MİXAL ABRAMOVİÇ KALETSKİ
- Oxunub 252 dəfə
(1899, Lodz, Polşa –1970, Varşava, Polşa)
Əsərləri: “Xarici ticarət və yerli ixrac haqqında” (1933),“Biznes tsikl nəzəriyyəsi” (1937),“Əmtəə, gəlir və kapital vergisi nəzəriyyəsi” (1937),“İqtisadi dalğalanmalar nəzəriyyəsi” (1939),“Mənfəət nəzəriyyəsi” (1942), “Xərclər və qiymətlər” (1943), “Tam məşğulluğun siyasi aspektləri” (1943), “İqtisadi dinamika nəzəriyyəsi” (1956), “Artım nəzəriyyəsi ilə bağlı müşahidələr” (1962), “Kapitalizmin transformasiyasının son mərhələsi” (1972)
Dünya şöhrətli alim Mixal Kaletskinin iqtisadi fikirlərinin post-keynsçilik iqtisadi doktrinasının formalaşmasına əhəmiyyətli təsiri olmuşdur. O, öz əsərlərində makroiqtisadiyyatın mikroiqtisadi əsaslarını yaratmışdır. Ondan əvvəl iqtisadi nəzəriyyənin bu iki bölməsi bir-birindən ayrı şəkildə təhlil edilirdi; mikroiqtisadiyyat ilə ənənəvi olaraq neoklassiklər, makroiqtisadiyyatla isə keynsçilər məşğul olurdu.
Ənənəvi klassik-neoklassik yanaşmaya əsaslanaraq Kaletski nəzəriyyəsinin əsasında qiymət əmələgəlmə konsepsiyası dayanırdı. Onun fikrincə, qiymət bazarda təklif və tələbin toqquşması nəticəsində müəyyən edilir. Bu halda xərclər hazır məhsulun qiymətini, tələb isə amillərin qiymətini müəyyən edir. Qısa zaman kəsiyində istehsal amillərinin təklifi məhdud və qeyri-elastikdir. Buna görə də, bazar tələb dəyişikliyinə təklifin həcmi və malların istehsalı ilə deyil, qiymət dəyişikliyi ilə cavab verir. Bundan belə nəticəyə gəlinir ki, qısa zaman kəsiyində istehsal amillərinin qiymətləri yalnız onlara olan tələb ilə müəyyən edilir.
Hazır məhsul bazarı baxımından bu mənzərə əhəmiyyətli dərəcədə fərqlidir. Belə ki, hazır məhsulların təklifi hətta qısa zaman intervalında elastikdir, çünki real iqtisadiyyat istehsal güclərinin və işsizliyin azalması şəraitində fəaliyyət göstərir. Nəticədə tələb artanda təklifin adekvat artımı üçün həmişə ehtiyat vardır. Buna görə də, hazır məhsulların qiymətləri nisbətən sabitdir, bazar tənzimlənməsi isə təklifin həcminin manipulyasiyası hesabına əldə edilir. Vəziyyət yalnız istehsal güclərinin tam istifadəsinin müşahidə olunduğu bum tsiklik mərhələsində dəyişə bilər.
Kaletski inhisar tərəfindən qiymətlərə təsir dərəcəsini göstərərək qeyd edirdi ki, bu təsir nə qədər böyükdürsə, onda qiymət istehsal xərclərindən bir o qədər çox fərqlənir və orta mənfəətə daha böyük inhisar mənfəəti əlavə edilir. Onun fikrincə, müəyyən bir dərəcədə inhisar səviyyəsi dövri mərhələlərin təsiri altında tərəddüd edir. Tənəzzül zamanı o, mənfəəti qorumaq üçün inhisarın taktikası nəticəsi kimi artır, bum dövründə isə azalır. İnhisarçılıq dərəcəsinin dəyişilməsinin digər bir səbəbi də həmkarlar ittifaqlarının gücüdür. Birinci və ikinci səbəblər arasında tərs mütənasib asılılıq müşahidə olunur. Beləliklə, Kaletskinin qiymət nəzəriyyəsi belə bir faktdan irəli gəlir ki, qiymət əmələgəlməsi prosesinin əsasında marjinal xərclər dayanmır, əksinə qiymət belə bir sxem əsasında müəyyən edilir: xərclər üstəgəl sahənin inhisarçılıq dərəcəsindən asılı olaraq formalaşan mənfəətli “əlavə”.
Kaletski özünün sahibkarlıq kapitalı nəzəriyyəsində göstərirdi ki, şirkətin böyüməsinə mane olan əsas səbəb müəssisə kapitalının miqdarıdır. O qeyd edirdi ki, firmanın ölçüsünün müəssisənin kapital mövcudluğu ilə məhdudlaşdırılması kapitalist sistemin əsl mahiyyətini təşkil edir. İqtisadçıya görə, sahibkarın ortaya çıxması üçün ən vacib şərt sahibkarlıq bacarıqları deyil, kapital mülkiyyətidir. Müəssisə kapitalı əsasında firma müəyyən investisiya siyasətini həyata keçirir. Bu, əvvəlcədən hazırlanmış investisiya qərarlarına əsaslanır. Burada Kaletski investisiya siyasətinin maddi əsaslarına – investisiya sifarişlərinə diqqət yetirir. Beləliklə də, o, investisiya siyasətini təhlil edərkən, Keynsdən fərqli olaraq əsas diqqəti kredit faizlərinə deyil, yığıma yönəldir. Şirkətin yığımının ölçüsü firmanın ölçüsünə görə mütənasib olduğundan, Kaletski belə qənaətə gəlirdi ki, ümumi investisiyaların artımı yalnız iqtisadiyyatda böyük firmaların olduğu təqdirdə mümkündür. Çünki ölkənin iqtisadi artımının əsasında kiçik deyil, məhz böyük biznes dayanır. Bu fikirlər Kaletskinin elmi yaradıcılığı boyunca məşğul olduğu investisiya nəzəriyyəsinin əsasını təşkil etmişdir.
P.S. Polşalı marksist iqtisadçıvə statistik Mixal Kaletskikasıb yəhudi ailəsində dünyaya gəlmişdir. Onun ilk illəri haqqında məlumat çox azdır, onların bir hissəsi nasist işğalı zamanı itmişdir. 1917-ci ildə inşaat mühəndisliyi ixtisası üzrə təhsil almaq üçün Varşava Politexnik İnstitutuna daxil olmuşdur. Çox bacarıqlı tələbə olan Mixal Paskal teoremini ümumiləşdirmişdir. Atasına məxsus olan kiçik toxuculuq emalatxanası əllərindən çıxdığı üçün Kaletski mühasib işləməli olmuşdur. Varşavadakı ilk ilində o, fərqli işlərdə işləmişdir. Təhsilinin birinci ilini bitirdikdən sonra hərbi xidməti başa vurmaq üçün (1918-1921-ci illərdə) təhsilini yarımçıq qoymuşdur. Əsgərlikdən qayıtdıqdan sonra Qdansk Politexnik İnstitutuna daxil olan Kaletski ailəsinin maddi durumuna görə təhsilini bitirməzdən əvvəl institutu tərk etməli olmuşdur. İstilik elektrik stansiyalarında işləmişdir. İqtisadi məsələlərlə müstəqil şəkildə məşğul olmuşdur. Onun iqtisadi fikirlərinin formalaşmasına marksizm və sol keynsçilik təsir etmişdir. İqtisadçı statistik tədqiqatlar da daxil olmaqla müxtəlif əsərlər yazmış, həm də iqtisadi jurnalistika ilə məşğul olmuşdur. Bəzi yazılarını Henrik Braun təxəllüsü ilə dərc etdirmişdir.
1929-cu ildə Varşavada Biznes Tsikllər və Qiymətlər İnstitutunda tədqiqatçı vəzifəsinə müraciət edən Mixal statistik məlumatlardan istifadə bacarığına görə işə düzələ bilmiş və orada yeddi il çalışmışdır. 1930-cu ildə Ada Şternfeld adlı xanımla evlənmişdir. 1937-ci ildə Kembricdə olduğu dövrdə, Varşavadakı köhnə rəhbəri işdən çıxarılmış, Kaletski buna etiraz olaraq istefa vermiş və İngiltərədə qalma müddətini uzatmışdı. Yəhudi əsilli və sosialist meyllərinin olması səbəbindən iqtisadçı Nasistlər tərəfindən işğal olunmuş Polşada uzun müddət sağ qala bilməyəcəkdi. 1940-cı ildə o, yeni yaradılmış Oksford Statistika İnstitutuna işə götürülmüş və II Dünya Müharibəsi boyu orada qalmışdır. 1947-ci ildə Nyu Yorkda BMT Katibliyinə qatılana qədər bir neçə il sərgərdan gəzməli olmuşdur. Mixal 1955-ci ildə Polşaya qayıtmış və Varşava İnstitutunda vəzifəsini bərpa etmişdir.
Kaletski Con Meynard Keynsdən asılı olmayaraq iqtisadi tədqiqatlarında onunla bir çox oxşar nəticələrə gəlmişdir. O, riyazi modelləri və statistik məlumatları iqtisadi məsələlərə tətbiq edən ilk makroiqtisadçılardan biri idi. Baxışlarında solçu olan siyasi iqtisadçı iqtisadi siyasətin sosial aspektləri və nəticələrini vurğulamışdır. Alim Polşa, Fransa, Kuba, İsrail, Meksika və Hindistan hökumətlərinin iqtisadi müşaviri olmuşdur. Əsərlərinin əsasən polşa və fransız dilində yazılması onların geniş yayılmamasına səbəb olmuşdur.
Maddi çətinliklər səbəbindən ali təhsili yarımçıq qalmış Mixal iqtisadiyyat üzrə də heç vaxt elmi dərəcə almamışdır. O, 1970-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatı üçün namizəd olmuş, lakin elə həmin ildə ürək tutmasından vəfat etmişdir. Kaletski “XX əsrin ən görkəmli və orijinal iqtisadçılarından biri” adlandırılmışdır.
Hazırladı: böyük elmi işçi Gülnarə Fətəliyeva