YAN TİNBERGEN
- Oxunub 310 dəfə
(1903, Haaqa, Hollandiya - 1994, Haaqa, Hollandiya)
Əsərləri: “Ekonometrika” (1941), “İqtisadi siyasət nəzəriyyəsi” (1952), “İqtisadi siyasət: prinsipləri və məqsədi” (1956), “İqtisadi artımın riyazi modelləri” (1967), “Biznes tsikllərin dinamikası: İqtisadi dalğalanmaların tədqiqi” (1974), “Gəlir bölgüsü: təhlil və siyasət” (1975), “Beynəlxalq iqtisadi qaydaya yenidən baxılması” (1980), “Müharibə və rifah. Təhlükəsizlik siyasətinin sosial-iqtisadi siyasətə inteqrasiyası” (1988)
Holland iqtisadçısı Yan Tinbergen XX əsrin ən nüfuzlu tədqiqatçılarından hesab olunur. O, makroiqtisadi siyasətin məqsədini texnologiyanın və resursların məhdudiyyətlərini nəzərə alaraq sosial rifahın maksimallaşdırılması kimi görürdü.
Tinbergen hörümçək toru modelinin müəlliflərdən biridir. Bu model müəyyən malların istehsalında və qiymətlərində müntəzəm tsiklik dalğalanmaları izah edir. Hörümçək toru modeli mükəmməl rəqabət şəraitində qiymətlərin tələb və təklifin dəyişkənliyi əsasında müəyyən edildiyini nümayiş etdirir. Qısa saxlanma müddəti olan malların istehsalı və qiymətləri tarazlıq xaricində mütləq ona qayıtmır. Müəyyən edilmiş bazar qiymətinə əsaslanaraq istehsalçı gələcək bir müddət ərzində bazara çıxarmağa hazır olduğu məhsulların həcmi barədə qərar verir. Cari yüksək qiymətlə istehsalçı, istehsal dövrünün sonunda malların bazara çatdırılması üçün istehsalın artırılmasına çalışır. Bu halda bazar vəziyyəti istehsal dövrü ərzində istehsalçının gecikməsi ilə xarakterizə olunur. Çünki gələcəkdə çatdırılması nəzərdə tutulmuş istehsal həcmi üzrə qərarların qəbulu cari qiymətlərə əsaslanır.
Tinbergen o dövrdə riyaziyyat (statistika) və iqtisadiyyatı birləşdirən azsaylı iqtisadçılardan biri idi. Bunun praktiki məqsədi milli iqtisadiyyatın inkişaf istiqamətlərini proqnozlaşdırmaq və planlaşdırma üçün hökumətə faydalı məlumatlar vermək idi.
Biznes tsikl nəzəriyyəsinin statistik yoxlanılması Yanın elmə ikinci böyük töhfəsi olmuşdur. O, 1936-cı ildə statistik vasitələrdən istifadə etməklə kompleks sistem şəklində Hollandiya iqtisadiyyatının modelini qurmuşdu. İlk makroekonometrik model 50-dən çox dəyişən ilə müxtəlif prosesləri təsvir edən 27 bərabərliyi özündə birləşdirirdi.
Alim daha sonra ABŞ üçün 48 fərqli tənlik şəklində tam makroiqtisadi model qurmuşdu. Model I Dünya Müharibəsinin sonu ilə Böyük Depressiyanın başlanğıcı arasındakı dövrdə Amerika iqtisadiyyatının müxtəlif bölmələri arasındakı qarşılıqlı əlaqəni göstərirdi. İqtisadi tsiklin səbəblərinin araşdırılması ilə bağlı bir çox iqtisadçılar məşğul olsa da, məhz Tinbergen ilk dəfə tsikli tək fenomen kimi deyil, kəmiyyət baxımından bir-birindən asılı olan dəyişənlərin tam dinamik modeli kimi təhlil etmişdir. Bunun üçün o, çoxsaylı reqressiya statistikasını hazırlamışdır.
Tinbergen ilk dəfə olaraq tədqiqatında xarici ticarətin cazibə modelindən istifadə etmişdir. İqtisadçı bu modeldə bir ölkədən digər ölkəyə ixracın həcminin 3 dəyişənlə əlaqəli olduğunu qeyd etmişdir. Bunlara ixrac edən ölkənin ÜDM-i, idxal edən ölkənin ÜDM-i və iki ölkə arasındakı coğrafi məsafəni aid etmişdir.
Alim əsas tədqiqat proqramına fərdi gəlirlərin bölüşdürülməsi nəzəriyyəsini daxil etmişdir. Raqnar Frişin investisiya və gəlirdəki dəyişikliklərin bir-birini gücləndirdiyi ideyasına əsaslanan akselerasiya prinsipindən fərqli olaraq, Tinbergen mənfəət səviyyəsini özəl investisiyaları müəyyənləşdirən əsas amil adlandırmışdır.
“Tinbergen qaydası” – hökumətlərin bir çox siyasət məqsədlərinə nail olmaq istədikləri təqdirdə bir o qədər də çox siyasət alətindən istifadə etmələrini ifadə edir.
P.S. Hollandiyalı iqtisadçı, statistik Yan Tinbergen ailədə beş uşaqdan ən böyüyü idi. Onun atası orta məktəb müəllimi, dilçi, anası isə ibtidai sinif müəllimi olmuşdur. Yanın elmi araşdırmalara marağı intellektual mühitli ailəsində formalaşmışdır. Belə ki, valideynləri uşaqlarının öyrənməsinə və inkişafına çox vaxt və diqqət ayırırdılar. Yan ibtidai məktəbi “ən yaxşı şagird” olduğunu göstərən sertifikatla bitirmişdir. O, kiçik yaşlarından riyaziyyat və təbiət elmlərinə maraq göstərmişdir. Tinbergen ali təhsilini fizika üzrə almış və Albert Eynşteyn də daxil olmaqla professorlarla müzakirələrdə iştirak etmişdir. Təhsilini davam etdirərək, fizika üzrə doktorluq dərəcəsinə yiyələnmişdir. Universitetdə olarkən Yan tələbə qəzetini təsis etmiş və eyni zamanda tələbələr üçün sosial-demokrat klubu yaratmışdı.
Sonradan maraqları iqtisadiyyat sahəsinə yönəlmişdir. Bunun başlıca səbəblərindən biri hələ o erkən yaşlarında olarkən I Dünya Müharibəsinin dəhşətlərindən, qismən də valideynləri tərəfindən qəbul edilən belçikalı və avstriyalı qaçqın uşaqların taleyindən, yerli əhalinin yaşadığı yoxsulluq şəraitindən çox təsirlənməsi idi. Bu kimi sosial bəlalara qarşı mübarizə aparmaq məqsədilə iqtisadçı olmaq qərarına gəlmişdir. Yan bununla cəmiyyətə daha çox töhfə verəcəyini düşünürdü. Alimin bu fikirdən daşındırılması ilə bağlı olan cəhdlərə baxmayaraq, onun əsas diqqət mərkəzində iqtisadiyyat elmi olmuşdur.
Ordu sıralarına çağırıldığı zaman Yan hərbi xidmətdən imtina etmiş və alternativ xidmət üçün Rotterdam həbsxana rəhbərliyində işə göndərilmişdir. Onun iki qardaşı zoologiya üzrə məşhur alim, onlardan biri – Nikolas Fiziologiya və Tibb üzrə Nobel mükafatı laureatı olmuşdur.
Yan hörümçək toru modelini ilk dəfə 1930-cu ildə amerikalı iqtisadçı Henri Şults və italyan iqtisadçısı Umberto Riçi ilə paralel olaraq təsvir etmişdir. Modelin adı isə 1934-cü ildə amerikalı iqtisadçı Nikolas Kaldor tərəfindən irəli sürülüb. O, bunu qiymət dəyişikliklərini əks etdirən əyrilər qrafikinin hörümçək torları əmələ gətirməsi ilə izah etmişdir.
Tinbergen Raqnar Friş və İrvinq Fişer ilə birlikdə ekonometrikanın (iqtisadi sistemləri təsvir etmək üçün statistikadan istifadə edilməsi) yaradıcılarından sayılır. O, 1947-ci ildə Ekonometrika Cəmiyyətinin prezidenti olmuşdur. 1966-1975-ci illərdə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Planlaşdırma Komissiyasına rəhbərlik etmişdir. Yan Çili, Suriya, İraq, Liviya və s. kimi bir sıra inkişaf etməkdə olan ölkələrin hökumətlərinin iqtisadi müşaviri kimi də fəaliyyət göstərmişdir.
O, uzun müddət yaxından əməkdaşlıq etdiyi Raqnar Friş ilə birlikdə 1969-cu ildə iqtisadiyyat sahəsində ilk Nobel mükafatçısı olmuşdur. Onlar bu mükafat ilə iqtisadi proseslərin təhlili üçün dinamik modellərin yaradılması və tətbiqinə görə təltif edilmişdir.
Tinbergenin Con Meynard Keyns ilə 1939-cu ildə “İqtisadiyyat jurnalı”nda Keynsin “Professor Tinbergenin metodu” adlı məqaləsi ilə başlayan və müxtəlif müəlliflərin də bir sıra məqalələri ilə davam edən müzakirəsi məşhurdur. Bu diskussiyada gənc Milton Fridmen də iştirak etmişdir.
Yan həyatı boyunca sosial ədalətin humanist ideallarına sadiq qalmışdır. Hələ gənclik illərindən sosial məsələlərə güclü maraq göstərmişdir. Ömrünün son 20 ilini qlobal dünya problemlərinin həlli yollarının tapılmasına və cəmiyyətin optimal iqtisadi sisteminin qurulmasına yönəltmişdir. O, silah yarışı, ərzaq, xammal və enerji çatışmazlığı, ekoloji vəziyyət, zəngin və kasıb ölkələr arasında yaşayış səviyyəsindəki fərq və s. kimi qlobal sosial və iqtisadi məsələlərə həsr olunmuş hesabatın hazırlanması üzrə komissiyanın işinə rəhbərlik etmişdir. “Üçüncü dünya” termini iqtisadçı tərəfindən elmi dövriyyəyə daxil edilmişdir.
Yan ordu zabitinin qızı, uşaqlıq dostu Tina de Vit ilə ailə qurmuş və onların dörd qızı dünyaya gəlmişdir. Alim 91 yaşında dünyasını dəyişmişdir. Dəfn mərasimində qohumlarının iştirak etdiyi Tinbergenin ölümü barədə ictimaiyyətə yalnız beş gün sonra məlumat verilmişdir.
Alim idmanın heç bir növünü və avtomobilləri sevmir, işə avtobus və ya tramvayla gedirdi. İqtisadçının dillərə marağı böyük idi. Həyat yoldaşı ilə bölüşdüyü və valideynlərindən miras qalmış dilçiliyin onun üçün ən maraqlı hissəsi – müqayisəli hissəsi, yəni eyni sözün fərqli dillərdə fərqli mənalarını müqayisə etmək idi. Dünyanın bir çox yerlərində işlədiyi insanlarla daha yaxşı ünsiyyət qurmaq üçün bir çox dilləri öyrənmişdi. O, rəsm çəkməyi də sevirdi.
Tinbergen öz nailiyyətlərini bütün dünyaya reklam etməyən təvazökar, mülayim insan idi. Alim heç vaxt həmkarlarını tənqid etmirdi. Onun kurslarını seçdiyi üçün tələbələrinə təşəkkür edirdi. Amerikalı iqtisadçı Pol Samuelson Tinbergeni “yumşaq qəlbli, müqəddəs humanist insan” kimi təsvir etmişdir.
Hazırladı: aparıcı elmi işçi, i.f.d. Gülnarə Fətəliyeva