Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

UOLT UİTMEN ROSTOU

  • Oxunub 331 dəfə

 (1916, Nyu-York, ABŞ – 2003, Ostin, ABŞ)

 Əsərləri:İqtisadi artım prosesi”(1952),İqtisadi artımın mərhələləri. Qeyri-Kommunist manifesti” (1960), “Amerika Birləşmiş Ştatları dünya arenasında” (1960), “Siyasət və artım mərhələləri” (1971), “Hər şey necə başladı: müasir iqtisadiyyatın mənşəyi” (1975), “Dünya iqtisadiyyatı: tarix və perspektiv” (1978), “Niyə yoxsullar zənginləşir, amma sərvət zəif artır” (1980)

Uolt Rostou XX əsrin məşhur amerikalı alimlərindən olmuşdur. O, 50-ci illərin sonunda “iqtisadi artımın mərhələləri” nəzəriyyəsini irəli sürmüş və göstərmişdir ki, “artım mərhələləri” qarşılıqlı əlaqədə olan müxtəlif amillərlə müəyyən olunur. Buraya aşağıdakı sxemi daxil edirdi: iqtisadi artım istehsal və texnikadan başlayaraq siyasi, ideoloji və psixoloji amilləri əhatə edir. İnkişafın səviyyəsini o, sənaye, texnika, bütövlükdə təsərrüfat, elm, kapitalın milli gəlirdə yığım hissəsilə əlaqələndirirdi. Lakin iqtisadi inkişafın bu mühüm göstəricilərini sosial-iqtisadi münasibətlərdən (mülkiyyət formalarından) ayırırdı. O, eyni zamanda cəmiyyətin sinfi bölgüsünü professional əmək bölgüsü ilə əvəz edirdi.

Rostou “iqtisadi dəyişiklikləri” insanların qeyri-iqtisadi nəticələrdən (aqibətlərdən) əl çəkməsi ilə əlaqələndirir və göstərirdi ki, insanlar subyektiv seçimlər və qərarlar qəbul edərək iqtisadi dəyişikliklər yaratmışlar. Bir mərhələnin digəri ilə əvəz olunması iqtisadiyyatın aparıcı bölməsinin təsirilə olmuş, bu proses zamanı bir çox sahələr yüksək templə inkişaf etmiş və nəticədə, yığım normasının səviyyəsi də daxil olmaqla xalq təsərrüfatının artmasına səbəb olmuşdur.

Rostouya görə, iki tip cəmiyyət mövcud olmuşdur: “ənənəvi” (kapitalizmə qədər) və sənaye cəmiyyəti (industrial kapitalizm). Lakin tarixi inkişaf iqtisadi artımın beş mərhələsi ilə xarakterizə olunur: 1. ənənəvi cəmiyyət; 2. irəliləyişin ilk mərhələsinə hazırlıq, yəni “keçid cəmiyyəti”; 3. irəliləyiş mərhələsi və sənayenin inkişafına keçid; 4. sənaye cəmiyyəti, o, buraya nümunə kimi “ingilis-amerika” cəmiyyətini daxil edir; 5. kütləvi istehlak cəmiyyəti.

İqtisadçı bu cəmiyyətlərin xüsusiyyətlərini belə xarakterizə edirdi: ənənəvi cəmiyyət kənd təsərrüfatının hakim mövqe tutmasına və əmək məhsuldarlığının aşağı səviyyəsinə əsaslanır. Bu mərhələdə o, yığım üçün maddi əsas görmür. Keçid cəmiyyəti və irəliləyiş mərhələsi ciddi olaraq bir-birindən fərqlənmirlər. Lakin bu mərhələlərin hər birində əmək məhsuldarlığı artır, kənd təsərrüfatı dağılır, istehsal infrastrukturları (yollar, nəqliyyat tikililəri və s.) yaranır.

Nəhayət sənaye inqilabı baş verir, istehsal metodları radikal olaraq dəyişir. Uolt göstərirdi ki, ilkin vaxtlarda yığım norması milli gəlirdə, məsələn, 5% idisə, sənaye inqilabı onu 10%-ə çatdırır. “Sənaye cəmiyyəti” onunla xarakterizə olunur ki, yığım norması milli gəlirdə 20%-ə çatır. Sənaye cəmiyyətlərində həlledici rolu iri maşınlı sənaye, xüsusilə ağır sənaye sahələri oynayır.

Rostou yazırdı ki, cəmiyyət “yetkin texnika” səviyyəsinə çatdıqda kütləvi istehlak mərhələsinə daxil olur. Çünki bu mərhələdə cəmiyyətin istehsal potensialı millətin istehlakına xidmət edir, istehsal sahələri uzun müddət istehlak oluna biləcək məhsullar istehsal edir.

1970-ci illərdə Rostou yeni bir konsepsiya ilə – iqtisadi artımın altıncı mərhələsi nəzəriyyəsi ilə çıxış etmişdir. Altıncı mərhələ dedikdə, “keyfiyyətli həyat axtarışlarını”, aparıcı rol oynayan xidmət sferasını nəzərdə tuturdu. O hesab edirdi ki, heç bir ölkə bu mərhələləri ardıcıl olmadan və ya başqa bir qaydada keçə bilməz. İnkişaf yolu dünyanın bütün ölkələri üçün eyni olsa da, mərhələlərin keçidi az və ya çox dərəcədə fərdi xarakter daşıyır, belə ki, müxtəlif ölkələrdə mərhələlərin keçid tempi çox fərqlənə bilər. İnkişafdan geri qalan ölkələr qabaqcıl ölkələrin təcrübəsini götürür və həmin ölkələrə çatmaq və hətta onları ötmək şansını əldə edir. Məsələn, baxmayaraq ki, ABŞ-da sənayenin inkişafına keçid mərhələsi Böyük Britaniya ilə müqayisədə yarım əsr sonra baş verib, amma yüksək kütləvi istehlak mərhələsinə ABŞ Birləşmiş Krallıqdan bir neçə onillik öncə çatmışdır. Alimin fikrincə, inkişaf etmiş ölkələr iqtisadi artım mərhələlərinin keçidini sürətləndirmək üçün geridə qalmış ölkələrə kömək etməlidir.

P.S. Amerikalı iqtisadçı və siyasi mütəfəkkir Uolt RostouRusiyadan ABŞ-a mühacirət etmiş yəhudi ailəsində anadan olmuşdur. 1886-cı ildə Odessa yaxınlığındakı Orexov şəhərində anadan olan atası Viktor Rostovski yeniyetmə yaşlarında Rusiya sosialist hərəkatında iştirak etmiş, valideynlərinin evinin zirzəmisində imperator II Nikolayın devrilməsinə çağıran solçu qəzet nəşr etdirmişdir. 18 yaşında Viktor gəmi ilə Odessadan Qlazqoya, sonra Nyu Yorka getmişdir. ABŞ-a gəldikdən sonra Rostovski soyadını Rostou olaraq “amerikanlaşdırmışdır”. Burada o, rus yəhudi mühaciri olan, intellektual, istedadlı Lillian Helmanla evlənmiş və onların üç oğlu dünyaya gəlmişdir. Fəal sosialist olan valideynlər oğullarına məşhur amerikalı mütəfəkkirlərin adını vermişlər. Məsələn, Uoltun adını tanınmış amerikalı şair və jurnalist Uolter Uitmenin şərəfinə qoymuşlar. Ailəsinin kasıb olması səbəbindən özü ali təhsil ala bilməyən Lillian oğullarını istədiyi ali təhsili almağa təşviq etmişdir. Bir çox digər yəhudi mühacirlərindən fərqli olaraq, Viktor uşaqları ilə həmişə Yidiş dilində deyil, ingilis dilində danışırdı və bunun onların həyat şanslarını artıracağını düşünürdü.

Son dərəcə ağıllı olan Uolt orta məktəbi 15 yaşında yüksək akademik nəticələrlə bitirmiş və universitetə daxil olmuşdur. O, uşaqlıq çağlarını xoşbəxt keçirmişdir, yeganə qaranlıq məqamlar onun və qardaşlarının bəzən sinif yoldaşları tərəfindən “çirkli yəhudilər” adlandırılması idi.

II Dünya Müharibəsi illərində Strateji Xidmətlər İdarəsində çalışan və tezliklə mayor rütbəsinə yüksələn Rostou ABŞ tərəfindən icrası nəzərdə tutulan bombardman üçün hədəflərin seçilməsində iştirak etmişdir. Ümumiyyətlə, o, strateji bombardmanın qızğın tərəfdarı idi.

1943-cü ilin yanvarında Almaniyanın müharibə iqtisadiyyatını dəstəkləyən əsas sənaye sahələrinin müəyyən edilməsi tapşırığını almış Uolt kəşfiyyat analitiki olaraq neftin Almaniyanın “Axilles dabanı” olduğuna əmin olduqdan sonra “Neft Planı” kimi tanınan strategiya irəli sürmüşdür. Bu plan 1944-cü ilin mayında Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirilmişdir. Sonradan bunu fəlakətli səhv adlandıran Rostou iddia edirdi ki, “Neft Planı” daha əvvəl qəbul edilsəydi, nəinki müharibədə daha tez qalib gəlmək olardı, hətta bu, ABŞ ordusuna Mərkəzi Avropanın dərinliklərinə və eləcə də, Şərqi Avropaya doğru irəliləməyə imkan verərdi.

O, prezident Duayt Devid Eyzenhauer və senator Con Kennedinin çıxışlarının hazırlanmasında  iştirak etmişdir. Kennedinin öldürülməsindən sonra 1966-1969-cu illərdə  ABŞ prezidenti Lindon Beynz Consonun Milli Təhlükəsizlik məsələləri üzrə xüsusi köməkçisi kimi xidmət göstərmişdir. Qatı anti-kommunist baxışları ilə seçilən və kapitalizm tərəfdarı olan Rostou ABŞ-ın Vyetnamla müharibəyə cəlb olunmasına güclü dəstək vermişdir. Müharibədə qalibiyyətə əmin olan iqtisadçının uğursuz siyasəti Consonun prezidentliyinin sona çatmasında mühüm rol oynamışdır. Uolt bu müharibə ilə bağlı fikirlərinə və hərəkətlərinə görə heç vaxt peşman olmamış və üzr istəməmişdir. Tutduğu bu mövqe səbəbindən dövlət qulluğundan təqaüdə çıxdıqdan sonra Amerikanın ən yaxşı universitetlərindəki işindən kənarlaşdırılmış və Vyetnam müharibəsini dəhşətli bir səhv hesab edən amerikalı liberal ziyalılar arasında qeyri-populyar fiqura çevrilmişdi.

Alim 1945-ci ildə Britaniya İmperiyasının ordeni ilə, 1969-cu ildə Prezident Azadlıq medalı ilə təltif edilmişdir. O, Amerika İncəsənət və Elmlər Akademiyasının (1957) və Amerika Fəlsəfə Cəmiyyətinin (1983) üzvü seçilmişdir.

Rostou postindustrial cəmiyyət nəzəriyyəsini işləyənlərdən biri olmuş, bu cəmiyyətin  formalaşmasını tədqiq etmişdir. Marksistlər Rostounun iqtisadi artım mərhələləri ilə bağlı nəzəriyyəsini texnoloji determinizmlə əlaqədar tənqid etmişlər, bəzi iqtisadçılar da onun konsepsiyasının çox spekulyativ olduğunu deyərək buna şübhə ilə yanaşmışlar.

 Hazırladı: böyük elmi işçi Gülnarə Fətəliyeva