RAQNAR ANTON KİTTİL FRİŞ
- Oxunub 327 dəfə
(1895, Oslo, Norveç – 1973, Oslo, Norveç)
Əsərləri: “Təmiz iqtisadiyyatın problemi haqqında” (1926),“İqtisadi nəzəriyyənin qanunlarının kəmiyyət formulası” (1926),“İlkin investisiya və təkrar investisiya arasında əlaqə” (1927), “Statistik dəyişənlərdə korrelyasiya və paylanma” (1929), “İqtisadi nəzəriyyədə statika və dinamika” (1929), “İstehsal nəzəriyyəsi” (1965), “Müasir dünyada ekonometrika” (1970)
Raqnar Friş çağdaş iqtisadiyyatın formalaşmasında mühüm rol oynamış iqtisadçılardan biridir. O, müasir elm kimi iqtisadiyyatın qurucularından hesab olunur.
İqtisadiyyat elmində riyazi istiqamətin tərəfdarı olan Friş bu elm sahəsini dəqiq elmə çevirməyə çalışmış, iqtisadiyyatın riyazi izahı mövzusunda tədqiqatlar aparmışdır. O, ekonometrikanın, iqtisadi-riyazi təhlil metodologiyasının (faydalılıq funksiyası və istehsal funksiyasının ölçülməsi, indekslərin qurulması və s.) inkişafına töhfələr vermişdir. Ekonometrikanı iqtisadi nəzəriyyə, statistika və riyaziyyatın sintezi kimi müəyyən etmişdir. Friş ekonometrikanı iqtisadi nəzəriyyə və empirik tədqiqatlara konkret ədədi materialın tətbiqini ifadə etmək üçün əsaslandırmışdır. Bu termin altında o, “iqtisadi-riyazi üsullar” anlayışı ilə birləşən elmi fənlər kompleksini başa düşürdü. Onun əsas aləti iqtisadi-riyazi model, vəzifəsi isə riyazi statistika metodlarından istifadə etməklə empirik material üzərində qurulmuş iqtisadi nəzəriyyələrin yoxlanılması idi. Ekonometrikanın əsas bölmələrinə o, iqtisadi artım nəzəriyyəsi, istehsal funksiyası nəzəriyyəsi, tələb və təklifin təhlilini daxil edirdi.
Friş makro və mikroiqtisadi təhlilin əhatə dairəsini fərqləndirmiş ilk şəxslərdən olmuşdur. Mikroiqtisadiyyat dedikdə – fərdi təsərrüfat subyektlərinin davranış sahəsini, makroiqtisadiyyat dedikdə isə vahid milli iqtisadiyyat çərçivəsində fəaliyyət sahəsini nəzərdə tuturdu.
Raqnarın iqtisadi tsikllərlə bağlı apardığı tədqiqatlar çağdaş klassik konyuktura tsiklləri nəzəriyyəsinin bünövrəsini təşkil edir. Özünün tsiklin dinamik makroiqtisadi modelində akselerasiya prinsipini istifadə etmişdir. O, milli gəlirin artması və onun səbəb olduğu kapital qoyuluşları arasındakı əlaqəyə təsir göstərə bilən “akselerator prinsipi”ni əsaslandırmış və ətraflı şərh etmişdir. İqtisadi artım üçün bu göstərici inkişafın artması effekti – “akselerasiya” deməkdir. Belə akselerator göstərir ki, investisiya və gəlir səviyyəsində dəyişikliklər özünügücləndirən ola bilər, yəni, gəlir səviyyəsinin yüksək olması investisiyaların artmasına səbəb ola bilər. Kapital qoyuluşlarına ayrılan milli gəlirin payı nə qədər böyük olarsa, milli gəlir özü daha sürətlə böyüyər və onun daha çox hissəsi yeni investisiyalara ayrıla bilər. Əgər cari ilin kapital qoyuluşlarının mütləq həcmi məlumdursa, onda akseleratordan istifadə etməklə növbəti il üçün milli gəlirin artımının həcmini müəyyən etmək olar.
Friş depressiyaya uğramış iqtisadiyyatda qeyri-kafi tələbin sahibkarlarda investisiya yatırımına maraq doğurmadığı vaxtda istehsalın bərpası nəzəriyyəsini inkişaf etdirmişdir. Bu konsepsiyada müasir planlaşdırma nəzəriyyəsinin bir çox elementləri öz əksini tapmışdır.
1926-cı ildə onun istehlak nəzəriyyəsi yeni valrasian riyazi tədqiqatının bünövrəsini qoymuşdur. İqtisadçı istehlakçı tələbi nəzəriyyəsinə yeni yanaşma gətirmiş və ona fərdin davranışlarını öyrənən iqtisad elminin bir qolu kimi baxmışdır. O, az sayda aksiomlardan riyazi nəticələr əldə etmişdir. Bu aksiomlar əldə etdikləri faydalılığı (yəni, onların istək və ehtiyaclarını tam təmin etmək bacarığı) artırmağa çalışan istehlakçıların davranışını xarakterizə edirdi. Məsələn, o göstərmişdir ki, maksimallaşdırma funksiyası müəyyən riyazi xüsusiyyətlərə malikdir və eksperimental yoxlamaya tətbiq edilə bilər.
Həmçinin 1965-ci ildə istehsal nəzəriyyəsini formalaşdırmışdır. Friş öz metodunun köməyi ilə istehsalçıların və firmaların davranışını nəzərdə tutan istehsal funksiyasını yeni şəkildə izah etmişdir. O, istehsal funksiyasını əldə edilən məlumatların təhlili üçün statistik metodlardan istifadə etməklə istehsal prosesinin öyrənilməsi prosesində empirik şəkildə qurmuşdur.
İqtisadi proqramlaşdırma məsələlərinə böyük diqqət yetirən Frişin təklif etdiyi iqtisadi inkişaf metodları və modelləri, həmçinin milli hesabların yaradılması prinsipləri Norveçin və digər ölkələrin büdcə, statistika orqanlarının fəaliyyətində geniş tətbiqini tapmışdır.
P.S. Tanınmış norveçli iqtisadçı Raqnar Frişin ailəsi XVII əsrdə Almaniyadan Norveçə köçmüşdür. Bu ailə ən azı 300 il gümüş və qızıl kimi qiymətli metallarla işləmişdir. Ailənin yeganə oğul övladı olan Raqnarın da bu biznesi davam etdirməsi gözlənilirdi. O, məktəbi bitirdikdən sonra atasının zərgərlik firmasında köməkçi olaraq işləmiş, lakin bununla bərabər ustalığa yüksələnə qədər anasının məsləhəti ilə iqtisadiyyat ixtisası üzrə də təhsil almışdır. Onun iqtisadiyyatı seçməsinin bir səbəbi də bu elmə “öyrənilməsi ən qısa və asan olan fənn” kimi yanaşması idi. Ustalığa yüksəldikdən sonra atasının zərgərlik firmasında şərik kimi fəaliyyətə başlamışdır. Fransa və İngiltərədə iqtisadiyyat və riyaziyyat üzrə biliklərini artırmışdır. Rokfeller Fondunun təqaüdü ilə ABŞ-a səfər edərkən İrvinq Fişer, Uesli Kler Mitçell və Henri Şults kimi iqtisadçılarla yaxın əlaqələr qurmuşdur.
Friş bir çox mükafat və fəxri fərmanlara sahib idi. 1969-cu ildə ilk dəfə olaraq İqtisadiyyat üzrə Nobel mükafatı ilə təltif edilmişdir. İqtisadi proseslərin analizi üçün dinamik modellərin hazırlanması və tətbiqinə görə bu mükafata Yan Tinbergenlə birlikdə layiq görülmüşdür. O, xəstəliyi səbəbindən mükafatlandırma mərasiminə qatıla bilməmişdir. Raqnar Şumpeter Mükafatı, İtaliya Milli Elmlər Akademiyasının Antonio Feltrinelli Mükafatını da almışdır.
Alim Oslo Universitetində İqtisadiyyat İnstitutunu qurmuş, həmin qurumun ilk direktoru olmuş və təqaüdə çıxana qədər bu vəzifəni yerinə yetirmişdir. Friş həmçinin hökumətin iqtisadi planlaşdırma və milli gəlirin uçotu məsələlərində ekonometrik modelləşdirmənin tətbiqinə kömək etmişdir. Bu yolla da bir çox akademik təlim keçmiş iqtisadçıların əsas dövlət qulluğu vəzifələrinə daxil olmasına köməklik etmişdir. O, Misir və Hindistan da daxil olmaqla inkişaf etməkdə olan ölkələrdə iqtisadi ekspert kimi işləmişdir.
Raqnar Amerika İncəsənət və Elmlər Akademiyasının, Amerika İqtisadi Birliyinin, Amerika Fəlsəfə Cəmiyyətinin və İngiltərə Kral Statistika Cəmiyyətinin üzvü olmuşdur. Eləcə də Ekonometrika Cəmiyyətinin qurucularından biri olmuş və 20 ildən çox “Ekonometrika” jurnalının redaktoru vəzifəsində çalışmışdır. Bu jurnalda əvvəlki beş ildə dərc edilmiş ən yaxşı məqaləyə görə hər iki ildən bir alimin şərəfinə adlandırılan Friş medalı verilir.
1933-cü ildə elmi ədəbiyyata makroiqtisadiyyat və mikroiqtisadiyyat terminlərini daxil etmişdir. O, həmçinin ekonometrika termininin də müəllifidir. Bazarda malların qiymətinə təsir edə bilməyən çoxlu sayda nisbətən kiçik alıcı və satıcıların olmasını ifadə edən polipoliya sözü də ona məxsusdur.
İqtisadçı iki dəfə ailə həyatı qurmuşdur. İlk həyat yoldaşı Mari Smedalın vəfatından sonra uşaqlıq dostu Astrid Yohannessenlə evlənmişdir. Onun birinci izdivacından bir qızı dünyaya gəlmişdir.
Norveçin faşist Almaniyası tərəfindən işğalı zamanı Raqnar yəhudi olduğuna və nasizmə nifrət etdiyinə görə bir il müddətində həbsdə yatmalı olmuşdur. Frişin ən böyük hobbisi 57 il məşğul olduğu arıçılıq idi; arıların keyfiyyətini yüksəltmək üçün o, genetik və statistik tədqiqatlar aparmışdır. Alim açıq havada gəzinti və alpinizmi də sevirdi.
Uzun illər boyunca Friş yeganə dünya şöhrətli norveçli iqtisadçı kimi tanınmış və Norveç iqtisadiyyatının atası hesab olunmuşdur. Məqalə və kitablarının böyük populyarlığına və geniş yayılmasına baxmayaraq, işlərini dərc etdirməkdə istəksizliyi onun özünəməxsus cəhətlərindən idi. Raqnar müsahibələrindən birində həyatda qazandığı uğurlar, əldə etdiyi nailiyyətlərə görə Rəbbinə minnətdar olduğunu vurğulamışdır.
Hazırladı: böyük elmi işçi, i.f.d. Gülnarə Fətəliyeva