün seçimi, optimal qərarların qəbulu prosesində elementlərin rasional kombinasiyası. Onun fikrincə, idarəetmə fəaliyyətində ağıl, təxəyyül və bilik yalnız professional biliklə birləşdikdə nəticə verə bilər.
Druker iqtisadi tərəqqi və sosial harmoniyanın yaradıla bilməsinə inanırdı.
P.S. Avstriya mənşəli amerikalı alim, iqtisadçı, yazıçı, pedaqoq Piter Druker XX əsrdə menecment sahəsində ən nüfuzlu nəzəriyyəçilərindən biri olmuşdur. O, həmçinin müasir menecmentin banisi sayılır.
Druker Vyanada protestant ailəsində dünyaya gəlmiş və yeniyetməlik illərini burada keçirmişdir. Valideynlərinin hər ikisi yəhudi əsilli idi. Anası tibb təhsili almış, atası isə hüquqşünas və yüksək rütbəli dövlət qulluqçusu olmuşdur. Piter ziyalıların, yüksək vəzifəli məmurların və elm adamlarının yeni ideyaları müzakirə etmək üçün bir araya gəldiyi evdə böyüyüb. Yozef Şumpeter, Fridrix Avqust fon Hayek və Lüdviq fon Mizes kimi məşhur iqtisadçılar, Ziqmund Freyd Drukerlər ailəsinin müntəzəm qonaqları olmuşlar. Piterə erkən yaşlarından bu məclislərdə iştirak etməyə icazə verilmişdi. Sonralar o, "bu, əslində mənim təhsilim idi" deyirdi.
Drukerin iqtisadi fikirlərinin formalaşmasına (xüsusilə də, innovasiya və sahibkarlıqla bağlı) atasının dostu olan Avstriyalı iqtisadçı Şumpeterin böyük təsiri olmuşdur.
Piter1920-ci illərdə Almaniyaya köçmüş, Hamburq və Frankfurtda (Höte Universitetində) təhsil almışdır. Hamburqda əvvəlcə tanınmış pambıq ticarəti şirkətində köməkçi olmuş, sonra jurnalist kimi çalışmış, “Avstriyalı iqtisadçı” jurnalı üçün yazılar yazmış və redaktor vəzifəsinə qədər yüksəlmişdir. İstedadlı yazıçı kimi tanınan Piterə İnformasiya Nazirliyində iş təklif olunur. Nasistlərin hakimiyyətə gəlməsini nifrətlə müşahidə edən Druker nasizmi pisləyən “Almaniyada yəhudi məsələsi” adlı fəlsəfi esse yazır. Onun bu əsəri faşistlər tərəfindən yandırılmış və qadağan edilmişdir. 1933-cü ildə Adolf Hitler hakimiyyətə gələndə faşist rejimindən qaçıb İngiltərəyə gedən Druker Londonda sığorta şirkətində, sonra isə özəl bankda baş iqtisadçı vəzifəsində işləmişdir. Kembricdə o, Con Meynard Keynsin mühazirələrini dinləmişdir. Bu dövrdə Frankfurt Universitetindən tanışı olduğu Doris Şmitzlə yenidən bir araya gəlmiş və 1934-cü ildə evlənmişlər. Onların dörd övladı dünyaya gəlmişdir. 1937-ci ildə alim ABŞ-a köçmüş və bir neçə il sonra ABŞ vətəndaşlığını almışdır.
Drukerə ABŞ, Belçika, Böyük Britaniya, İspaniya, Çexiya, Yaponiya və İsveçrə kimi ölkələrin müxtəlif universitetlərinin 25 fəxri doktoru dərəcəsi verilmişdir. ABŞ Prezidenti Corc Buş 2002-ci ildə Drukeri Prezident Azadlıq medalı ilə təltif etmişdir. O, həmçinin Yaponiya və Avstriya hökumətlərindən də mükafatlar almışdır.
Piter məhsuldar yazıçı idi; 1939-cu ildən başlayaraq 36 dilə tərcümə edilmiş 39 kitab (onlardan ikisi romandır) və yüzlərlə məqalə yazmışdır. İqtisadçı ömrünün sonunadək professional fəaliyyətini davam etdirmişdir. Son dərsini isə 92 yaşında olarkən demişdir. 90 yaşlarında belə biznes və qeyri-kommersiya təşkilatlarında məsləhətçi kimi fəaliyyət göstərməyə davam etmişdir. General Electric, Coca-Cola, IBM və Intel də daxil olmaqla bir çox böyük korporasiyalarla işləmişdir.
Alim 96-cı doğum gününə bir neçə gün qalmış təbii səbəblərdən dünyasını dəyişmişdir. Onun həyat yoldaşı Doris 103 yaşında vəfat etmişdir.
Drukerin katibi yox idi, bütün məktublara və müraciətlərə özü cavab verirdi. O, mütaliəyə çox vaxt ayırır və xüsusilə də, ingilis yazıçısı Ceyn Ostinin əsərlərindən ilham alırdı. Uzun karyerası boyunca müxtəlif maraqlara sahib olan Piter alpinizmlə məşğul olmuşdur. İqtisadçı həmçinin menecment mövzusunda səkkiz seriyalı maarifləndirici filmə də çəkilmişdir.
Onun əsərləri dünyada geniş tanınır, hələ də böyük tirajla çap olunur və bir çox universitet və biznes məktəblərdə müasir biznes nəzəriyyəsinin öyrənilməsi üçün əsas mənbə kimi xidmət edir.
Hazırladı: böyük elmi işçi Gülnarə Fətəliyeva